Rusiyanın ümidi Türkiyə və Çinin bank sisteminədir

Rusiyanın ümidi Türkiyə və Çinin bank sisteminədir
  08 Avqust 2022    Oxunub:843
Pandemiya və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dünya iqtisadiyyatında və ərzaq təhcizatında ciddi problemlər yaradıb. Bundan əlavə bir sıra ölkələrdə bank sistemləri ağır vəziyyətdir.
Son prosesləri AzVision.az -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya tərəfdaş ölkələrdə, misal üçün Türkiyə və Çinin banklarında müxbir hesabları açmağa çalışır. Ancaq bu həm Türkiyə, həm də Çin üçün risqlidir. Çünki Kremlə qarşı sərt sanksiyalar tətbiq edən Qərb ölkələri Rusiya bankları ilə əməkdaşlıq edən ölkələri də xəbərdar ediblər. Bu baxımdan Ankara qərar verməyə tələsməyəcək. Digər tərəfdən Çindəki banklar da Rusiya ilə əməkdaşlığa mey etmədən ciddi problemlərlə üz-üzə qalıblar.

- Çinin bəzi əyalətlərində bankların müştərilərinin etirazları qeydə alınıb. Etirazçıların qarşısını almaq üçün tanklardan belə istifadə olunub. Çin rejimi etirazları yatırtmaq üçün sonuncu dəfə tanklardan 1989-cu ildə istifadə edib. Həmin il Pekin paytaxtın ən böyük Tyananmen meydanında tələbələrin siyasi islahatlar tələbinə qarşı ordunu və tankları küçələr çıxarmış, nəticədə bugünə qədər sayı bəlli olmayan insan həlak olmuşdu.

Çinin bir neçə iri bankı müştərilərinin depozitlərini qaytarmaq imkanında deyil. Dondurulmuş hesabların miqdarı 6 milyard dollardır. Əlbəttə, böyük valyuta imkanlarına malik olan hökumət banklara müştəriləriylə hesablaşmağa vəsait ayıra bilər. Ancaq bu halda hökumət başqa bankları da xilas etmək üçün eyni üsuldan istifadə etmək məcburiyyətində qalacaq ki, problemin miqyası artacaq.

İqtisadi ekspertlər yaranan problemi daşınmaz əmlak bazarındakı ağır durumla əlaqələndiriblər. Əmlak bazarında durğunluq tikinti şirkətlərinin borclarının artmasına səbəb olub. Şirkətlər banklara olan borclarını qaytara bilmirlər. İpoteka kreditləri də qaytarılmır.

Çində artan iqtisadi problemlər insanların alıcılıq qabiliyyətinə də mənfi təsir edib. “Financial Times” dərgisinin yazdığına görə, çinlilər son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını kütləvi surətlə alırlar. Çinlilər bu yolla maliyyə vəsaitlərinə qənaət etməyi düşünürlər. Çində son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını satan ixtisaslaşmış dükanların sayı artıb. Misal üçün il ərzində Çində 119 belə dükan açılıb. Halbuki, 10 il ərzində ölkədə cəmi 92 belə dükan açılmışdı. Belə dükanlara kasıb ailələrlə yanaşı orta təbəqə də maraq göstərir. Çində aylıq 600 dollar maaşı olan şəxslər orta təbəqə nümayəndələri sayılırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti