Zəngəzur dəhlizinin bilinməyən tarixi: Şuşa-Naxçıvan yolu necə tikilmişdi (ARAŞDIRMA)

      Zəngəzur dəhlizinin bilinməyən tarixi:    Şuşa-Naxçıvan yolu necə tikilmişdi    (ARAŞDIRMA)
  18 İyul 2022    Oxunub:3464
Yeganə Kamal Cabbarlı
AMEA-nın Tarix İnstitunun dissertantı
Milli Arxiv İdarəsi elmi-məlumat kitabxanasının müdiri

Xüsusi olaraq AzVision.az üçün

(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

1875-ci ildə Şuşa-Naxçıvan yolunun tikintisi üzrə aparılan işlərin vəziyyəti belə idi: İrəvan quberniyasında Naxçıvandan başlayaraq Biçənəkdən (Şahbuz rayonu ərazisində) keçməklə, Zəngəzur meşələrinə istiqamətlənən yol əslidə çoxdan nizami batalyon tərəfindən hazırlanmışdı. Həmin batalyonun qərargahı Biçənəkdə yerləşirdi. Onlar tikinti üçün Zəngəzur meşələrindən ağac gətirirdilər.

Lakin həmin yolda hərəkəti çətinləşdirən kifayət qədər həlli vacib çatışmazlıqlar vardı: birincisi, Naxçıvandan Biçənəyə qədər olan məsafədə yol yeddi dəfə Naxçıvan çayından keçir, bir çox yerlərdə isə çay yatağından keçən yolu su yuyub-aparırdı. Bundan başqa, yolun 1/5 hissəsi yoxuş idi və nəhayət, bir neçə yerdə partladılmamış qayalar vardı ki, bu da yolda hərəkəti çətinləşdirirdi.
Lakin bütün çətinliklərə baxmayaraq, yolda hərəkət mümkün idi. Bununla belə, nizami batalyon oranı tərk etdikdən sonra burada hərəkət dayandı, yolun təmiri yarımçıq və çox hissəsi isə suyun altında qaldı.

1871-ci ildə Naxçıvandan başlayıb, Biçənək üzərindən Gorusa, oradan da Şuşaya çəkilən yol Cənubi Qafqazın yol şəbəkəsinin müəyyən edilməsi üçün təyin olunan komissiyanın 1 iyun 1871-ci il protokolu ilə diyarın əsas yollarından biri kimi təsdiqləndi. Kapitan fon der Nonne İrəvan qubernatorunun göstərişilə Naxçıvana qədər olan yolun istiqamətini təyin etmək üçün ezam olundu.

Yuxarıdakı çatışmazlıqlar, xüsusilə, Naxçıvan çayından keçən 7 keçid kapitan fon der Nonneni düşünməyə vadar edir və o, köhnə istiqamətdən yolun çəkilməsini məqbul saymır. Kapitan təklif edir ki, yol Naxçıvan çayının sağ sahilindən, Kolanı (Şahbuz rayonu ərazisində) kəndi yaxınlığında çayı yalnız bir dəfə keçməklə, Naxçıvan şəhərinə qədər çəkilsin. Həmin istiqamətdə isə torpaq işlərinin həçmi çoxalırdı və qayalıqlar da çox idi. Bu da işin maliyyə dəyərini artırırdı. Lakin bununla belə, həmin məbləğ bir neçə körpünün tikilməsinə sərf ediləcək dəyərdən dəfələrlə aşağı idi.

Yolun ümumi istiqamətini seçdikdən sonra kapitan fon der Nonne 1871-ci ilin avqustunda onun çəkilişinə başlayır. 15 verst işarələnir, lakin xidməti iş üçün İrəvana qayıtmalı olduğundan, işarələnmə 1872-ci ilə qədər dayandırılır. 1872-ci ildə quberniya arxitektoru Baquşeviç yolun işarələnməsini davam etdirmək, layihənin tərtibi və süni qurğuların quraşdırılması üçün smetanın tutulması məqsədilə ezam olunur. Həmin işlərin icrası 1873-cü ilin sentyabrına nəzərdə tutulurdu. Bu müddət ərzində o, 49 verst məsafəni işarələyir, körpülərin və boruların smetasını tutur, yekun olaraq yolun 35 verstini işləyir.

Quberniya sərhədindəki - 8,000 fut yüksəklikdə, Biçənək bulağından yuxarıda, silsilənin hər iki tərəfindən başlayan əsas başlanğıc nöqtəsi ayrı-ayrı təpələri, sıldırım terrasları və nəhəng çökəklikləri olan Biçənəyə doğru əsas mailliliyi təşkil edirdi. Həmin ərazidə yağış və bulaq suları torf bataqlığı yaratmışdı; bütün bu təbii maneələri keçərkən bir-birinə yaxın aşırımlar və sıldırımlı enişlərdən yayınmaq qeyri-mümkün idi. Belə ki, sərhəddən Biçənəyə qədər olan yolun 11 versti son dərəcə dolanbac və bir neçə yerdə isə xüsusilə sıldırım idi. Həmin ərazidəki suxurun çox hissəsi gillli, qayalar isə ümumiyyətlə az idi.

Biçənəkdən sonra yol Biçənək çayının sol sahilindən, növbəti dərin yarğandan adlamaqla, Zərnətun çayını da keçərək, sonra elə Biçənək çayının sol sahilində əsgər xutorlarına qədər uzanır, oradan Gümrü çayını keçir və məşhur Kolanı aşırımını aşaraq, Biçənək çayına düşür və onun sağ sahılındən keçir. Bu məntəqənin 9 1/4 verstində qayalıqlar və özüylə qum və çınqıl aparan çoxlu köndələn çaylarla rastlaşılır; elə həmin məntəqədə həm də böyük həcmli təpələr və oyuqlar vardı. Yolun meylliliyi 1/20 - i aşmırdı.

Kolanıqışlaq kəndi yaxınlığında Biçənək çayının keçdiyi yol Naxçıvan çayının sağ sahili boyu Naxçıvanadək uzanır. Kolanı məntəqəsindən Əlincə kəndinədək 11 1/4 verst məsafə var. Bu çoxlu sayda qayalıqları və böyük çuxurları hesabına işlənilməsi ən çətin məntəqədir. Bundan sonra yol Əlincə çayından keçir və 13 3/4 verstlik gilli suxurdan ibarət ərazini adlayaraq, kondələn axınlı Naxçıvan çayının sərt sahiliylə kəsişir. Bu məntəqənin 5 ½ versti kifayət qədər sərt yoxuş və enişlərə malikdir, bu səbəbdən çoxlu sayda boru və novlar tələb olunurdu. Bundan sonra yol Naxçıvan çayına enir və Naxçıvana qədər 12 3 /4 verst uzanır. Həmin yolda o Nəzərabad kəndi yaxınlığında olduqca böyük əhəmiyyətə malik Cəhri çayından keçir.

Bu yolun yatağında işləyənlər Naxçıvan qəzasının əhalisi idi və onlar da ödənişsiz olaraq çalışırdılar. Lakin qayalar, körpülər, borular zemstvo smetası üzrə ayırılan vəsait hesabına alınırdı. 1875-ci ildə Biçənək yolu artıq işlənilmişdi, yalnız yazın gəlişi ilə bir neçə yerdə biçin işləri aparılmalı, novlar təmizlənməli və ümumiyyətlə yol yatağı lazımı görünüşə salınmalıydı.


Baxmayaraq ki, yol yatağı hazırlanmışdı, bununla belə körpülər və borular olmadığından, yolu bütünlükdə hərəkət üçün açmaq olmazdı. Yolun üzərində 5 əsas körpü vardı: Zərnətun, Gümrü, Biçənək, Əlincə və Cəhri çayları üzərindən keçən körpülər. Bu körpülərsiz keçinmək mümkün deyildi. Həmçinin, 10 boru da olduqca vacib idi ki, onlarsız yolda hərəkəti bərpa etmək mümkün olmayacaqdı. Bu işlərdən başqa, Biçənək və Kolanı aşırımlarını son dərəcə palçıqlı oluğundan şoseləndirmək lazım gəlirdi ki, təkərlər bütün yol boyu maneəsiz hərəkət edə bilsin.

Biçənək yolunda 1875-ci il 1 yanvar tarixinə olan statistik məlumata görə 77.486 nəfər fəhlə çalışırdı ki, onların da yarısı, yəni 34.733 nəfər təmənnasız, qalanı isə podratçılarla işləyirdilər. Bütün bu fəhlələr tərəfindən 27.566 kub sajın torpaq çıxarılmış və səpilmiş, 3.047 kub sajın qaya yarılmış, 3. 856 poqon sajın yol təmizlənmiş, bundan əlavə, muzdlu fəhlələr tərəfindən 5. 294. 95 kub sajın qaya partladılmış və 45 kub sajın divar qoyulmuşdu.

Biçənək yolunun işlənməsinə 6 il üçün nəzərdə tutulmuş 54. 999 rubl vəsaitin 1 yanvar 1875-ci ilə olan məxarici 44.680 rubl 16 qəpik idi. Yerdə qalan 10.000 rubl isə Bezobdal yoxuşuna və Araz çayından Culfa, Aralıx, Əmarat və başqa yerlərə gedən gəmi və qayıqların düzəldilməsinə istifadə olundu. Biçənək yolunun tamamilə bitməsi üçün onun üzərindəki körpülər və novlar tikilməli, Biçənəkdən aşırıma qalxan yoxuş soselənməliydi. Biçənək, Cəhrı və Əlincə çayları üzərində tikiləcək körpülər birinci dərəcəli iş hesab olunurdu.

Yolun Gəncə quberniyasının ərazisindəki hissəsində işlər təbii vasitələrlə həyata keçirilirdi. Bu işlər yol tikintisinin başlanğıc tarixinə - 1869-1870-ci illərə təsadüf etdi. İşlər Lisoqordan (Şuşa rayonu, Turşsu kəndi) Həkəriyə qədər olan 26 verstlik məsafədə aparılırdı. İşləyənlər isə qara camaat idi. Daha sonralar - 1871-1873-cü illərdə 38.826 rubl vəsaitlə əsas işlər aparıldı. Heç bir nəqliyyat yolu olmayan Şuşa-Lısoqor məntəqəsində yeni yol elə istiqamətlənmişdi ki, onun yatağından Şuşa şəhərinə su çəkmək də mümkün olsun. Çünki Şuşaya Lısoqordan gedən yol daim yoxuş idi. Bu səbəbdən Şuşadan Xəlfəli çayına qədər uzanan 15 verstlik yol 1/100 meyllikdə yerləşirdi, sonra Lısoqor aşırımınadək 5 verstlik məsafədə yolun meylliliyi 1/20 artır. Buna görə də Şuşa Lisoqor arasındakı qayalıqdan ibarət 5 verstdə tamamilə, əlavə olaraq 1 sajın enində ərazi olmaqla, 6 verstə yaxın yol işlənmişdi.

Bundan savayı Lısoqordan Həkəri çayınadək olan ərazidə Qaladərəsi yarğanından keçən yol da mayor Staritski tərəfindən hazırlanmış və iki daş körpü də (1872 və 1873-1874-cü illərdə) tikilmişdi. Körpülərin dəyəri 8.166 rubl idi. Həmçinin, kiçik qayalıq ərazi istisna olmaqla, yol yatağı da tamamilə qurulmuşdu. Həkəri çayı üzərindən keçən, 45 sajın uzunluğunda taxta körpünün dirəklərinin, çəpdayaq sisteminin qurulmasına başlanılmış və Ağoğlan (Zabux) çayının üzərindən keçən 53 sajın uzunluğunda olacaq eyni körpünün tikilməsi üçün materiallar hazırlanmışdı. Bundan sonra yol Gorusa qədər uzanırdı. Gorusdakı torpaq suxuru barıtla partlatma işləri tələb etmirdi, torpaq işləri zemstvo vəsaiti hesabına tamamilə yerinə yetirilmişdi.

Lısoqordan Gorus kəndinə qədər işlənən yolun uzunluğu 62 verst idi və mövcud vəziyyətə uyğun olaraq, demək olardı ki, əgər barıtın verilməsində ləngmələr olmasaydı, yaya qədər bütün Zəngəzur ərazisindəki işləri bitirmək mümkün idi. Yolun açılmasında ləngimələr Şuşa qəzasında - Şuşadan Lısoqoradək olan 18 verstdəki ərazidə baş verə bilərdi. Buna səbəb isə çox kiçik istisnalar olmaqla, torpaq suxurunun bütünlüklə qayalıqdan ibarət olması idi ki, bu da barıtdan istifadəni tələb edirdi.

Gəncə quberniya idarəsi müdiri 18 dekabr 1874-cü ildə Şuşa-Naxçıvan yolunun Gəncə quberniyası hüdudlarında olan hissəsində 1874-1876-cı illər üçün zemstvo smetası üzrə təyin olunmuş 23.400 rubl vəsaitin kifayət etmədiyini bildirir və vəziyyəti belə izah edir: “Gəncə quberniyası mühəndisi bildirir ki, Zəngəzur hüdudlarında Lısoqordan Gorus kəndinədək olan ərazidə işlər əlverişli hava şəraiti olarsa, 1875-ci ilin yay fəslinin əvvələrinədək qurtara bilər, lakin 1874-1875-ci ilin qışında hava şəraitinin kəskinləşəcəyi təqdirdə işlər 1875-ci il yayın sonundan tez bitməyəcək”.

Zəngəzur qəzası hüdudlarında yolun tədqiqi zamanı bəlli oldu ki, Qaladərəsi və Dığ yaxınlığındakı iki yarğan çox dərin olduğundan qarşı tərəfə keçmək və yolu həmin dərinlikdən aparmaq olmaz və körpü olmadan keçinmək mümkünsüzdür. Bu körpülərin hər birinin dəyəri, quberniya mühəndisinin təminatına əsasən, 3.000 rubla çata bilərdi. Dığ kəndinə qalxan yoxuş 4 verst idi; kəndin yanından keçərək, Dığın düzünədək olan və oradan da Dığ çayına düşən ərazidə profil işləri tam başa çatmamışdı. Həmin məntəqədə Dığ çayının üzərinndə 10 sajın uzunluğunda körpü tikilməli idi. Dığ düzü boyu Ağsu çayına qədər olan 6 verstlik məsafədə cüzi işlər qalmışdı. Ağsu çayına eniş və Gorus yoxuşunadək 3 verstlik ərazi isə hələ işlənməmişdi. Gorus yüksəkliyinə çıxan yoxuşun 2 versti işlənmişdi, yüksəkliyin 3 verstlik ərazi-sində isə iş aparılmırdı, çünki həmin mövcud yolda nəqliyyatın hərəkəti mümkün idi. Yolun Zəngəzur qəzası məntəqəsindən keçən hissəsinə düşən Gorus kəndin-dən İrəvan quberniyasının sərhədlərinə qədər olan ərazi də tədqiq edilmiş və müəyyən olunmuşdu ki, həmin yolun Gorusdan Şəki və Yengicə Yurddan (Şərur rayonu) deyil, Vaqudı və Parnaut istiqamətində keçməsi daha məqsədəuyğundur.

Gorus kəndinə düşən 5 verstlik məsafə tam profildə işlənilmişdi. Beləliklə, Zəngəzur qəzası hüdudlarında əsas işləri bitmiş hesab etmək olardı, yalnız ayrı - ayrı yol yataqlarında qismən işlər qalmışdı ki, bu da barıtla partladılması lazım gələn mənəqələrdəki işlər idi. Həkəri və Ağoğlan (Zabux) çayları üzərində tikiləcək körpülər də görüləcək işlər sırasında idi.


Ən böyük həcmli işlər isə Şuşa qəzasında idi. Şuşa qəzası hüdudlarında Şuşadan Lısoqor ərazisinədək 5 verstlik ərazidə işlər tamamilə bitmiş, 13 verstdə 322 sajın ərazidə davam edirdi. Yuxarıda göstərilən məntəqədə işlər 1874-cü ilin yayında başa çatır. Qaladərəsi yarğanında iki daş körpünün tikintisinə 8.166 rubl 35 qəpik, bütün yolboyu qayaların işlənməsinə 22. 311 rubl 94 qəpik, Həkəri çayı üzərindəki taxta körpülərin qurulmasına cəmi 35. 600 rubl 29 qəpik vəsait sərf olunur.

Şuşa qəzasında işlər 100 verstlik ərazidə görülmüşdü. Bütün maliyyə işləri Gəncə quberniyası rəhbərliyinin sərəncamında idi. 1875-ci ilin yanvar ayında artıq qalan işlərin də yekunlaşması üçün Gəncə quberniya idarəsi müdirliyi əlavə 23. 850 rubl vəsaitin təxsis edilməsini təmin edir. İrəvan quberniyası hüdudlarında 60 verstlik ərazidə süni qurğuların hazırlanmasına isə 20.000 rubl vəsait axtarılırdı. Bu işlər bitdikdən sonra ümid edilirdi ki, nəqliyyat yolunda hərəkət bərpa olunacaqdı. Hələlik isə 20.000 vəsatin çatışmaması ucbatından məsələ ləngiyirdi.

Nəhayət, 1876-cı il ildə çətinliklə də olsa, Naxçıvan və Şuşa arasında çəkilən və dövrünə görə Cənubi Qafqazın iqtisadi inkişafında vacib rol oynayacaq həmin 170 verstlik yol hazırlandı.

İstər işğalçı rus imperiya hökuməti, istərsə də onun sovetləşmiş siması 200 il ərzində Azərbaycanın əzəli torpaqlarını parça-parça etməkdən ötrü girmədiyi “don”, eləmədiyi meymunluq qalmadı. Özlərinə bənzər primatları bu müqəddəs torpaqların bağrına yığdılar. Lakin təkcə yığmaqla da qalmadılar, bu nəcib xalqı vəhşi barbarlarla üz-üzə qoyub, öz torpağında sahibsiz, ixtiyarsız elədilər. Azərbaycanın o zamankı hökumətlərinin ifrat və lüzumsuz humanizmi, açıq-aşkar acizliyi və qorxaqlığı, bəlkə də daha çox etinasızlığı nəticəsində bu əziz millət daim əzildi, susduruldu, yurd-yuvasından didərgin düşdü. Doğrudur, Azərbaycanın bu başından o başına getək üçün həmin Şuşa-Naxçıvan yolundan azərbaycanlılar təyinatı üzrə istifadə elədilər. Lakin çox təəssüflər olsun ki, bu “öz halal çörəyimizi özgə minnətinə yemək”dən başqa bir şey ifadə etmədi.

Bu gün isə 44 günlük Qarabağ savaşının Böyük Qələbəsi fonunda dövlət başçımızın əzmlə, israrla “Zəngəzur dəhlizi”nin açılması yolunda apardığı diplomatik mücadilənin təhtəlşüurda yatan gerçəklərini anlamaq çətin olmamalıdır. Perspektivdə bizi gözləyənləri görməmək üçün ən azı kor olmalısan.

Söhbətini açdığımız “Şuşa-Naxçıvan tranzit yolu” da eyni yoldur. Həm də 146 ildir tarixin o üzündən üzü bəri gəlir. Unutmaq olmaz ki, tarixin təkəri də dayanmadan, daim irəliyə doğru hərəkət edir. Yollar çox-çox uzaq məsafələri yaxın etməklə mükəlləfdirlər: böyüyə-böyüyə, genişlənərək torpağın bağrına iz salırlar, həm də silinməz iz. Bu silinməyən izlərdən biri də “Şuşa-Naxçıvan yolu”dur. Öz təbii gözəlliyi, axar-baxarlığı ilə Azərbaycanın ən bənzərsiz yolu. Bəndəniz üçün isə bu yol həm də hər kəsi öz cazibəsiylə ovsunlayan dağlar mirvarisi - Laçına aparan yoldur.
Yolumuz açıq olsun!

Yeganə Kamal Cabbarlı
AMEA-nın Tarix İnstitunun dissertantı
Milli Arxiv İdarəsi elmi-məlumat kitabxanasının müdiri

Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Zəngəzur-dəhlizi   Şuşa   Naxçıvan  





Xəbər lenti