"Paşinyan Rusiyanın bölgədəki hərbi mövcudluğuna son verəcək" - Erməni ekspert

   "Paşinyan Rusiyanın bölgədəki hərbi mövcudluğuna son verəcək" -    Erməni ekspert
  23 Sentyabr 2022    Oxunub:717
" Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından KTMT və Rusiyaya qarşı birbaşa ittiham xarakterli çıxış edib".
Bu barədə sentyabrın 23-də ekspert, Ermənistanın Ehtiyatda olan Silahlı Qüvvələrinin polkovniki Hayk Nahapetyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ad çəkmədən, lakin faktiki olaraq Rusiya və KTMT-ni tənqid edən Paşinyan Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarının monitorinqi üçün beynəlxalq müşahidə missiyasını dəvət edib və bunun “regional sabitlik üçün mühüm amil olacağını” deyib.

Nahapetyanın sözlərinə görə, Paşinyanın BMT Baş Assambleyasının tribunasından dediyi bu bəyanatı de-fakto BMT sülhməramlı qüvvələrinə dəvət deməkdir.

Nahapetyan əmindir ki, beynəlxalq sülhməramlı qüvvələrin cəlb olunması reallaşarsa, erməni tərəfi bunun üçün müəyyən bədəl ödəməli olacaq.

“Bu qiymət erməni əhalisinin və Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına səbəb olacaq. Daha sonra 102-ci rus bazasının Ermənistanı tərk etməli olacaq. Və Azərbaycan tərəfindən Sünik (Zəngəzur - red.)vasitəsilə çox arzu olunan dəhlizin təmin edilməsi baş tutacaq.

Paşinyan BMT-dəki çıxışı ilə elə bir prosesə start verdi ki, bunun nəticəsi ilə Rusiya Federasiyasının hərbi mövcudluğuna son qoyulacaq”.

Bu proseslərin başladığının daha bir göstəricisi NATO-nun baş katibi Yens Stoltenberqlə görüş olub. Nahapetyan istisna etməyib ki, bu görüşdə Paşinyan Rusiya hərbi bazasının və Rusiya sülhməramlılarının çıxarılmasına zəmanət verə bilər.

Qeyd edək ki, BMT Baş Assambleyasının tribunasından çıxış edən Paşinyan xüsusilə qeyd edib: “Daha da gərginləşməyə kömək edə biləcək başqa bir amil də var. Məhz regional təhlükəsizlik təşkilatlarının düzgün reaksiya verməməsi Ermənistan cəmiyyətində çətin suallar doğurdu”.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti