Xomeyniçilik şiəliyə qarşı: "İrana ibadət"ə dəvət edən siyasi ideologiya

      Xomeyniçilik şiəliyə qarşı:    "İrana ibadət"ə dəvət edən siyasi ideologiya
  11 Noyabr 2022    Oxunub:2679
İslamın şiə məzhəbi və Xomeyniçilik: bu iki məfhum bir-birinin davamı, bir-birinə bağlı görünsə də, daha doğrusu, bizə - bütün şiə dünyasına bu formada təqdim edilsə də, gerçək başqa, həm də dəhşətlidir.
• İran nə İslamın, nə də İslamın şiə məzhəbinin təməl prinsiplərinə uyğun olmayan yeni dini-siyasi cərəyan formlaşdırdı;
• Bəndə Allah və onun müqəddəs kitabı Quranla eyni cərgəyə qaldırılaraq, ilahiləşdirildi;
• Şiəliyin siyasiləşdirildiyi yeni dini cərəyan – Xomeyniçilik Kərbəla müsibətini də, Əhli-Beyt eşqini də ürəklərdən ciblərə endirərək, siyasi, bir çox hallarda da biznes maraqlarının alətinə çevirdi;

Və bütün bu siyasətin təməlində İranın imperiya maraqları, regional və geosiyasi proseslərdə gücə çevrilmək hədəfləri dayanır. Bunu 1979-cu ildən sonra baş verənlərdə görmək mümkündür.

“İslam İnqilabı” adı verilən hakimiyyət dəyişikliyi hadisələrinə qədər nəzəriyyə olaraq meydana çıxmış Xomeyniçiliyin 1979-cu ildə - hakimiyyətin ələ alınmasından sonra regionun böyük şiə kəsimi üzərində “hakim din” olaraq qəbul etdirilməsi cəhdləri bu gün də davam edir və burada hədəf bəllidir: regionun, mümkün olarsa, İslam dünyasının İranın imperiya çətiri altına toplanması.

“İslam İnqilab”ından sonra baş verənləri molla rejiminin siyasəti fonunda analiz etdikdə də Xomeynçiliyin şiəlik olmadığı, şiə məzhəbinin təməllərini istismar edən və müsəlmanların yox, bir ölkənin maraqlarına xidmət edən siyasi-dini cərəyan olduğu nəticəsi ortaya çıxır.

“Allah, Quran, Xomeyni” ideologiyası ilə fani insanı Yaradan və onun kitabından sonra üçüncü cərgəyə qoyaraq ilahiləşdirən İran (bu ölkədə Xomeyninin həyatı Quranla bərabər məktəblərdə dini vəsait olaraq tədris olunur) bununla dini kəsimin inancını istismar etdiyi kimi, bunun davamı olaraq, regionda siyasi hakimiyyəti ələ almaq üçün “Allahu Əkbər, Xomeyni rəhbər” şüarını-prinsipini irəli sürür.

İranın dini müdaxiləsi, şiəliyin istismarı ilə inanclı insanları “öz nağıllarına” inandıraraq, milli dövlətlərin suverenliyinə din üzərindən hücumların edilməsinin təməlində də “şiələrin müdafiəsi” yox, məhz Xomeynçilik dayanır.

Bunun ispatını bir sualın cavab axtarışı üzərindən tapmaq mümkündür: “Xomeyni ilahi şəxsdirmi”, “Xomeyniçilik Allaha, yoxsa İrana ibadəti buyurur?”.

“Böyük Şeytan”ın göndərdiyi adam

İranda 1979-cu il “İslam inqilabı” ilə vaxtilə Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Hərçənd, dünyanın siyasi sistemində Xomeyninin hansısa məxfi razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüşü mümkünsüz idi və burada onun Vaşinqtonla məxfi yazışmaları yada düşür.

Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir ilahi qüvvənin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyi aydın görünür. Nə qədər gizlətmək istəsələr də, tarix Ruhullah Xomeyninin “Allahın elçisi”, yaxud “Yer üzərindəki canişini” ideologiyasının sadəcə İranın inanclı insanları ələ almaq üçün ucuz təbliğatından başqa bir şey olmadığının şahididir.

İnqilabdan sonra İranın ABŞ-a qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov alınması Vaşinqtonla Xomeyninin məxfi yazılaşmaları fonunda fikirləri qarışdırır, ortaya suallar çıxarır. Bununla bağlı iki mümkün versiya var:
- Məxfi razılaşma: inqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə atdığı bütün addımların İranın yolunun açılması ilə nəticələnməsi bu fikri gücləndirir;
- Siyasi gediş: Xomeyni əvvəlcə amerikalıları inandırdı, daha sonra razılaşmanı pozdu.

Hər iki fikr üzərindən müzakirələr açmaq olar, lakin bu məsələdə bir aksioma var: Xomeyni Allahın yox, Qərbin göndərdiyi adamdır.

1970-ci illərdə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən Şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi. Xomeyninin hakimiyyətə gələndən sonra İranda, xüsusilə Cənubi Azərbaycanda sol hərəkatının məhv edilməsi də diqqəti bu istiqamətə çəkir. Faktlar deməyə əsas verir ki, siyasi planlarda bir fiqur kimi Xomeyninin missiyası həm kommunizmin yayılmasının qarşısını almaq, həm də İslam dünyasında parçalanmanı dərinləşdirmək idi.

Ruhullah Xomeyni necə “İmam Xomeyni” oldu?

Ruhullah Xomeyni İrana qayıdanda onun Həzrət Əliyə bənzədilməsi prosesi başlandı. Bu, təkcə kütlənin eyforiyası yox, həm də şüurlu gediş idi. 1978-ci ildə Xomeyninin böyük oğlu Mustafa Nəcəfdə qətlə yetirilir, Xomeyninin tərəfdarları bu qətlin Şah tərəfindən həyata keçirildiyini iddia edərək, Qumda etirazlara başlayırlar. Proseslərin sonu inqilab və Xomeyninin lider olaraq Tehrana gəlişi ilə nəticələndi. Dini təbliğat da belə quruldu: Həzrət Əlinin oğlu İmam Hüseyn Kərbəlada qətlə yetirildi və bu, İslam tarixində inqilabın simvoluna çevrildi, Xomeyninin oğlu da qətlə yetiriləndən sonra İranda inqilab başlandı. Yəni Həzrət Əli və Xomeyni övladı qətlə yetirilən ata statusunda göstərildi.

Xomeyninin imam olması (burada imam camaatın önündə namaz qıldıran statusunda yox, İmamət mərtəbəsinə yüksələn kimi qəbul edilir) isə “Vilayəti-Fəqih” nəzəriyyəsinin nəticəsidir. Xomeyninin Nəcəfdə dərs deyərkən irəli sürdüyü bu nəzəriyyə şiəliyin cəfərilik qolunda siyasi idarəçiliyin yeni üslubu fikrinə əsaslanır, hərçənd, şiə din alimləri tərəfindən qəbul edilmir. Xomeyni iddia edirdi ki, 12-ci imam (Mehdi) qeybdə olduğu üçün müctəhidlər (dini məsələlərdə hökm verənlər) onun naibləridir və bu naiblər Mehdi zühur edənə qədər siyasi hakimiyyəti onun təmsilçisi olaraq idarə edə bilərlər.

Mehdinin zühuru haqqında bütün səmavi dinlərin hədis ədəbiyyatında bəhs edilir, lakin Xomeyninin irəli sürdüyü nəzəriyyə siyasi Olimpə yüksəlmək üçün ortaya atılmış ideya idi. O, iddia edirdi ki, “Vilayəti-Fəqih” Mehdinin səlahiyyətli nümayəndəsidir və onun zühuruna qədər dini rəhbərin bütün əmrləri yerinə yetirilməlidir, çünki bu, əmrlər əslində qeybdəki imamın əmrləridir. Hətta İranda Xomeyninin Mehdi ilə gizlində görüşdüyü haqqında rəvayətlər də uydurulurdu, əslində bu dini kəsimin hisləri üzərindən “mütləq hakimiyyətin” qurulması məqsədinə xidmət edirdi. Daha sonra əfsanələr bir qədər də şişirdilərək, Xomeyninin əslində Mehdinin özü olduğu iddiaları da ortaya atıldı.

Xomeyninin bu nəzəriyyəsində bəhailiyə də istinadlar var. XIX əsrin ortalarında İranda meydana gələn Bəhailik də Mehdinin tezliklə zühur edəcəyini iddia edirdi. Bəhailərin lideri Şeyx Əhməd Əhsainin fikrincə, Mehdi gələcək və Yer üzündə ədaləti bərpa edəcək, lakin onun hakimiyyəti siyasi yox, ruhani olacaq. İranda ciddi təqiblərə məruz qalan bəhailiyə inqilabdan sonra da Xomeyni tərəfindən daha sərt cəzalarla üzləşdi. Eyni təqib bu gün də davam edir.

Hərçənd, sual yaranır: Xomeyninin “Vilayəti-Fəqih” ideologiyası bəhailik ideologiyasının siyasi davamıdırsa, onlara qarşı “əcinnə ovu” niyə həyata keçirilir?
Bu sualın sadə cavabı var. Mehdilik ideologiyasına əsaslanan bəhailər ruhani hakimiyyətin tərəfdarıdırlar və bu, Xomeyninin dini ideologiyanın siyasiləşdirilməsi planına uyğun gəlmirdi.

Eyni hücumlar təkcə bəhailiyə qarşı yox, dünyəvi dövlət modelini dəstəkləyən bütün şiə liderlərinə qarşı də həyata keçirildi.

Şiələrə ölüm, yaşasın Xomeyniçilik

Xomeyni hakimiyyətə gələn kimi ilk hədəfi İslam inqilabında rol oynamış, lakin dünyəvi dövlət ideologiyasını dəstəkləyən dini liderlər oldu. Azərbaycanlı din xadimi Ayətullah Şəriətmədarinin yaşadığı müsibətlər bunun bariz nümunəsidir. Xomeyninin “Vilayəti-Fəqih” nəzəriyyəsini dəstəkləməyən Şəriətmədarinin Qumdakı evi ələ keçirildi, özü ev dustaqlığına məhkum edildi. Xərçəng xəstəsi olan Şəriətmədarinin müalicə olunmasına icazə verilmədi, nəticədə xəstəlikdən dünyasını dəyişdi. Hətta Xomeyni vaxtilə ona müəllimlik etmiş Şəriətmədarinin İslam qaydalarına uyğun dəfninə də icazə vermədi. Şəriətmədarinin timsalında Cənubi Azərbaycanda 10 minlərlə insan məhkəmə hökmü olmadan edam edildi, yüzminlərlə insan həbsxanalara atıldı və sürgün olundu. 1980-ci ildə SEPAH-ın Cənubi Azərbaycana tanklarla girişi və törətdikləri özünü “Mehdinin naibi” elan edən Xomeyninin siyasi hakimiyyət uğrunda nələr edə biləcəyini göstərdi. Cənubi Azərbaycanda törədilənlər həm sol hərəkatının məhv edilməsi, həm də dinin dövlətdən ayrı tutulması ideyasını dəstəkləyən, bununla da Xomeyninin “siyasi şiəlik” planlarına mane olanların “dəfn edilməsi” idi.

Böyük şiə din alimi Əbülqasim Xoyi də Şəriətmədarinin taleyini yaşadı, sadəcə olaraq, o, İraqa sürgün olunduğu və 1992-ci ildə ölümünə qədər orada sağ qala bildiyi üçün daha şanslı idi. Xoyinin günahı hələ Xomeyni Nəcəfdə olarkən irəli sürdüyü “Vilayəti-Fəqih” nəzəriyyəsinə qarşı çıxması olmuşdu. Onun oğlu Əbdülməcid Xoyi 2003-cü ildə Səddamın devrilməsindən sonra İraqda Xomeyninin əsas gücü olan Sədr ailəsi tərəfindən, daha dəqiq desək, Müqtəda Sədr tərəfindən qətlə yetirildi. Həmin vaxt Xomeyni vəfat etmiş, yerini Xamneyi tutmuşdu, lakin Xomeyniçilik artıq İranın siyasətində əsas ideologiya idi və Xamneyi sələfinin yolunu davam etdirirdi.

Müqtəda Sədr Əbdülməcidin qətlindən sonra Səddam dövründə İrana köçən və 9 il Tehranda yaşamış Nuri əl-Malikini hakimiyyətə gətirdi. Bu, Xomeyninin 8 illik müharibədə əsas məqsədi olan İraqa hakim olmaq planının onun ölümündən sonra həyata keçirilməsi idi. İraqa nəzarət şiələrin müqəddəs məkanları olan Nəcəf və Kərbəlaya nəzarət etmək, bu müqəddəs məkanlar üzərindən həm siyasi, həm biznes maraqlarının həyata keçirilməsi deməkdir. İran bu məqsədi uğrunda milyonlarla şiənin ölümü ilə nəticələnən 8 illik müharibə apardı. Əbdülməcidin qətli də buna hesablanmışdı, çünki müharibəyə rəğmən Səddamın dövründə istədiyini alma bilməmişdi, Səddamdan sonra Əbdülməcidin hakimiyyətə gəlmək imkanı mümkün ssenari kimi görünürdü və İran buna imkan verməzdi. 2003-cü ildə Əbdülməcid kimi Məhəmməd Bakir al Hakimi də Xomeyniçiliyə təhdid kimi göründüyü üçün eyni taleyi yaşadı.

Beləliklə, Xomeyniçilik cərəyanının yayılmasına potensial maneə olaraq gördükləri şiə dünyasının nüfuzlu din alimləri və şəxsləri bir-bir sıradan çıxarıldı və İranın imperiya maraqlarının şiəlik kimi ixracı genişləndirildi.

Şiə dünyasına qarşı “parçala və hökm et” siyasəti

İranın regionda siyasi hədəfləri uğrunda əsas ideologiyaya çevirdiyi Xomeyniçilik nəzəriyyəsi nə qədər şiəliyə istinad etsə də, əslində bu məzhəbin parçalanmasına xidmət edib. İnqilabdan sonra İranda “Vilayəti-Fəqih”i dəstəkləməyən 100 mindən çox şiəni qətl edən “ölüm maşını” sərhədləri də aşdı.

• Xomeyninin siyasi hakimiyyətinin regionda qəbul etdirmək məqsədinə xidmət edən 8 illik İran-İraq müharibəsi 1 milyondan çox şiənin ölümünə səbəb oldu.
• 1980-ci ildə Xomeyniçilik ideologiyası Livana ayaq açdı, onun davamçıları şiələrin birliyi olan “Amal”a qarşı çıxmağa başladılar. Həmin dövrdə İran istəyinə tam nail ola bilmədiyi üçün 1985-ci ildə “Hizbullah”ı yaratdı və beləliklə Livandakı şiələr parçalandı. Bu parçalanma günümüzdə də davam edir.
• İran Əfqanıstanda da şiə birliyinin dağılmasında birbaşa rol oynayıb. Xomeyni hakimiyyətə gələndən sonra Əfqanıstanda onun ideologiyasını qəbul etməyən “xəzər şiə”lərinə (qızılbaşlar) qarşı solçu “Maoist” qrupunu dəstəklədi. Bu gün İran Əfqanıstanda mövcud olan “Liva Fatimiyun” qrupuna dəstək verməklə, “xəzər şiələri”nin fiziki təqibi həyata keçirir.

İran Xomeyniçiliyin “hakim din” olması üçün Suriya, Yəmən və Bəhreyndə də şiələri parçalamaq, vətəndaş müharibəsi yaratmaq ssenarilərini həyata keçirir.

Azərbaycan: İran şiələrə qarşı Yezid rolunda

I və II Qarabağ müharibəsi Xomeyniçiliyin şiəliyə heç bir bağlılığının olmadığını, əksinə İranın siyasi maraqlarına xidmət edən “yeni din” olaraq meydana çıxdığını çılpaqlığı ilə ortaya çıxardı.

Birinci Qarabağ müharibəsində “Azərbaycana saqqız, Ermənistana silah” göndərən İran İkinci Qarabağ müharibəsi və sonrasında siyasi xislətinə sadiq qalaraq, “Azərbaycana dua, Ermənistana PUA” göndərir, məscidlərdə donuz saxlayan, müsəlmanlara qarşı soyqırımı həyata keçirən Ermənistanı açıq mətnlə dəstəkləyir, erməni maraqları naminə Azərbaycana - əhalisinin böyük hissəsi şiə olan bir ölkəyə müxtəlif yollarda hücuma keçir.

Burada Yaxın Şərq üzrə məşhur ekspert, İranşünas Əmir Taherinin “İran bidəti” adlı məqaləsi yada düşür.
“İranda mövcud olan rejim şiəlikdən uzaq olan Xomeyniçilik ideologiyasına əsaslanır. Xomeyniçiliyin hədəfi ondan ibarətdir ki, şiələr parçalanmış olaraq qalmalıdır. Belə olanda onlar Tehrandan asılı olacaq. Xomeyniçiliklə şiəliyin fərqli olduğu Azərbaycana münasibətdə daha aydın şəkildə görünür”, - Əmir Taheri yazırdı.

Faktlar təsdiq edir ki, Xomeyniçilik şiələrə “parçala və hökm et” prinsipi üzərindən yanaşır: regionun şiə əhalisi üz-üzə qoyulur; xomeyniçiliyi – İranın maraqlarını qəbul edənlər “əsl iman gətirənlər”, digərləri “dindən çıxmışlar” olaraq bölünür; hədəf bütün regionda İrana xidmət edən dini kəsimin formalaşdırılması və xomeyniçiliyin “hakim din” olacağı gücün yaradılmasıdır;

Nə Kərbəla, nə İmam Hüseyn...

İranın Xomeyniçiliyə əsaslanan xarici siyasət doktrinasına nəzər yetirdikdə də bütün məsələnin nə Kərbəla müsibəti, nə Əhli-beyt eşqi, nə də şiəlik olduğu aydın olur, bütün məsələ İranın imperiya maraqlarıdır və bu məqsəd uğrunda din də, şiəlik də, inanclar da qurban verilir.

Tədqiqatçılar İran imperiyasının yaradılmasına əsaslanan və Xomeyniçilik üzərində qurulan doktrinanı əsasən 3 hissəyə bölürlər:

• “İslam İnqilabı” bütün dünyanın yenidən qurulmasını həyata keçirməlidir: yəni bütün dünya İranın şəmsiyyəsi altında olmalıdır;
• “İslam İnqilabı” bütün müsəlmanlar üçün eyni mənaya malikdir. “Sənin üsyanın, İran gəncləri, sənin üsyanın İran xalqı ilahi, Quran və İslam dirçəlişi üçün müqəddəs mübarizədir, şübhəsiz, dünyanın bütün müsəlmanları onun təsiri altına düşəcəklər”, - Xomeyni bildirir və bununla əslində İranın siyasi hədəflərini ortaya çıxarırdı;
• Xomeyniçilik təcrübəsi inqilabi təcrübə olaraq, İslam konsepsiyası kimi təbliğ edilir: təkcə bu məqam Xomeyniçiliyin yeni dini cərəyan kimi meydana gəldiyini, nə İslamın, nə də İslamın şiə məzbəhinin təməl prinsiplərinə uyğun olmadığını təsdiq edir;

Və bir daha aydın olur ki, Xomeyniçilik nə Allaha, nə onun dini İslama, nə də İslamın şiə məzhəbinə ibadət yox, İrana biətdən, bu ölkənin imperiya maraqlarından xidmətdən ibarətdir.

Asif Nərimanlı
publika.az


Teqlər: İran   Xomeyniçilik  





Xəbər lenti