Çində benzin və dizelin qiyməti bu il səkkizinci dəfə artdı

   Çində benzin və dizelin qiyməti bu il səkkizinci dəfə artdı
  16 May 2022    Oxunub:902
Çin hakimiyyəti ilin əvvəlindən ölkə daxilində benzin və dizel yanacağının pərakəndə satış qiymətlərində səkkizinci dəfə artım olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin saytında dərc olunmuş məlumatda deyilir. Mayın 17-dən etibarən bir ton benzinin qiyməti 285 yuan (təxminən 42,5 dollar), dizel yanacağının qiyməti isə 270 yuan (təxminən 40,2 dollar) artacaq. Müvafiq tənzimləmədən sonra benzinin bir tonunun qiyməti 10570-11010 yuan (1577-1643 dollar), dizel yanacağının qiyməti isə 9605-9945 yuan (1433-1484 dollar) arasında olacaq.

Çinin mövcud yanacaq qiymətlərinin hökumət tərəfindən tənzimlənməsi siyasətinə əsasən, dünya bazarında neftin qiymətinin dəyişməsi daxili bazarda bir ton neft məhsulunun maya dəyərinin 50 yuandan çox artmasına və ya azalmasına səbəb olarsa və bu vəziyyət 10 iş günü ərzində davam edərsə, benzin və dizel yanacağının qiyməti tənzimlənir.

Çində hökumət subsidiyaları səbəbindən benzin və dizelin qiymətləri bölgədən bölgəyə dəyişir. Ən yüksək qiymət Çenqdu şəhərində, ən aşağı isə Sincan-Uyğur Muxtar Bölgəsindədir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Çin  





Xəbər lenti