Ermənistan "Qazaxıstan ssenarisi"nə hazırlaşır? |
Paşinyan hakimiyyətindən öncə də Ermənistanda iqtidarda olan kriminal rejimin keçirdiyi bütün seçkilərdə çox ciddi saxtakarlıqlar baş verirdi və idarəçilik sükanı növbəti dəfə qəsb edilirdi, keçirilən aksiyalarda zorakılıqlar yaşanırdı. Beynəlxalq qurumlar, hansı ki, demokratiya çarçısı kimi çıxış edirlər, bu saxtakarlıqlara göz yumurdular. Və bu ikili yanaşma hələ də dəyişməyib; Qərb dünən Ermənistanda hakimiyyətdə Rusiyaya daha çox bağlı olan rejimin cinayətlərinə susurdusa, bu gün də eyni qaydada Sorosun adamı olan Paşinyan hakimiyyətinin insan hüquqları adına biabırçı davranışlarına susur. Demokratiyanın beşiyi kimi çıxış edən Qərb Ermənistanın timsalında əsl sifətini gizlədə bilmir və nə yazıqlar ki, bu, günümüzün dəyişməyən acı reallığıdır.
Ermənistanda yaşananlara reaksiya, ilk nöbvədə beynəlxalq güclərə öz imiclərini bərpa etmək üçün lazımdır. Lakin həftələrdir davam edən və zorakılıqla müşahidə olunan aksiyalar fonunda bu baş vermir. Nəticədə Qərb onsuz da kirlənmiş imicinə yenidən zərbə vurmuş olur. Ermənistandakı hadisələrə qiymət verilməməsi, həm də beynəlxalq güclər tərəfindən səslənən demokratiya, insan haqları haqqında bəyanatların cəfəngiyyat olduğunu bir daha təsdiqləyir.
Qərb institutları istəsələr belə özlərinin ikili standartlardan çıxış etdiklərini gizli saxlamaqda acizdir və lobbilərin əlində “demokratiya oyuncağına” çevriliblər. Özlərinə sərf edəndə demokratiya, insan hüquqları kimi dəyərləri tapdalamağın mümkünlüyünü Ermənistanın misalında isbat etmirlərmi? Bu, erməni lobbisinin pulunun cazibəsi qarşısında növbəti acizlik deyilmi? Ermənistanda polisin etdiklərinə göz yuman Qərbin Azərbaycanın daxili işinə qızışdırıcı metodlarla qarışmasının demokratiya ilə hansı bağlılığı var?
Beləliklə, Qərbin ikili yanaşmasının nəticəsində demokratiya, insan hüquqları kimi dəyərlər çoxdan şübhəli xarakter alıb və bu yəqinlik daha da artmaqdadır. Təkcə Ermənistana toxunulmaz yanaşma Qərbin demokratiya maskasının növbəti dəfə yerə düşməsi üçün kifayətdir. Azərbaycanın beynəlxalq imicinə davamlı ciddi zərbələr vurmaq üçün bütün imkanlarını hərəkətə gətirən Qərb instututları işğalçı dövlətdə yaşananları yenə də görməməkdə davam edir. Bir daha sübut olunur ki, Qərbin əslində demokratiya adı altında apardığı siyasətinin kökündə ikili standartlar, xristian təəssübkeşliyi dayanır...
AzVision.az
Elman Babayev