Beynəlxalq Hüquq böhran keçirir - TƏHLİL

Beynəlxalq Hüquq böhran keçirir - TƏHLİL
  01 Aprel 2014    Oxunub:1577
Ceffri Devid Saks
Amerikalı iqtisadçı, Harvard Universitetində fəlsəfə doktoru, Kolumbiya Universitetinin `Yer İnstitutu`nun direktoru

Ukrayna 1994-cü ildə keçmiş SSRİ-dən ona miras qalmış nüvə silahından imtina etdi. Əvəzində Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Rusiya ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyacaqlarına rəsmi öhdəlik götürdülər. Rusiya hazırda bu öhdəliyi pozmaqla nəinki Ukraynaya zərər verdi, həm də nüvə silahının yayılmaması barədə beynəlxalq hüququn əsaslarını sarsıtdı.

Əgər Rusiya bu məsələdə öz kursunu dəyişməsə (çox böyük ehtimalla dəyişməyəcək), onda bunun qlobal nəticələri olacaq. Sanksiyalar tətbiq etməklə Rusiya və dünya iqtisadiyyatını zəiflədəcək ABŞ və Avropa Birliyi daha çox gərginliyin və millətçiliyin yayılmasına rəvac verəcəklər. Hər hansı tərəfin yol verəcəyi səhv fəlakətə səbəb ola bilər. 100 il bundan əvvəl Birinci Dünya müharibəsinin özündənrazılıq və səhvlər nəticəsində başlandığın xatırlamaq kifayətdir.

Ukrayna böhranından daha təhlükəlisi son illər ərzində beynəlxalq hüquqa qarşı saymazlıqdır. Rusiyanın son hərəkətlərinin ciddiliyin kiçiltməmək şərtilə qeyd etməliyik ki, bütün bunlar son illər ərzində beynəlxalq hüququn ABŞ, Aİ və NATO tərəfindən pozulması ilə müşaiyət olunur. Hər belə pozuntu kövrək beynəlxalq hüquq strukturunu sarsıdır və dünyanı hamının hamıya qarşı olduğu qanunsuz müharibələr dövrünə ata bilər.

ABŞ və müttəfiqləri son illər ərzində BMT nizamnaməsini pozaraq və BMT Təhlükəsizlik Şurasının dəstəyini almadan silsilə hərbi müdaxilələr təşkil edib. 1999-cu ildə ABŞ-ın rəhbərliyi altında NATO-nun Serbiyanı bombalaması heç bir beynəlxalq sanksiya ilə üzləşmədi. Baxmayaraq ki, Serbiyanın müttəfiqi Rusiya sərt şəkildə əməliyyata qarşı çıxırdı.

Sonradan Kosovanın Serbiyadan ayırlaraq müstəqilliyini elan etməsini ABŞ və Avropa İttifaqının əksər ölkələri tanıdılar. Və bu, Rusiya üçün Krımdakı hərəkətləri zamanı tez-tez istinad etdiyi presedent oldu. Paradokslar göz önündədir.

Kosovodakı müharibənin arxasınca Əfqanıstanda və İraqda müharibələr oldu. ABŞ-ın rəhbərlik etdiyi hərbi kampaniyalar BMT Təhlükəsizlik Şurasının dəstəyi olmadan aparıldı. İraq məsələsində isə hətta daxili etirazlar da buna mane ola bilmədi. Həm Əfqanıstan, həm də İraq üçün müharibənin nəticələri çox ağır oldu.

NATO-nun 2011-ci ildə Liviyada Müəmmər Qəddafi hakimiyyətini devirmək üçün göstərdiyi fəaliyyət də beynəlxalq hüququn pozulması nümunəsidir. Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz hava məkanı müəyyənləşdirən qətnamə qəbul etdikdən sonra NATO dinc sakinlərin müdafiəsi bəhanəsilə Qəddafi rejimini hava zərbələri yolu ilə devirməyə çalışdı. Rusiya və Çin inadla buna etiraz edərək NATO-nun öz səlahiyyət həddini aşdığını iddia edirdi. Nəticədə. Liviya bugün də effektli milli hökuməti olmayan amansız və qeyri-stabil ölkə olaraq qalır.

Rusiyanın dəfələrlə bildirdiyi kimi, ABŞ-ın Suriyadakı hərəkətləri də qanunsuz idi. 2011-ci ilin baharında “ərəb baharı” başlayanda Suriyadakı dinc nümayişlər islahat tələb edirdi. Bəşər Əsəd hakimiyyətinin etirazçılarla sərt rəftarı bəzi hərbi hissələrin qiyam qaldırması ilə nəticələndi.

Məhz bu an- 2011-ci ilin yayında ABŞ hərbi qiyamı dəstəklədi və prezident Barak Obama Əsədin “kənara çəkilməli” olduğunu bildirdi.

Həmin vaxtdan etibarən ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və s. ölkələr Suriyanın suverenliyini və beynəlxalq hüququ pozaraq qiyamçılara material, texniki, maliyyə və hərbi yardımlar ayırmağa başladılar. Əsədin amansızlığı heç bir şübhə doğurmur. Amma ABŞ-ın yerli qiyamı dəstəkləməsi də Suriyanın suverenliyini pozur. Bu zorakılıq silsiləsi hazırkı vaxta qədər 130 mindən artıq suriyalının ölümünə və ölkənin infrastrukturunun dağılmasına səbəb olub.

ABŞ-ın başqa fəaliyyətləri - məsələn, digər ölkələrin ərazisində yerli hakimiyyətin icazəsi olmadan pilotsuz təyyarələrlə hücumlar təşkil etməsi, gizli hərbi əməliyyatlar, terrorçuluqda şübhəli bilinənlərə qarşı işgəncələr, ABŞ Milli Təhlükəsizlik Agentliyinin kütləvi casusluğu və s. də beynəlxalq hüququn pozulmasına nümunədir. Digər dövlətlər yaxud BMT nəznindəki strukturlar buna etiraz etsə də, Amerika bu etirazları özündən uzaq saxlayır.

Beynəlxalq hüququn özü yolayrıcındadır. ABŞ, Rusiya, Aİ və NATO bu hüquqdan öz maraqları üçün sitatlar gətirir, lakin fəaliyyətləri ilə onu pozurlar. Yenə də qeyd etmək lazımdır ki, bütün bunlar Rusiyanın hərəkətlərinə haqq qazandırmır, əksinə, beynəlxalq hüquqa zidd hərəkətlərinin ardıcıllığını davam etdirir.

Bu tip problemlər Asiyaya da keçə bilər. Yaxın zamanlara qədər Çin, Yaponiya və digər Asiyaya ölkələri Təhlükəsizlik Şurasının hər hansı ölkələrə hücum planlarını dəstəkləməsini tələb edirdilər. Lakin son vaxtlar bəzi Şərqi Asiya ölkələri sərhədlər, dəniz yolları və ərazi hüquqları məsələsində qarşılıqlı ittihamlarla çıxış edirlər. Hələ ki, mübahisələr sülh yolu ilə həll olunsa da, gərginlik artmağa doğru gedir. Biz yalnız ümid edə bilərik ki, region ölkələri hər bir ölkənin suverenliyinin qorunmasında beynəlxalq hüququn fundamental rol oynadığını dərk edirlər və buna uyğun hərəkət edirlər.

Artıq çoxdandır ki, beynəlxalq hüquqa skeptik yanaşanlar mövcuddur. Onlar fikirləşirlər ki, hüquq superdövlətlərin milli maraqlarının üzərində ola bilməz və rəqabətdə olan dövlətlər arasında tarazlığın saxlanılması dünyada sülhün qorunması üçün yeganə vasitədir. Bu baxımdan Rusiyanın Krımdakı fəaliyyəti də böyük dövlətin öz maraqlarını üstün tutmasına nümunədir.

Buna rəğmən, belə dünya çox dərin təhlükə daşıyır. Biz getdikcə daha aydın başa düşürük ki, əslində “güclər balansı” anlayışı yoxdur. Daim tarazlığını dəyişən və güc nisbətini dəyişən situasiyalar olur. Fundament olmadan bəzi konfliktlərin baş vermə ehtimal daha da yüksəlir.

Xüsusən bugün, ölkələrin neft və digər həyati vacib resurslar uğrunda mübarizə apardıqları dövrdə. Təsadüfi deyil ki, son illərin ən qanlı müharibələri zəngin təbii sərvətləri olan regionlarda baş verib.

Əgər keçmişə dönsək və Birinci Dünya Müharibəsinin baş vermə səbəblərinə baxsaq, yenə əmin olarıq ki, təhlükəsizliyin yeganə yolu BMT-nin dəstəklədiyi və bütün tərəflərin hörmət etdiyi beynəlxalq hüquqdur. Bəli, bu fikir sadəlövh səslənsə də, hər kəs keçmişə nəzərə salıb superdövlətlərin yürütdüyü siyasətin dünyada sülhdə və bəşəriyyətin çiçəklənməsinə xidmət etmədiyinə əmin olacaqlar.

Ukrayna böhranında Təhlükəsizlik Şurası Ukraynanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq yol tapmalıdır. Bu tez baş verməsə də, BMT sonrakı irəliləyişə ümid etməlidir. Necə ki, ABŞ Təhlükəsizlik Şurasına bu məsələ ilə bağlı müraciət edir, eləcə də Rusiya beynəlxalq hüquqa tabe olmalı və bununla da qlobal stabilliyin pozulmaması üçün öz töhfəsini verməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti