Vüsal Hüseynov pakistanlı səfirlə görüşdü

Vüsal Hüseynov pakistanlı səfirlə görüşdü
  20 Avqust 2022    Oxunub:1277
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayi və onun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
DMX-dən AzVision.az -a bildiriblər ki, qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycan ilə Pakistan arasında sıx dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini, iki dövlətin müvafiq qurumları arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Vüsal Hüseynov ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi barədə ətraflı məlumat verib, həmçinin hər iki ölkə arasında intensivləşən miqrasiya prosesləri fonunda vətəndaşların hüquqlarının qorunmasının və qanunsuz miqrasiyaya qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib.

Səmimi qəbula görə təşəkkür edən səfir qurumlararası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin və hər iki dövlətin aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri və miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.


AzVision.az



Teqlər:



Xəbər lenti