Ceyhun Bayramov Feysəl bin Fərhan Al Səud ilə görüşdü - FOTOLAR

   Ceyhun Bayramov Feysəl bin Fərhan Al Səud ilə görüşdü -    FOTOLAR
  04 Oktyabr 2022    Oxunub:507
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Ceyhun Bayramov, Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırlayaraq, 30 il ərzində iki ölkə arasında inkişaf edən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını məmnunluqla qeyd edib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ali və yüksək səviyyəli təmasların müxtəlif sahələrdə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib. Bu xüsusda, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.

Ölkələrimiz arasında çoxtərəfli platformalar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyin göstərildiyi diqqətə çatdırılıb. Regional əməkdaşlıq üçün mühüm platformalardan biri kimi Körfəz Əməkdaşlıq Şurası çərçivəsində Səudiyyə Ərəbistanı ilə birgə əməkdaşlığın inkişafı xüsusi olaraq vurğulanıb.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 7-ci görüşünün cari ilin sonunda Bakıda keçirilməsinin planlaşdırıldığı qeyd edilib. Sözügedən görüşün iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə dair inam ifadə olunub. İki ölkənin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində, alternativ enerji resurslarının inkişafı üzrə birgə uğurlu layihələr həyata keçirdiyi, bu işlərin genişləndirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

Nazir Feysəl bin Fərhan Al Səud diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 il ərzində iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. Bu xüsusda, ikitərəfli hökumətlərarası iqtisadi komissiyanın işinin canlandırılmasının geniş imkanlar aça biləcəyi qeyd edilib. Səudiyyə Ərəbistanı naziri Azərbaycanla müxtəlif beynəlxalq platformalarda əməkdaşlığın, Qoşulmama Hərəkatının sədri qismində ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və regional səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıb.





AzVision.az


Teqlər:





Xəbər lenti