4 nəfər 5 ay ermənilərdən necə gizlənib – “Zar mağarası”nın sirli keçmişi

      4 nəfər 5 ay ermənilərdən necə gizlənib    – “Zar mağarası”nın sirli keçmişi
  04 Oktyabr 2022    Oxunub:925
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ermənilərdən qaçaraq Zar mağarasına sığınmış şəxslərin xatirəsinə həsr olunmuş sənədli film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinən AzVision.az -a verilən məlumata görə, sənədli film 1993-cü ildə düşməndən qorunmaq üçün 6 aya yaxın Kəlbəcərin Zar mağarasında gizlənən 3 kişi və 1 qadının yaşadığı çətinliklərdən bəhs edir.

Onlar 1993-cü il aprelin 2-dən sentyabrın 15-nə kimi Zar mağarasında yaşayıblar. Belə ki, ermənilər Kəlbəcəri işğal edəndə hamı kənddən çıxıb, üç qadın və bir kişi kəndi vaxtında tərk edə bilməyib. Kəlbəcərlilər sağ qalmaq üçün çıxdıqları yolda erməni silahlıların atəşinə tuş gəliblər, daşların-qayaların arxasına sığınaraq sağ qalıblar və gecə geriyə - kəndə qayıdıblar. İşğalçılar bu kəndə gəlib çatanda isə sözügedən 4 nəfər çox az adama bəlli olan Zar mağarasına sığınıblar. Onlar gündüzlər mağarada qalıb, gecələr mağaranın üstündəki evlərə gedib ərzaq, pal-paltar, qab-qacaq götürüb geri qayıdıblar. Tez-tez mağaranın üstündə atəşfəşanlıq edən, oynayıb-oxuyan ermənilərin kənddə hələ də kimlərinsə qaldığından xəbəri olmayıb. Onlar kənddə post qurmuş erməni əsgərlərin, mülki şəxslərin kəndi necə qarət etdiklərinin şahidi olublar, təlim keçmiş itlərin dəfələrlə gəlib mağaranın ağzında hürmələrinin, erməni əsgərlərin mağaranın girişini axtarmalarının qorxusunu yaşayıblar.

Filmin 4 saatdan çox çəkən çəkilişləri Ermənistanla sərhəd ərazidə Zar kəndindəki sözügedən mağarada çəkilib.

“Zar mağarası” filminin quruluşçu rejissoru Hüseyn Kazımov, ssenari müəllifi isə Almaz Mahmuddur.Rejissor Hüseyn Kazımov bildirib ki, film yerli audotiriya ilə yanaşı, beynəlxalq ictimaiyyətə də hesablanıb:

“Film çətin relyefdə və bir o qədər çətin şəraitdə çəkildi. Düşmənlə sərhəd ərazidə filmin çəkilişlərini 4 saata bitirdik. Filmdə mağarada 5 ay 15 gün qalmış şəxslərin ailə üzvləri, yaxınları və başqaları yer alıblar”.

Sənədli filmin ssenari müəllifi Almaz Mahmud isə qeyd edib ki, mağarada yaşayan 4 insan çox əzablı günlər keçiriblər:

“Onlar düşməndən qaçaraq sağ qalmaq üçün mübarizə aparıb, 6 aya yaxın davam edən bu mübarizədən qalib ayrıla biliblər”.

Sənədli film 5 oktyabr saat 22:30-da AzTV-də yayımlanacaq.


AzVision.az



Teqlər: Kəlbəcər   Mağara  





Xəbər lenti