Şamaxıda bir gün

     Şamaxıda bir gün
  28 Dekabr 2021    Oxunub:1951
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması baxımından aqrar sahənin inkişaf edirilməsi ən önəmli vəzifələr sırasındadır. Bu müstəvidə qarşıya qoyulan hədəflərə çatılmasını şərtləndirən əsas amillərdən biri ölkəmizdə kənd təsərrüfatının dərin və geniş imkanlarının olması ənənəsidir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Şamaxıya təşkil etdiyi mediatur zamanı bu məqam bir daha öz sübutunu tapdı.

Mediatur çərçivəsində tədbir iştirakçılarının baş çəkdikləri ilk təsərrüfat obyekti Şamaxı Üzüm Tingçilik Mərkəzi oldu. Qədim Şamaxı daim öz tarixi qədər də qədim olan üzümçülük təsərrüfatı ənənəsi ilə seçilib. Təsadüfi deyil ki, bu reallığın məntiqi davamı kimi noyabrın ilk günündə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Şamaxıda Üzüm Tingçilik Mərkəzinin açılışı olub.
Ölkənin bütün rayonlarındakı üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin edəcək mərkəzdə ildə 1 milyon tingin istehsalı nəzərdə tutulub. Bununla da, 1,2 hektarlıq sahədə salınmış Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatı yerli istehsal hesabına ödəməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglərin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə ixracı nəticəsində isə Azərbaycan valyuta da qazana biləcək. Bu məqamalar və mərkəzdəki istehsal prosesi barədə Şamaxı təcrübə stansiyasının direktoru Ramiz Hüseynov geniş açqılama verdi.



- Dünyada analoqu olmayan bu Mərkəzin fəaliyyəti nəticəsində xaricdən tədarük edilən tinglərlə gələn xəstəliklərin qarşısı da alınır. Burada əvvəlcə təxminən 40 sm uzunluqda olan calaqaltılara müxtəlif növ üzümlərin tingləri calanır. Havada 20 dərəcədən yüksək istilik şəraiti müşahidə edildikdə calanmış tinglər adi sahələrə köçürülür. Buna qədər isə parafinləşmiş calaqaltılara peyvənd olunmuş tinglər kök atana qədər mərkəzdə xüsusi şəraitdə saxlanılır. Bu tinglər daha çox dəmyə sahələr, şoranlıq və suyun qıt olduğu torpaqlar üçün nəzərdə tutulub. Belə ki, onlar susuzluğa çox dözümlüdürlər. Sahələrə köçürülən bu tinglər artıq 3-cü ildə bar verməyə başlayırlar. Əgər əvvəllər sahibkarlarımız bu tingləri xaricdən valyuta ilə alırdılarsa, indi buna mərkəzimizlə əməkdaşlıq çərçivəsində nail olacaqlar. Nəticədə indiyədək xariclə alış-verişə sərf olunan valyuta Azərbaycanda qalacaq. Orta və uzaq perspektivdə isə xarici ölkələrə satacağımız tinglər təsərrüfatımıza və dövlət büdcəmizə valyuta gətirəcək, - Ramiz Hüseynov bildirdi.

Mediatur çərçivəsində jurnalistlərin yaxından tanış olduqları ikinci obyekt dəniz səviyyəsindən 2130 metr yüksəklidə yerləşən Pirqulu dağ-meşə massivində yaradılmış Safari Parkı oldu.

Ərazisinin genişliyi, saxlanılan heyvanların sayı və növü baxımından yalnız Azərbaycanda yox, bütövlükdə Qafqazda birinci pillədə dayanan Şamaxı Safari Parkı unikal təbiət eksponatı sayıla bilər. 2015-2016-cı ildə əsası qoyulan və ümumi sahəsi təxminən 1500 hektar təşkil edən Safari Parkda 1300-1500 baş iribuynuzlu təbiət sakini var ki, bunların da böyük əksəriyyəti müxtəli ölkələrdən gətirilmiş marallardır. Bundan başqa, Safari Parkda xüsusi volyerlərdə yak, zubr, bizon, lama, alpakalar, muflonlar da saxlanılır. Hər il peyvəndləşmə prosedurundan keçən heyvanların təbii artımı prosesi də xüsusi qaydada izlənilir. Fəsillərə uyğun şəkildə qida rejimləri dəyişdirilən heyvanlara qış mövsümündə gündə iki, yayda isə gündə bir dəfə ot və vələmir verilir. Belə ki, yayda onlar həm də təbii ot örtüyündən də faydalanırlar. Heyvanların suya olan tələbatı ərazidə yaradılmış süni su hövzələri vasitəsilə ödənilir.




Yaxın perspektivdə maralların buynuzlarından (pantılardan) alınacaq minerallar əsasında fəaliyyət göstərəcək sanatoriyanın da açılması palnlaşdırılır. Bir çox xəstəliklərə şəfa verən pantılardan parfümeriya sahəsində də geniş istifadə olunsa da, onların ən önəmli faydası insan orqanizmini cavanlaşdıra bilməsidir.

Bir sıra texniki səbəblər və koronavirus pandemiyası üzündən Safari Parkda qadağan edilmiş ekskursiyalar təxminən 3 ay əvvəl yenidən bərpa olunub. Şamaxı Safari Parkının böyük önəmini təsdiqləyən daha bir məqam isə parkın vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasının - IDUBA-nın üzvü olmasıdır.

Şamaxıda arıçılıq təsərrüfatlarının inkişafı xüsusi bir mövzudur. Mediatur iştirakçılarının səfər çərçivəsində ziyarət etdikləri son məkan olan arıçılıq təsərrüfatının təmsilçilərinin söylədikləri məhz belə düşünməyə əsas verir. Bal arılarının yetişdirilməsi və saxlanması, onlardan kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadəsi yönündə rayonun arıçılıq təsərrüfatlarının son illərdə qazandığı uğurlar bu sahədə mövcud potensialın hələ pik həddi deyil. Bu baxımdan, arıçılıq təsərrüfatı üzrə mütəxəssislər iqtisadi cəhətdən yüksək rentabelli fəa¬liy¬yət, insanların sağlamlığı üçün unikal qida və müalicə əhəmiyyətli məhsulların istehsalı sahəsi kimi arıçılığın inkişafı üçün bütün şəraitin yaradıldığını qeyd ediblər. Bu kontekstdə arıçılığın inkişafının aqrar sektorun digər sahələrində məhsuldarlığın artırılmasına və sağlam ekoloji mühitin formalaşdırılmasına göstərdiyi müsbət təsir xüsusi vurğulandı.

Sahil İsgəndərov

AzVision.az

Teqlər: Şamaxı   Mediatur  







Xəbər lenti