"Ukrayna böhranı" dərinləşir - Britaniya XTQ-si diplomatların təxliyyəsinə hazırlaşır

  "Ukrayna böhranı" dərinləşir  - Britaniya XTQ-si diplomatların təxliyyəsinə hazırlaşır
  21 Yanvar 2022    Oxunub:1081
Rusiya ilə Qərb ölkələri arasında Ukraynaya görə yaranmış gərginlik daha da artıb. Rusiya artıq uzun müddətdir ki, sərhədə 100 mindən çox qoşun toplayıb. ABŞ və NATO rəhbərləri isə Moskvanın Ukraynaya hücum edəcəyi ilə bağlı ardıcıl bəyanatlar verir.
AzVision.az xəbər verir ki, artıq Böyük Britaniya Ukraynada Xüsusi Hava Desant Xidmətinin (SAS) qoşunlarını yerləşdirməyə hazırlaşır. Xüsusi təyinatlılar Rusiyanın hərbi əməliyyatlara başlayacağı təqdirdə Britaniya səfirliyinin işçilərini təxliyyə edəcəklər. Bu barədə "The Daily Express" məlumat yayıb. Məqalədə qeyd olunub ki, elit qoşun növü olan "SAS" hərbçiləri diplomatların Ukraynadan çıxarılması üçün bütün ehtiyat tədbirləri hazırlayır.

“Bakı Rusiya-Ukrayna böhranında vasitəçi ola bilər” – Nikolay Zamikula
- Əgər Moskva işğala qərar verərsə və Rusiya-Ukrayna sərhədində vəziyyət gərginləşərsə, Böyük Britaniya səfirliyinin ölkədə fəaliyyətini davam etdirməsi təhlükəli olacaq,-məqalədə yazılıb.

Məqalə müəllifi evakuasiyaya Böyük Britaniyanın ən məxfi bölməsi sayılan "E" eskadronunun da cəlb olunacağını qeyd edib.

Lakin Böyük Britaniyanın hərbi rəhbərliyindən mətbuata "SAS"ın belə bir əməliyyatda iştirak edəcəyi ilə bağlı rəsmi məlumat hələ daxil olmayıb.



"Sky News" isə Böyük Britaniyanın Ukraynaya 30-a yaxın elit hərbçini göndərməsini yazıb. Onlar yeni yaradılmış Xüsusi Əməliyyatlar Briqadasının bir hissəsi olacaq.

- Britaniya hərbçilərindən ibarət xüsusi qrup Ukrayna əsgərlərinə təlim keçəcək. Təlimdə əsas istiqamət Ukraynanın Böyük Britaniyadan aldığı yeni tank əleyhinə silahların istifadəsi olacaq, - məqalədə yazılıb.

"Sky News" göndərilən elit hərbçilərin "Ranger" Alayının bir hissəsi olduğunu yazıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında xəbər verilir ki, Ordunun Xüsusi Əməliyyatlar Briqadasının tərkibinə dörd "Ranger" batalyonu daxildir. Bu bölmələrin əsas vəzifəsi dünya üzrə müttəfiqlər və tərəfdaşlarla qarşılıqlı əlaqədə olmaq və Böyük Britaniyanın təhlükəsizliyinə, maraqlarına təhdid mənbələrinə qarşı mübarizə aparmaqdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti