Baş Prokurorluqdan helikopter qəzası ilə bağlı çağırış

   Baş Prokurorluqdan helikopter qəzası ilə bağlı çağırış
  30 Noyabr 2021    Oxunub:985
Baş Prokurorluq helikopter qəzası ilə bağlı KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, ajiotaj yaradacaq məlumatlar yaymamağa çağırır. AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib. O qəza ilə bağlı keçirilən brifinqdə bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur.
“Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Günay Səlimzadə həmçinin qəzada 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığnı da söyləyib. Onun sözlərinə görə, istintaqın hazırkı mərhələsində noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş təlimini həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mi17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilə istisna olunur.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti