"İcazəsiz getdik, töhmət aldıq" - İcra başçısının yerində tapmadığı direktordan AÇIQLAMA

  "İcazəsiz getdik, töhmət aldıq"  -  İcra başçısının yerində tapmadığı direktordan  AÇIQLAMA
  03 Oktyabr 2022    Oxunub:1871
"Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məktəbimizə gələn zaman biz kəndimizin şəhidi Hüseynov Nəcəf İlqar oğlunun anım mərasimində idik. Mən, müəllimlər və yuxarı sinif şagirdləri şəhidin ildönümünə getmişdik".
Bunu AzVision.az -a açıqlamasında Gədəbəy rayon Arıqıran kənd tam orta məktəbinin direktoru Natiq Hüseynov deyib. O bildirib ki, icra başçısının gəldiyini bilən zaman hər kəs yenidən məktəbə qayıdıb:

"İcra başçısı gələndə anım mərasimində idik deyə o, gəlib bizi tapmayıb. Xəbər tutanda gəldik, amma artıq gec idi. İcra başçısından sonra gəldiyi üçün heç kəs içəri buraxılmadı. Mən isə başçının yanına gəlib, izahat verdim. Orxan müəllim mənə iradlarını bildirdi. Ona dedim ki, bir də belə şey etməyəcəyik".

Məktəbin direktoruna Qazax-Tovuz Regional Təhsil idarəsindən də irad bildirilib:
"Biz anım mərasiminə Gədəbəy Rayon İcra Hakimiyyətinə və regional təhsil idarəsinə məlumat vermədən getmişdik. Şəhidin nənəsi uzun illər məktəbdə xidmətçi işlədiyi üçün gəlmişdi. O, bizi dəvət etdi. Biz də müəllimlər və yuxarı siniflərlə ora getdik.

Səhvlik etmişdik, buna görə də bizə xəbərdarlıq edilib, töhmət almışıq. Çalışacayıq ki, bir də belə səhv etməyək. Hazırda bütün şagirdlər və müəllim heyəti məktəbdədir və normal dərs prosesi gedir", deyə direktor əlavə edib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzVision.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Direktor sektora dəvət olunub. Onun izahatı alınacaq.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub. Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub.





Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti