Yaxın zərbələrin ustası: NLAW-nun fərqli cəhətləri nədir? – Detallar
Kompleksin son montajı və sınaqları Belfastdakı “Thales Air Defense” şirkətində keçirilir. Raketin komponentləri “Collins Aerospace”, “Eaton Ltd”, “Raytheon Systems Limited”, “National Plastics Aerospace”, “Skeldings”, “Express Engineering”, “Portsmouth Aviation”, “EPS Logistics Technology”, “Leafield Engineering”, “Metalweb” və “Thales Missile Electronics” şirkətlərində istehsal edilir.
Heyətlərin hazırlanması
Bu komplekslərdən istifadə edəcək Ukrayna hərbçiləri bu ilin əvvəlindən getman Petro Sahaydaçnı adına Milli Quru Qoşunları Akademiyasının təlim mərkəzində britaniyalı təlimatçılar tərəfindən hazırlanır (Getman - tarixən Orta və Şərqi Avropada hərbi komandirlərə verilən ən yüksək hərbi zabit tituludur).
Tətbiqi
Ukrayna Ordusu hazırda bu tank əleyhinə raket kompleksindən həm şəhər döyüşlərində, həm pusqularda, həm də qapalı məkanlardan (binalardan, sığınacaqlardan, zirzəmilərdən və s.) atəş açmaqla aktiv istifadə edirlər. 2015-ci ildə SAAB şirkəti raketin idarəetmə sistemi üçün proqram təminatını yeniləməklə kompleksin atəş məsafəsini 600 m-dən 800 m-ə qədər artırmağa nail oldu. Nəticə də kompleksin dəyəri də 40 faiz bahalaşdı.
İxracı
2015-ci ildən SAAB İsveçrə, Finlandiya, Lüksemburq, Böyük Britaniya, İndoneziya və Səudiyyə Ərəbistanın bu kompleksləri ixrac edib. Ukraynaya birbaşa tədarük olmayıb.
Fəaliyyət prinsipi
Tank əleyhinə idarə olunan raketin fəaliyyəti “atdım-unutdum” prinsipinə əsaslanır. Raketlər hermetik şüşə-plastik daşınan atıcı konteynerlərdə çatdırılır. Konteynerə izləmə və hesablama bloku, 2,5 dəfə böyütmə imkanına malik gündüz nişangahı əlavə olunur. Digər istehsalçıların termal görüntü və gecə nişangahları da quraşdırıla bilər. NLAW bir şəxs tərəfindən daşınır və istifadə edilir. Atəş uzanaraq, diz çökərək və ya ayaq üstə açıla bilər. Hədəfin icazə verilən yüksəklik bucaqlarının diapazonu ±45°, istismar temperaturu -38 ilə +63 °C arasındadır.
Raketi işə salmaq üçün qumbaraatan hədəfi ələ keçirməli və ən azı üç saniyə onu müşayiət etməlidir ki, nişangahın elektronika bölməsi hədəfə qədər olan məsafəni, onun bucaq sürətini, barıt yükünün temperaturunu, hədəfin yüksəklik bucağını, hündürlüyünü və hədəfə qədər olan məsafəni müəyyən edə bilsin. 3 saniyə ərzində düzəlişlər avtomatik olaraq hesablanır və tətiyin kilidi açılır. Bundan sonra raket buraxıla bilər.
NLAW iki mərhələli sərt yanacaqlı raket mühərrikindən istifadə edir. Birinci mərhələ raketi buraxılış qutusundan təxminən 40 m/s sürətlə irəliyə doğru itələyir, bundan sonra o, raketdən ayrılır. Qumbaraatandan təhlükəsiz məsafədə (təxminən dörd metrdə) ikinci mərhələ işə düşür və raketi təxminən 200 m/s sürətə çatdırır.
Uçuş zamanı idarə olunan raket inersial naviqasiya sisteminin köməyi ilə əvvəlcədən müəyyən edilən kursu saxlayır və əvvəlcədən müəyyən edilən görüş nöqtəsinə uçur. Kursdan yayınmalar avtomatik olaraq düzəldilir. Klassik TƏİRK-lərdən, məsələn “Spike” və “Javelin” raketlərindən fərqli olaraq, NLAW atəşdən sonra idarə olunmur.
Üstünlükləri
NLAW həm yığcamdır, həm çiyindən atəş aça bilir, həm bir nəfər heyət üçvü tərəfindən tətbiq edilir, həm də beş saniyədə döyüşə hazır vəziyyətə gətirilə bilir. Kompleks hədəfin hündürlük bucağını, məsafəsini və bucaq sürətini, həmçinin meteoroloji məlumatları ölçməyə qadir olan “ağıllı” nişangahla təchiz edilib.
Çatışmazlıqları
Kompleksin raketi uçuş zamanı operator tərəfindən idarə olunmur, digər analoji komplekslər kimi raketi hədəfə kilidləyə bilmir. Hədəf atəşdən sonra yerini dəyişərsə, raket hədəfə deil, atəşdən əvvəl təyin edilən “görüş nöqtəsinə” uçur.
Taktiki və texniki xüsusiyyətləri
Raketin çapı: 150 mm;
Döyüş başlığının çapı: 105 mm;
Kompleksin kütləsi: 12.4 kq;
Raketin kütləsi: 1.8 kq;
Atıcı qurğunun uzunluğu: 1016 mm;
Döyüş başlığının zirehə nüfuzetməsi: 50 mm;
Konteynerin çıxış sürəti: 40 m/s;
Trayektoriyada maksimal sürət: 200 m/s;
Maksimum atəş məsafəsinə uçuş müddəti: 4.4 s;
Ləğvedicinin aktivləşdirmə diapazonu: startdan 5,6 saniyə sonra;
Nişangah: “Trijicon” TA41 NLAW 2.5×20;
Tətbiq temperatur diapazonu: -38 … +63 °C
Qiyməti
2008-ci ildə NLAW təxminən 20.000 funt sterlinqə (27.000 ABŞ dolları) satılırdısa, bu rəqəm 2022-ci ildə 28.000 funt sterlinqə (37.000 ABŞ dolları) qədər artıb.
Nəticə
NLAW tanıdığımız tank əleyhinə qumbaraatanlar ilə idarəolunan komplekslər arasında keçid modeli və ya minimum atəş mısafəsinə malik ilk versiya “Javelin” kompleksi ilə müqayisə edilə bilər. Ukraynada geniş döyüş tətbiqinə malik kompleksin raketi uçuş zamanı idarə olunsa da, o, yalnız xarici mühitin raketə təsirini kompensasiya edən inersial idarəetmə sistemi ilə təchiz edilib. Uçuş zamanı operator tərəfindən raket idarə olunmur, yəni hədəf atəşdən sonra yerini dəyişəndə raketi hədəfə yönəltmək mümkün olmur.
NLAW klassik tank əleyhinə qumbaraatandan hədəfin hündürlük bucağını, məsafəsini və bucaq sürətini, həmçinin meteoroloji məlumatları ölçməyə qadir olan “Trijicon” TA41 NLAW 2.5×20 tipli “ağıllı” nişangahla təchiz edilib. Bu isə lazımi düzəlişləri və avtomatik olaraq hesablamağa imkan verir.
İstənilən halda NLAW kompleksləri bu müharibənin tarixində düşmənin zirehli vasitələrinə qarşı Ukrayna ordusunun ən effektiv silahı kimi yadda qalacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Teqlər: Müharibə