"Kiyev bizi də rus müstəmləkəçiliyindən xilas edəcək" - Erməni politoloq

 "Kiyev bizi də rus müstəmləkəçiliyindən xilas edəcək" -  Erməni politoloq
  18 Avqust 2022    Oxunub:1745
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. Yerli mediada Moskvanın Qafqazda yürütdüyü siyasəti pisləyən silsilə yazılar dərc edilir, ölkədə tez-tez Vladimir Putinin əleyhinə aksiyalar təşkil olunur. Hətta saytlar "Surmalu" hadisəsində belə Kremlin əlinin olmasını iddia edirlər.
İş o yerə çatıb ki, dünən Rusiyanın Ermənistandakı səfirliyi İrəvana nota da verdi. Bu gün isə politoloq Nairi Badalyan diqqət çəkən açıqlamar verib. O, Rusiyanı aşkar şəkildə təlatümlü vəziyyətdə olduğunu deyib.

- Müharibə zamanı Qərbin ən son texnologiyası ilə təchiz edilən və bu səbəbdən də müharibənin gedişatını dəyişən Ukrayna ordusu artıq Krım ərazisinə zərbələr endirir. Kiyev hətta Xersonun cənub istiqamətində əks hücuma hazırlaşır. Ukrayna müharibəsindəki böyük məğlubiyyət isə avtomatik olaraq Rusiyada Putin-faşist siyasi sisteminin, müstəmləkə boyunduruğunun dağılmasına gətirib çıxaracaq,- erməni siyasi şərhçi qeyd edib.

"Böyük qardaş"ın notası İrəvanı qorxudacaqmı?
Onun sözlərinə görə, gözlənilən qələbə baş versə, Ermənistan da daxil olmaqla, Rusiyanın təsiri altnda olan bir sıra ölkələr rahat nəfəs alacaqlar: "Bu mənada, bəzi ukraynalı siyasi fiqurların Ermənistan və ya Qarabağla bağlı bəyanatlarını bəyənməsək də, başa düşməliyik ki, bu gün Ukrayna təkcə öz azadlığı üçün deyil, həm də Rusiyanın bütün qonşularının azadlığı uğrunda obyektiv mübarizə aparır. Ukraynanın qələbəsi həm də Ermənistanı rus müstəmləkəçiliyindən xilas edəcək. Amma Ermənistan və erməni xalqı yaxın gələcəkdə əldə edəcəyi azadlığa sahib çıxmağa hazır olmalıdır. Bunun üçün isə Ermənistanın gələcəyini NATO və Avropa Birliyində görən qüvvələr bu gün təşkilati və siyasi cəhətdən hazır olmalıdırlar",- politoloq deyib.

O, yeni qüvvələrin rusların Ermənistan ərazisini tərk etməzdən əvvəl İrəvana və erməni xalqına qarşı törədilmiş ən ağır cinayətlərin qarşısını almağa hazır olmalarını da məsləhət bilib.
- Şübhə yoxdur ki, "Surmalu" hadisəsi sonuncu deyildi və belə cəhdlər olacaq. Ruslar vəhşicəsinə silahlanmış "102-ci psixiatriya xəstəxanası" Ermənistanı ciddi və böyük təxribatlarsız tərk etməyəcəklər. Onların Ermənistandan çıxarılması məsələsini indi Ukrayna ordusu həll edir. Ermənistan ərazisində Rusiyanın təxribatlarının, terror aktlarının və böyük diversiyaların qarşısının alınması məsələsini həll etmək isə ermənilərin üzərinə düşür, - erməni politoloq vurğulayıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Ukrayna   Rusiya  







Xəbər lenti