Azərbaycana daha doqquz zubr gətiriləcək

Azərbaycana daha doqquz zubr gətiriləcək
  04 Oktyabr 2022    Oxunub:511
“Noyabr ayında Azərbaycana daha doqquz zubr gətiriləcək”.
Bunu Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov jurnalistələrə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 1937-ci ildə Cənubi Qafqazda zubrların nəsli kəsilib: “Təkrar olaraq IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan zubrlar gətirilərək, təbiətə buraxılıb. Bu müddət ərzində populyasiyada təbii artımın olması ilə 20 baş zubr təbiətə buraxılıb. Hazırda doqquz baş İsmayıllıda volyerdə saxlanılır, noyabrda isə daha 9 baş gətiriləcək”.

E.Əsgərov qeyd edib ki, 2028-ci ilə kimi ümumlikdə 100 baş zubrun Azərbaycana gətirilməsi planlaşdırılır: “Alimlər hesab edir ki, onlar 500 baş olduqda, populyasiyası dayanıqlı olacaq və məhv olma təhlükəsi azalacaq”.

Qeyd edək ki, 4 oktyabr dünyada “Beynəlxalq Heyvanları Müdafiə Günü” kimi qeyd olunur. Bu gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti