Adaptiv moda: Azərbaycanlı tələbənin yaratdığı sosial biznes - MÜSAHİBƏ

  Adaptiv moda:  Azərbaycanlı tələbənin yaratdığı sosial biznes - MÜSAHİBƏ
  22 Sentyabr 2022    Oxunub:943
"Adaptiv moda". Çoxumuz bu ifadə ilə tanış deyilik. Bu, "adaptasiya" sözündən qaynaqlanır: Yəni geyimlər əlilliyi olan insanlar üçün uyğunlaşdırılıb. Geyimlər ilk baxışdan adi paltarlara çox bənzəyirlər. Sadəcə, kiçik detallar onları fərqləndirir. Nə dizayn, nə material, nə də rəng, yalnız konstruksiya dəyişiklikləri "adaptiv tərz" deməyə əsas verir.
Bu geyimlərdən kimlər yararlanır? Qeyd etdiyimiz kimi, adaptiv geyimlər əlilliyi olan şəxslərin xüsusi ehtiyaclarına uyğun hazırlanır. Azərbaycana adaptiv modanı Məhəmməd Kekalov gətirib. O, Azərbaycan Dövlət İqtisad Universİtetinin “Biznesin idarə olunması” fakültəsinin bakalavr pilləsini bitirib. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dayanıqlı inkişaf” üzrə magistr təhsili alır. Sosial sahibkar olan Məhəmməd “Kekalov adaptiv” brendinin müəllifidir.
O, bizi adaptiv model və bu geyimlərin hazırlanmasının tarixçəsi ilə tanış edib:

- İnsanlar əlilliyindən asılı olaraq, paltarlarla bağlı müəyyən çətinliklər yaşayırlar. Biz çalışırıq ki, hazırladığımız geyimlərlə əlilliyin yaratdığı bu çətinliyin təsirini aradan qaldıraq. Əlilliyi olan şəxslər bu inkuliziv geyimləri rahatlıqla geyinə bilsinlər. Bizim hazırladığımız, dizayn etdiyimiz paltarlar təkcə əlilliyi olan yox, həm də sağlam insanlar üçün olur. Hazırlanan paltarları sərgilərimizdə təkcə əliliyi olan yox, həm də olmayan insanlar rahatlıqla geyinə biliər. Elə geyimlər var ki, mənim və anamın çox xoşuna gəlib. Biz onları özümüz də istifadə etdik.

Bu ideya necə yarandı? Mən Zaqatalada doğulub-böyümüşəm. Nənəmlə birlikdə yaşamışam. Nənəmin isə gözdən əlilliyi vardı. Mən balaca olanda fikir verirdim ki, hansısa geyimi geyinəndə çətinlik çəkirdi. O bilmirdi ki, geyindiyi jaket tərsinədir, yoxsa düzünə. Həmişə çalışırdı ki, birinci əlləri ilə axtarıb tapsın və qollarını keçirsin. Donlarını geyinəndə anam ona kömək edirdi. İdeya buradan formalaşdı.



Mən orta məktəbi bitirəndən sonra bir il ABŞ-da oxumuşam. Həmin vaxt orada yaşadığım amerikalı ailə əlilliyi olan şəslərlə yaxından işləyirdi. Onlar məni Amerikada əlilliyi olan insanların necə yaşadığı, hansı imkanların olması, fəaliyyətləri ilə tanış etdilər. 2019-cu ildə ABŞ-da topladığım təcrübənin və nənəmlə bağlı müşahidələrimin sayəsində bir komanda yaratdım və adaptiv geyimlər hazırlamaq qərarına qəldim. Onda universitetin birinci kursunda oxuyurdum. Sonra komanda genişləndi. Keçən ildən etibarən isə şoular və sərgilər keçirməyə başladıq. Biz gördük ki, Azərbaycanda əlilliyi olan insanlar arasında buna nə qədər ehtiyac var. Əvvəllər heç kimin ağlına gəlməyib ki, əlilliyi olan insanlar üçün belə adaptiv geyimlər hazırlamaq lazımdır.

Biz modelləri də təbii ki, əlilliyi olan insanlardan seçdik. Onlarla danışanda bizə dedilər ki, həqiqətən buna ehtiyacları var. Sevinirdilər ki, kimsə bununla məşğul olmağa başlayıb. Bu geyimləri model kimi nümayiş etdirmək çox xoşlarına gəldi, növbəti sərgilərdə də iştirak etmək istəyirdilər. Çünki bu, onlara səhnədə özgüvən verirdi.
İndiyə kimi biz 4 şou keçirmişik. Onlardan ikisi bu yay olub. Sonuncusu İsrail səfirliyinin tədbirində sentyabrın 13-də baş tutub. Bəzi modellərimiz artıq 4-cü dəfə idi ki, səhnəyə çıxırdı. Biz bütün yaş qruplarından əlilliyi olan şəxslərlə işləyirik.



Məsələn, bizdə 7 yaşlı uşaq var. Adı Amirdir. Serebrial iflicdən zəiyyət çəkir. O səhnəyə 9 yaşlı qardaşı Abbasla birgə çıxır. Bir qardaş o birinə səhnədə gəzməyə kömək edir. Digər modellərimiz əlil arabasında olan iki bacıdır. Onların hər ikisi səhnəyə çıxırlar.
Zinyət Vəliyeva adlı modelimiz də əlil arabasındadır, onun 48 yaşı var. Səkkiz yaşlı oğlu Həsən ona səhnədə kömək edir.
25 yaşlı modelimiz isə anası ilə birlikdə səhnəyə çıxır.
Geyimləri atelyedə tikirik. 6-ya yaxın dərzimiz var.

Belə bir sual yarana bilər ki, geyimlər konkret bir şəxsin bədəninə görə tikilir, yoxsa əlilliyin kateqoriyalarına uyğun? Məhəmməd izah edir:

- Ümumi kateqoriyalara uyğun bölünür.Tutaq ki, kimsə serebrial iflicdən əziyyət çəkir. Ya da hansısa bir qəzada əlillik yaranıb. Bu, bütün dünyada insanlara eyni cür təsir edir. Ona görə biz müxtəlif xəstəliklərin, yaxud xəsarətin nəticəsini nəzərə alıb, ona uyğun hazırlayırıq. Əlil arabası üçün hazırladığımız geyimlər fərqlənir. Kimsə ayaqlarını nisbətən yaxşı işlədir. Onun üçün modellər ayrıdır. Kimsə daha çətin istifadə edir. Onların hamısı üçün bizim dizaynlarımız var.

- Əilliyi olan insanların bu geyimlərə əlçatanlığı necədir?
- Heç də hamının məlumatı yoxdur. Dizayn geyimləri və əl işi platarlar olduğuna görə qiymətlərimiz də ucuz deyil. Ona görə də biz çalışırıq ki, modellərə həmin geyimləri hədiyyə edək. Hazırda əsas müştərilərimiz biznes strukturlarıdır. Onlar markertinq məqsədilə bizdən alışlar edirlər və geyimlər əlilliyi olan şəxslərə ödənişsiz verilir.


Adaptiv geyimlərin qiyməti ucuz deyil. Məsələn bir kostyumun qiyməti 100 dollardan 200 dollara qədər dəyişir.
- Biz çox vaxt endirimlə satırıq,- Məhəmməd deyir.- Geyimlər də yüksək kefiyyətli materialdan hazırlanır. Ən yaxşı dərzi və dizaynerlərin hazırladığı paltarlardır. Həm materillara, həm dərziyə, həm dizaynerə ödəniş edəndə və logistika ilə bağlı xərcləri nəzərə alanda kifayət qədər məbləğ edir.
Bizim əsas planımız satışlarımızı artırmaqdır. Bunun üçün çoxlu vəsait tələb lazımdır. Biz bunu hər dəfə haradansa tapmalı oluruq. Bu problemi aradan qaldırmaq istəyirik. Sərgiləri xaricdə də həyata keçirmək istəyirik. Bizim göstəriləri ancaq ABŞ-da edirlər. Başqa ölkələrdə ildə bir dəfə olur. ABŞ-da QHT yerli imkanlardan: biznesdən və dövlətdən maliyyələşərək, adaptiv geyim nümayişləri həyata keçirirlər. Onlar buna "sosial biznes" deyir, yalnız ianələr hesabına maliyyələşirlər.
Planlarımızdan biri də yaxın zamanlarda öz mağazamızı açmaqdır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti