Elmdə dönüş yaradacaq hadisə: “Ceyms Uebb” kosmosa göndərilir - CANLI YAYIM

      Elmdə dönüş yaradacaq hadisə:    “Ceyms Uebb” kosmosa göndərilir -    CANLI YAYIM
  25 Dekabr 2021    Oxunub:4156
Bu dəqiqələrdə Fransaya məxsus Kuru kosmodromunda “Ariane 5” daşıyıcı raketi “Ceyms Uebb” Teleskopunu kosmosa qaldırır. Bu, son 25 ilin ən vacib və ən böyük elmi qurğularından biridir. 9.8 milyard dollar qiyməti olan teleskop çox riskli bir kosmik səyahətə başlayır. Bu, o qədər riskli bir səyahətdir ki, çoxları “Ceyms Uebb” layihəsini hətta avantüra sayırdı, ABŞ Konqresi isə dəfələrlə onun maliyyəsini kəsmək istəsə də, dünya alimlərinin etirazları ilə üzləşib. Nədir bu “Ceyms Uebb”, niyə bu qədər risklidir, niyə bu qədər vacibdir və əgər hər şey yaxşı getsə, bizə nə verəcək?

“Ceyms Uebb” Yerdən 1,5 milyon kilometr aralıda, L2 adlanan Laqranj nöqtəsində planetin kölgəsində yerləşəcək. Cihazın normal işləməsi üçün gərək onun üstünə nəinki heç vaxt Günəş işığı düşməsin, hətta Yerin istiliyi də mane olmasın. Buna görə onu 5 qatlı xüsusi nəhəng “qalxan” Yer tərəfdən mühafizə edəcək.
Fəqət 6,5 metr diametri olan teleskop Yerdən 1.5 milyon kilometr kənarda necə qurulacaq, necə nizamlanacaq, problem çıxsa, 10 milyardlıq teleskopu kim təmir edəcək? Heç kim. Halbuki, 2.4 metr diametri olan “Habbl” 4 dəfə kosmonavtlar tərəfindən təmir edilib.


Normal halda “Ceyms Uebb” heç bir daşıyıcı raketə yerləşməzdi. Buna görə də, NASA-nın mühəndisləri onu 18 hissəyə bükülən şəkildə düzəldiblər. Həmin hissələr yolda bir-bir açılacaqlar. Yerdən buraxılandan 13 gün sonra teleskop tam açılıb, işçi vəziyyətə gələcək, 29 gün sonra isə “Laqranj-2” nöqtəsində yerini tutmaq üçün son manevrini edəcək.


Teleskop işə başlayana qədər kosmosda 300 mürəkkəb əməliyyat həyata keçirməlidir. Bu zaman 344 çeşiddə problem yarana bilər. Bunların 80%-i kosmosda özünü qurma mexanizmlərinin işi ilə bağlıdır. Təkcə qalxanın açılması üçün 140 mexanizm işləyəcək. Onların hamısı Yerdə dəfələrlə məşq edilib ki, alınmamaq ehtimalı sıfıra ensin. Amma kosmosda, çəkisizlik şəraitində nəyin necə olacağını heç kim bilmir.


Fəqət hər şey qaydasında getsə və teleskop mənzil başına çatıb, işə başlasa, elmdə möhtəşəm bir səhifə açılacaq. Dünya alimləri artıq öz müraciətləri ilə NASA-nın elçi daşında növbəyə düzülüblər. Amma “Ceyms Uebb”in ilk işi Yupiterin peyki “Avropa”nı tədqiq etmək olacaq. Onun buzlu okeanlarında həyatın olduğu güman edilir. Əgər buna aid iz tapılarsa, NASA “Avropa”ya zond göndərmək üçün qollarını çırmalayacaq.


94-cü ildə buraxılan “Habbl” teleskopu bizim kainat haqqında bütün fikirlərimizi dəyişərək, astronomiyada inqilab elədi. Amma onun verdiyi məlumatlar cavabdan çox sual yaratdılar. Məhz bu teleskop “qara maddə”, “qara enerji” kimi ifadələri bizim dilimizə saldı. Buradakı “qara” sifəti o deməkdir ki, biz onların haqqında heç nə bilmirik. “Habbl”dan öyrəndiyimiz o oldu ki, kainatın 95%-nin nədən ibarət olduğu haqqında heç bir anlayışımız yoxdur. “Böyük Partlama” barədə çox az şey bilirik. İlk uluzların necə yaranması, ilk qalaktikaların necə formalaşıması haqqında da həmçinin. Bu suallara verilən dəqiq cavablar bəşəriyyətin dünyagörüşünü əsaslı şəkildə dəyişə bilər. Ona görə də, entuziastlar düşünürlər ki, bu gün elmdə böyük bir inqilabın başladığı gün kimi tarixə düşəcək.


Üstündə yaşadığımız Yer Kürəsi də daxil olmaqla, planetlər necə yaranıb? Bu gün elmdəki hakim nəzəriyyəyə görə ulduzların ətrafında fırlanan kosmik qaz-toz buludundan. Ulduzlar necə yaranıb? Hakim nəzəriyyəyə görə qravitasiya nəticəsində öz içinə çökən nebulalardan – kosmik dumanlıqlardan. Amma biz hələ də bu prosesi kosmosda müşahidə edə bilməmişik. “Ceyms Uebb” bu nəzəriyyələri təsdiqləyə bilər. Amma missiyanın qarşısında qoyulan iki sual xüsusilə önəmlidir: Kainatın özü necə yaranıb və başqa planetlərdə həyat varmı? Bu sulların cavabını bilmək nəyə desəniz dəyər. Çünki Yerdən kənarda həyatın izinin tapılması bəşəriyyətin həyatın nə olması və necə yaranması haqqında təsəvvürlərində inqilab edəcək. Biz o inqilaba çoxdan hazırıq, amma siqnal yoxdur.

Kosmik obyektlər bizdən nə qədər uzaqdadırsa, bir o qədər sürətlə uzaqlaşır. Ona görə də, ən birinci ulduzları - onlar böyük partlamadan təxminən 200 milyon il sonra yaranıblar,- bu gün artıq optik teleskopla görmək mümkün deyil. Onların izləri Dopler effektinə uyğun olaraq, spektrin infraqırmızı diapazonuna sürüşüb. Ceyms Uebb mütləq sıfıra yaxın temperaturda – mənfi 267 dərəcədə işləyərək, ən birinci ulduzların və qalaktikaların kosmosda qalmış zəif istilik izlərini tutmağa çalışacaq. Biz bəzi böyük sualların cavablarını öyrənməyə çox yaxınıq.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Elm   Astronomiya   Ceyms-Uebb  





Xəbər lenti