İsrail prezidenti tarixdə ilk dəfə BƏƏ-yə səfər edəcək
Səfər çərçivəsində prezident BƏƏ rəhbəri ilə danışıqlar aparacaq, orada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşəcək və "Expo 2020 Dubai" sərgisində İsrailin Milli Gününün açılışını edəcək.
- Biz Birləşmiş Ərəb Əmirliklərinə ilk prezident səfərimizi etməklə tarix yazmaqdan qürur duyuruq. Bu mühüm səfər İsrail və BƏƏ xalqlarının yeni ümumi gələcəyin təməllərini qoymaqla məşğul olduqları bir vaxta təsadüf edəcək, - İsrail prezidenti deyib.
O, yeni tərəfdaşlığın Yaxın Şərqi dəyişəcəyinə və bütün regionu ruhlandıracağına əminliyini ifadə edib.
Xatırladaq ki, 2020-ci ilin avqustunda İsrail Birləşmiş Ərəb Əmirlikləri ilə barışıq sazişi imzalayıb. BƏƏ İsraillə diplomatik və iqtisadi əlaqələri dinc yolla tam tənzimləyən üçüncü ərəb ölkəsi (Misir və İordaniyadan sonra-red.) olub. Tərəflər əlaqələri bərpa etməyə və ölkələr arasında sərmayə, turizm, birbaşa uçuşlar, təhlükəsizlik və telekommunikasiya sahələrinin inkişafı planını birgə müəyyənləşdirməyə söz veriblər.
Tural Tağıyev
AzVision.az