Türk Dövlətlərinin prokurorlarının Azərbaycana səfəri başa çatıb

   Türk Dövlətlərinin prokurorlarının Azərbaycana səfəri başa çatıb
  11 Avqust 2022    Oxunub:487
Türk Dövlətlərinin prokurorlarının Azərbaycana səfəri başa çatıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində Azərbaycan Baş Prokurorluğu tərəfindən təşkil edilmiş beynəlxalq seminarda iştirak edən Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız respublikalarının baş prokurorluqlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmaqla yanaşı, onlara həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Baş Prokurorluğun yeni inzibati binasında qonaqlarla görüşən Baş prokurorun müavini Elmar Camalov keçirilmiş seminarın prokurorluq orqanları arasındakı hüquqi əməkdaşlıq əlaqələrinin genişlənməsində səmərəli vasitə olacağını bildirib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereyasındakı eksponatlar, ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş kriminalistika otağı, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən kitabxana ilə tanışlıq qonaqların marağına səbəb olub. Səfər zamanı qonaqlar Hərbi Qənimətlər Parkı və paytaxtımızın tarixi-mədəni abidələri ilə tanış olublar.

AzVision.az

Teqlər:







Xəbər lenti