Əsrin Azərbaycanlısı

// Bizim azərbaycanlı iqrarımızı imana çevirən adam

      Əsrin Azərbaycanlısı
  24 Dekabr 2021    Oxunub:4230
İlham Əliyev hakimiyyətə “hər bir azərbaycanlının prezidenti olacağam” vədi ilə gəlmişdi. Amma artıq bir ildən çoxdur ki, o, hər bir azərbaycanlının təkcə prezidenti deyil. Bir ildən çoxdur ki, o, ümumiyyətlə, təkcə prezident deyil, fərqli bir obraz, status, həmçinin, başa çatdırdığı və davam edən missiyaları ilə qarşımızdadır.
Ömrünün 60-cı ilinə Azərbaycan tarixinin ən böyük simalarından biri olaraq qədəm qoyur. 60 yaş siyasətçi üçün yetkinlik dövrüdür. Cənab Əliyev isə ömrünün bu mərhələsinə mürəkkəb tarixi düyünü çözməyi bacarmış nadir dünya liderlərindən biri kimi başlayır. İkinci Qarabağ müharibəsinin nə demək olduğu bizi ondan ayıran zaman məsafəsi artdıqca daha aydın görünəcək. Amma indidən bəllidir ki, həmin müharibəni qısa müddətdə minimal itki ilə qazanmaq bir yana, ona hazırlaşmaq və düzgün zamanı yaxalaya bilmək üçün dünya səviyyəli siyasət qrossmeysteri olmaq lazım idi. Axı müasir dünyada oyun qaydaları çox dolaşıqdır: Birinin silah almaq üçün pulunun olması kifayət deyil (Türkiyə pulunu verdiyi halda, ona “Patriot” və “F-35”ləri satmadılar); digər tərəfdən, başqasının pulu olmasa da, ona silah verirlər. Belə münasibətlərin olduğu dünyada Ordu qurmaq asandırmı?! Bu qlobal oyunlarda bir xırda səhv hər şeyi başlamamış bitirə bilərdi. İlham Əliyev heç bir mərhələdə heç bir səhv etmədi.

İkincisi, yəqin ki, bizim Vətən Müharibəsinə başlaya bilməyimiz zəfəri qazanmaqdan daha çətin olub. Çünki Ermənistan bizimlə döyüşmək istəmirdi. Tovuz hadisələrindən sonra İlham Əliyev onları "Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq", - deyə meydana çağırmışdı. Güclü olmaq kifayət deyil, sən o gücü tətbiq etmək üçün döyüşmək haqqını əldə etməyi bacarmalısan. Napoleon I Aleksandra dəfələrlə “Gəl, mənimlə vuruş, bu məsələni həll edək” şəklində məktublar yazmışdı. Amma nə qədər çırpınsa da, döyüş ala bilmədi. Eynilə, biz də döyüş istəyirdik, onu bizə vermirdilər. Napoleonda güc, Aleksandrda ağıl vardı. 44 günlük Müharibədə isə bunların hər ikisi İlham Əliyevdə idi.


İlham Əliyev mürəkkəb tarixi məsələni həll edərkən heç bir yerdə zərrəcə də heç bir səhvə yol vermədi. Hiss olunurdu ki, o, bütün siyasi ömrünü bu iş üçün hazırlaşmağa sərf etmişdi. İdmanla yaxından əlaqəsi olan dövlət başçımız sözsüz, gözəl bilir, əksər idmançıların illərlə çəkdiyi zəhmət, ağır məşqlər, hazırlıqlar sonda bir neçə dəqiqənin nəticəsi üçüdür. İlham Əliyevin keçdiyi bütün sınaqlar və hazırlıqlar da, sanki hamımızın həyatının kulminasiyası olacaq 44 gün üçün hesablanmışdı. O, tarixin əsas imtahanından əla qiymətlə çıxdı, bunu yaşadı və yaşatdı.

O, bütün gözləntiləri, proqnozları darmadağın etdi. Göstərdi ki, hər şeyi hamıdan yaxşı bilir, sadəcə, bunu bildirmir. Sübut etdi ki, onu tanımayanlar bir yana, tanıyanlar da yanılıblar – kifayət qədər yaxşı tanımadıqlarına görə. Bundan sonra İlham Əliyevə sadəcə siyasətçi, prezident, lider kimi yanaşmaq, onun addımlarını siyasətin standart politoloji metodları ilə dəyərləndirmək mümkün deyil. Biz qəbul etməliyik ki, Azərbaycan tarixinin ən vacib fiquru ilə eyni tarixi dövrdə yaşayırıq.

Amma maraqlısı odur ki, özünün və xalqının həyatındakı ən mürəkkəb məsələni həll edəndən sonra İlham Əliyev sanki daha da sadələşib, daha təvazökar, daha səmimi olub. Bu, artıq həqiqi Böyüklüyün əlamətidir. Biz onda özünü illərlə narahat edən bir müşküldən qurtulmuş insanın rahatlığını, inamını və ümidini görürük. Tarixdə uğurlu sərkərdələr və uğurlu dövlət rəhbərləri olub, amma eyni zamanda ikisinin bir şəxsdə birləşməsi nadir haldır. Buna misallar da azdır - məsələn, Atatürk və ya Bismark kimi.


Açıq danışaq: Bizim çoxumuz üçün qələbə məqsəd idi. Şəxsən mənim arzum bu idi ki, ölməmişdən qabaq düşmənə qalib gəldiyimizi görüm. Məğlub xalqın nümayəndəsi kimi ölmək istəmirdim. Cənab Ali Baş Komandan Şuşanın azad edilməsi xəbərini verəndə ilk sözüm qeyri-ixtiyari şəkildə “Bundan sonra rahat ölə bilərik!” olmuşdu. Amma İlham Əliyev bütün fəaliyyətilə göstərir ki, onun üçün qələbə məqsədin bilavasitə özü yox, vasitəsidir. Məqsəd isə Böyük və Güclü Azərbaycandır. Buna görə o, qələbədən sonra da döyüşür – sadəcə, başqa müstəvilərdə. Prezidentin enerjisinə, yorulmadan, istirahətsiz çalışmasına heyrət etməmək mümkün deyil. Bu cür tükənməz enerjini insana ancaq bircə şey verə bilər – can atdığın məqsədin böyüklüyünü dərk etmək.

Heydər Əliyev “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərilə bizə necə düşünməli olduğumuzu göstərmişdisə, İlham Əliyev bu zaman nə hiss etməli olduğumuzu yaşatdı. Heydər Əliyev Azərbaycan dövlətini yaratmışdısa, İlham Əliyev bizi sözün böyük mənasında Azərbaycanlı etdi. O, bizə Azərbaycanlı olmağın gözəlliyini, zövqünü yaşatdı.

İlahiyyatda iqrar və iman anlayışları fərqləndirilir. Bunlar ayrı-ayrı səviyyələrdir: bir var sən Allaha inandığını dillə deyirsən – iqrar edirsən, bir də var daxilən, qəlbinlə hiss edirsən, o inam sənin içini aydınladır. İlham Əliyev bizə azərbaycanlı olmaqla fəxr etməyi qəlbən hiss etdirdi, bizi azərbaycanlı olmaq imanına gətirdi. Bizim “azərbaycanlıyam” iqrarımızı imana çevirdi. Özünü isə Azərbaycanlı olmaq imanının peyğəmbərinə.

Onun hakimiyyəti dövründə dünyada və yaxın-uzaq bölgələrdə çox ağır, gərgin hadisələr yaşandı. Əvvəlcə “narıncı inqilablar”, sonra “ərəb baharı” deyilən dalğalar, iki ağır iqtisadi böhran baş verdi. Amma Azərbaycan bütün bu hadisələrin hər birindən güclənərək çıxdı. “Fırtınalar böyük kapitanlar yetirir” deyirlər. Tam doğru deyil. Frtınalar böyük kapitanlar yetirmir, kapitanarın içindəki böyüklük potensialının reallaşmasına imkan verir. Vətən Müharibəsi vaxtı çoxları sosial şəbəkədə İlham Əliyevə “rəis” deyə müraciət edirdilər. Rəis – orta əsrlərdə türklərin gəmi kapitanlarına verdikləri addır. Gəmi həmişə rəisə əmanətdir. Və o, sözüz ki, bu gəmini düzgün yolla doğru limanlara aparacaq.

Vüsal Məmmədov
Azərbaycanlı olmağı ilə fəxr edən və buna görə özünü İlham Əliyevə borclu bilən vətəndaş


Teqlər: İlham-Əliyev  





Xəbər lenti