Mediasiya təşkilatları ilə mediatorlar arasında vahid müqavilə olacaq

Mediasiya təşkilatları ilə mediatorlar arasında vahid müqavilə olacaq
  25 Avqust 2022    Oxunub:2436
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun bildirdiyinə görə, Mediasiya təşkilatları ilə mediatorlar arasında ilkin mediasiya xidmətlərinin göstərilməsi haqqında vahid mülki müqavilənin tətbiq işləri uğurla davam etdirilir. Bu uğurlu nəticəyə nail olmaq üçün Dövlət Vergi Xidməti və Mediasiya Şurası arasında səmərəli əməkdaşlıq nəticəsində qeyd edilən vahid müqavilə forması mediatorlar və mediasiya təşkilatları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilərək ərsəyə gəlib.
Avqust ayından etibarən isə qeyd edilən müqavilənin tətbiqi ilə əlaqədar Mediasiya təşkilatları və mediatorlar arasında vahid müqavilələrin imzalanması prosesinə başlanılmışdır. Dövlət Vergi Xidmətinə Mediasiya Şurasına verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirən Nadir Adilov vurğulayıb ki, mediasiya təşkilatları və mediatorlar arasında imzalanan vahid mülki müqavilə forması ilkin mediasiya xidmətlərinin göstərilməsi sahəsində neqativ halların aradan qaldırılmasına, şəffaflığa, dəqiq uçotun aparılmasına, nağdsız əməliyyatların icra edilməsinə və vətəndaş məmnunluğuna birbaşa təsir edəcək.

Onun sözlərinə görə, mediator və mediasiya təşkilatı arasında imzalanan vahid müqavilə bütün ölkə boyu tətbiq edildiyindən ilkin mediasiya xidmətlərinin göstərilməsi sahəsində həddindən artıq konkret və şəffaf prosedurları özündə əks etdirir. Vahid müqavilə forması Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada göstərilən ilkin mediasiya xidmətləri ilə əlaqədar tərəflərin qarşılıqlı hüquq və öhdəliklərini tənzimləyir.

N. Adilov qeyd edib ki, bu müqavilə vasitəsilə mediatora bu müqavilənin şərtləri daxilində ilkin mediasiya proseslərinin bütün mərhələləri üçün mediatora ödəniləcək haqların və ödənişlərin də dəqiq və şəffaf məbləği müəyyən edilir. İlkin mediasiya xidmətlərinin göstərilməsinin Qanunvericilikdə nəzərdə tutulmuş prinsiplərə və qaydalara uyğun aparılmasını təmin edəcək bu vahid müqavilə eyni zamanda mediatorların qiymətləndirilməsi qaydalarına uyğun olaraq Mediasiya təşkilatları tərəfindən rüb ərzində mediator tərəfindən göstərilən xidmətlərin monitorinqi və qiymətləndirilməsinin də aparılmasına əsas verəcək. Mediasiya xidmətlərinin keyfiyyətsiz göstərilməsi halları aşkar edilərsə, bu, müqaviləyə xitam verilməsi üçün əsas hesab ediləcək.

Mediator isə xidmətlərin göstərilməsi ilə əlaqədar rahat, maneəsiz, təhlükəsiz ofis şəraiti ilə təmin edilmək və xidmətlərin göstərilməsinə zərurət yaranarsa təşkilatın əməkdaşlarını, tərcüməçi, ekspert, mütəxəssis və psixoloq cəlb etmək hüququna malikdir. Bu xidmətlər üçün isə mediator mediasiya təşkilatına heç bir ödəniş, saxlanma xərcləri ödəmir. Bir sözlə mediatorun mediasiya təşkilatı qarşısında heç bir maddi öhdəliyi yoxdur.

N. Adilov misalla bunu belə izah edib: Nümunə olaraq qeyd etsək, Bakı, Abşeron, Sumqayıt əraziləri üzrə fəaliyyət göstərən hər bir mediator Bakı şəhərində fəaliyyət göstərən 14 mediasiya təşkilatının hər biri ilə ayrı-ayrılıqda müqavilələr imzalaya bilər. Belə ki, misal üçün hal-hazırda Bakı, Abşeron və Sumqayıt ərazisi üzrə işlərə baxan və Bakı şəhərində fəaliyyət göstərən 14 mediasiya təşkilatı mövcuddur. Bir az da izahlı qeyd etsək, Bakı, Abşeron, Sumqayıtda fəaliyyət göstərən bir nəfər mediator 14 mediasiya təşkilatı ilə müqavilə imzalaya bilər. Beləliklə, indiki halda əgər bir mediator 14 təşkilatla müqavilə bağlasa, bir mediatorun 14 müqaviləsi olur və mediatora ödəniləcək bütün xərclər ən kiçik detallarına qədər bu müqavilədə nəzərə alınır.

Bu günkü statistikaya görə, Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə fəaliyyət göstərən mediatorların sayı 194 nəfərdir. Əgər biz prosesə bu məntiqlə yanaşsaq, məlum olur ki, mediatorun geniş müqavilə azadlığı prinsipi var və bu 194 mediatorun hər biri vahid mülki müqaviləni Bakı şəhərində fəaliyyət göstərən 14 mediasiya təşkilatının hər biri ilə ayrı-ayrılıqda bağlaya bilər. N. Adilovun sözlərinə görə, hər bir mediasiya təşkilatı rəhbəri ona müraciət edən mediatorla vahid mülki müqaviləni imzalamaq üçün geniş imkanlar yaradır və bundan sonra da yaratmalıdır. Eyni zamanda mediasiya təşkilatına daxil olan işlərin mediatorlar arasında şəffaf, bacarıqlara uyğun, mediatorların qiymətləndirmə qaydalarına əsasən bölgüsünü də mediasiya təşkilatı rəhbərləri təmin etməlidirlər.

N. Adilov eyni zamanda qeyd edib ki, mediasiya təşkilatı rəhbərləri heç bir mediatordan heç bir ödəniş tələb etmədən, mediatorların apardıqları keyfiyyətli mediasiya xidmətlərinə görə mediatorlara ödənişləri nağdsız formada həyata keçirəcəklər. Və bizim hər birimizin ümumi vəzifəsi mediasiya islahatlarına dəstək olmaq, mediatorların yetişməsini təmin etmək və əhaliyə keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsindən ibarətdir. Biz dövlətimizin bizim qarşımızda qoyduğu hədəflərə dövlət orqanları ilə səmərəli əməkdaşlıq şəraitində və eyni zamanda ictimai fikri, rəyi nəzərə alaraq Kütləvi İnformasi Vasitələrinə açıq olmaq prinspi ilə çatacağıq.



Teqlər: Mediasiya  



Xəbər lenti