Süni tənəffüs aparatına qoşulan, qaraciyəri bölünən qazidən şad xəbər

   Süni tənəffüs aparatına qoşulan, qaraciyəri bölünən qazidən  şad xəbər
  17 Avqust 2022    Oxunub:423
Bakı-Ələt yolunda baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Vətən müharibəsi iştirakçısı, qazi Emrahşah Mahmudov həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılıb.
Bu barədə AzVision.az -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, bir müddət KTM-in Reanimasiya şöbəsində qalan qazimizin vəziyyəti yaxşılaşdığı üçün artıq digər müvafiq şöbəyə köçürülüb. Həkim-cərrah Əziz Məmmədovun sözlərinə görə, avqustun 7-də Mərkəzə gətirilən və koma vəziyyətdə olan yaralının sağ qalmaq şansı çox az olub.

“Qəza zamanı xəstənin qaraciyəri demək olar ki, iki hissəyə bölünmüşdü. Burada əməliyyatla onun qaraciyəri tikildi. Adətən bu dərəcədə ağır yaralı xəstələrin sağ qalma şansı aşağı olur. Qara ciyərin cırılması, daxili qanaxma diaqnozu ilə onu ilk olaraq, reanimasiya şöbəsinə yerləşdirdik. Gətirilərkən xəstənin vəziyyəti çox ağır qiymətləndirilirdi və qanitirmə fonunda komaya düşmüşdü. Çox şükür, qazimizin vəziyyəti indi kifayət qədər yaxşıdır, əməliyyatı da uğurla başa çatıb və Cərrahiyyə şöbəsində müalicəsi davam edir”.

Həyatı üçün hər hansı təhlükə qalmayan qazimiz Emrahşah Mahmudov özünü kifayət qədər yaxşı hiss etdiyini deyir:

“Avqustun 7-də anamla birgə Gəncəyə, qardaşımın andiçmə mərasiminə gedirdik. Bakı-Ələt yolunda qəzaya düşdük. Deyilənə görə, hadisə nəticəsində mən çox ağır xəsarət almışam. Ona görə də heç nə yadımda qalmayıb. Məni oradan elə birbaşa təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətiriblər. Burada mənə yüksək səviyyədə tibbi xidmət göstərilib. Başda məni yenidən həyata qaytaran həkimlərimiz olmaqla, hər kəsə öz təşəkkürümü bildirirəm. Onların sayəsində həyata qayıtmışam. Əməliyyat və digər xərclərimi də icbari tibbi sığorta qarşılayıb. Buna görə də dövlətimizə minnətdaram!”

Məlumat üçün bildirək ki, E.Mahmudov Vətən müharibəsi zamanı Ağdam və Suqovuşan istiqamətində ağır döyüşlərdə iştirak edib və yaralanıb. Atası türk, anası azərbaycanlıdır.

AzVision.az


Teqlər:







Xəbər lenti