Nadir Adilov: “Aliment tələbi üzrə uğurlu barışıq sazişləri olan mediatorlar mükafatlandırılacaq”
Məhz bu sualla Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilova müraciət etdik. Nadir Adilov qeyd etdi ki, mediasiya vasitəsilə həll edilə bilən məsələlərdən biri də ailə mübahisələridir.
"Biz alimentin təyin edilməsi və alimentin məbləğinin artırılması mübahisələrinə ailə mübahisələrinin tərkibində baxırıq. Öncəliklə, vurğulayım ki, bir çox mübahisələrdə olduğu kimi ailə mübahisələrində də, xüsusən də əgər ailədə yetkinlik yaşına çatmayan uşaqlar varsa, uzun illər mübahisəli vəziyyət davam edir. Bu gün mediasiyanın məşğul olduğu ailə mübahisələrinin əksəriyyəti bu il və yaxud da ötən il yaranan ailə münaqişələri ilə əlaqədar deyil. Misal üçün deyək ki, 10 il əvvəl anadan olan uşağın valideynləri uşaq 3 yaşında olarkən ayrılıblar.
Deməli, bu mübahisənin bu uşağın 18 yaşı tamam olanadək ən azı alimentin məbləğinin artırılması tələbi ilə davam etmək perspektivi vardır. Bunu nə üçün deyirəm? Ümumiyyətlə, mübahisələrin idarə edilməsi tərəflərin mədəni səviyyəsindən çox asılıdır. Bu gün ölkəmizdə mediasiya institutunun tətbiq edilməsi bu kimi mübahisələr üzrə tərəflərə mediatorun iştirakı ilə qarşılıqlı şəkildə maraqlarına uyğun və qısa zamanda nəticə əldə etmə imkanı yaradır. Sevindirici haldır ki, təcrübəmizdə məhz bu kimi mübahisələr üzrə onlarla uğurlu barışıq sazişlərimiz vardır. Bu məsələ uşaqların hüquqlarına və maraqlarına toxunduğu üçün xüsusilə həssas yanaşılmalı məqamdır”.
N. Adilov qeyd edib ki, məsələlənin ciddiliyini nəzərə alaraq alimentin təyin edilməsi və yaxud da məbləğinin artırılması sahəsində barışıq sazişlərinin sayının artmasına müsbət təsir edəcək motivasiya tədbirləri üzərində də işləyirik.
“Hesab edirik ki, alimentin təyin edilməsi və ya məbləğinin artırılması üzrə müraciət edən tərəflər bu işə təkcə arayış almaq prosesi kimi baxmamalıdırlar. Bununla əlaqədar biz daim fəaliyyətimizi ölçürük. Aliment tələbi ilə əlaqədar uğurlu barışıq sazişləri olan mediatorların tərəfimizdən mükafatlandırılması nəzərdə tutulur. Eyni zamanda bu mediatorların Mediasiya Şurasının hesabına xarici ölkələrdə keçirilən nüfuzlu tədbirlərdə, təlim və seminarlarda iştirakı da təmin ediləcəkdir. Biz hazırda bu mediatorların müəyyən edilməsi və onların nəticələrinin monitorinqi ilə məşğuluq. Hesab edirik ki, mediator peşəsi çox ağır və məsuliyyətli bir iş olduğu üçün hər bir mediatorun əməyi layiqincə qiymətləndirilməlidir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


