Türkdilli dövlətlərin uğurlu inteqrasiya modeli

   Türkdilli dövlətlərin uğurlu inteqrasiya modeli
  12 Noyabr 2021    Oxunub :1201
Müasir dövrdə istər dayanıqlı iqtisadi inkişafın təminatı, istər sülhün və sabitliyin qorunması, istərsə də qlobal təhdidlərin dəf edilməsi səylərin birləşdirilməsi zərurətini yaradıb. Bu müstəvidə etnokonfessional baxımdan eyni və ya oxşar köklərə, milli-mədəni tarixə və ənənələrə malik dövlətlərin əməkdaşlığını və inteqrasiyasını ehtiva edən təşkilatların təsisatı xüsusi önəm daşıyır. Sözsüz ki, belə qurumalrın yaradılması özü-özlüyündə sözügedən əməkdaşlığı şərtləndirmir. Əsas məsələ gündəlik fəaliyyət kontekstində təşkilata üzv dövlətlərin nizamnamə sənədlərində öz əksini tapmış məramların və müddəaların həyata keçirilməsində ardıcıl siyasət yürütməsi, qarşılıqlı maraqların dəstəklənməsi, xüsusilə də mövcud və ya potensial təhdidlərin qarşısının alınmasında vahid cəbhədən çıxış etmək iradəsi və bacarığıdır.
Bu mənada, 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə sazişin imzalanması xüsusi əhəmiyyət malikdir. Həmin vaxta qədər türkdilli dövlətlərin mövcud əlaqələri beynəlxalq hökumətlərarası təşkilata transformasiya edilərək yeni keyfiyyət müstəvisinə qaldırıldı. Bu kontekstdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) və TürkPA-nnı katibliyinin, habelə TÜRKSOY Fondunun yaradılması türkdilli ölkələri arasında bütün müstəvilərdə əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində irəliyə doğru böyük bir sıçrayış idi.
TDƏŞ-in məhz Naxçıvanda təsis olunması isə erməni təcavüzü ilə mübarizədə Azərbaycanın haqq işinə verilən dəstəyin və ölkəmizin türkdilli dövlətlərin inteqrasiya proesində oynadığı rolun yüksək səviyyədə qiymətləndirilməsinin təzahürü idi. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafını özünün xarici siyasət kursunun prioritet istiqamətlərindən birinə çevirmiş Azərbaycanın son iki ildə TDƏŞ-ə sədrliyi dövründə görülən işlər rəsmi Bakının ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultduğunu nümayiş etdirdi.

2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündən sonra Azərbaycanın təşkilata sədrliyi öz üzərinə götürməsi sanki qurumun dayanıqılığı və tezliklə bütün dünyanın üzləşəcəyi bəla ilə mübarizədə sınaqdan keçmək üçün bir test oldu. Bəşəriyyətin rastlaşdığı COVİD-19 pandemiyasının Azərbaycanın sədrliyi dövrünə təsadüf etməsinə rəğmən rəsmi Bakı məhz belə bir çətin vaxtda türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, TDƏŞ-in beynəlxalq aləmdə nüfuzunun xeyli gücləndirilməsinə öz ciddi töhfələrini verdi.
Sözsüz ki, bu illərdə keçirilən ən önməli tədbirlər və qəbul olunan qərarlar ilk növbədə COVİD-19 pandemiyası ilə mübarizəyə aid idi. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü dövlət və hökumət başçıları səviyyəsində bu problemlə bağlı videokonfrans şəklində keçirilən ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Həmin görüşdə pandemiya ilə mübarizə çərçivəsində Bakı Bəyannaməsi qəbul edildi. Tədbirin nəticəsi kimi quruma üzv ölkələr arasında pandemiya və sonrakı dövrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirildi, bu yöndə qarşıda dayanan vəziflər müzakirə edildi.



Həmin tədbirdən bir qədər sonra, 2020-ci il aprelin 28-də videokonfrans vasitəsilə Türk Şurasına üzv və müşahidəçi ölkələrin Səhiyyə nazirlərinin iclasında COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq perspektivləri, yoluxucu xəstəliklərlə mübarizədə müalicə üsulları, epidemioloji və elmi metodlar, epidemioloji monitorinqin aparılması və müxtəlif xəstəliklərlə mübarizədə “onlayn” bazanın yaradılması ətrafında müzakirələr aparıldı.
2020-ci il mayın 6-da Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrük qurumları rəhbərlərinin videokonfrans formatında keçirilən konfransında isə pandemiya dövründə mövcud sosial-iqtisadi çağırışlar fonunda əlavə mexanizm kimi “Birgə Türk İnvestisiya Fondu”nun təsis olunması prosesinin yekunlaşdırılmasının sürətləndirilməsi, Macarıstan və Avropada xüsusi investisiya təbliğat proqramı kimi məsələlər müzakirə edildi.

Cari il sentyabrın 10-da Türk Şurasının iqtisadi məsələlərə məsul nazirlərinin Bakıda keçirilən 10-cu iclasında “Türk Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” imzalandı.

Sözsüz ki, Azərbaycanın sədrliyi dövründə Türk Şurasının gündəliyində ən önəmli məsələ 44 günlük Vətən müharibəsi dövründə türkdilli dövlətlərin xalqımızın haqq işini dəstəkləməsi oldu. Bu kontekstdə Ermənistanın dinc azərbaycanlıları qətlə yetirməsi, münaqişə zonasından 100 kilometrlərlə uzaqda yerləşən şəhərlərə qadağan olunmuş raketlərlə zərbələr endirməsinə Türk Şurasına üzv dövlətlərin sərt reaksiyası həmin birliyin ən bariz nümunəsi idi. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə Türk Şurasının irəli sürdüyü təşəbbüs isə Suşanın bütün türk dünyasının tacında ən qiymətli inci kimi qiymətləndirilməsinə dəlalət edir.

Azərbaycanın TDƏŞ-ə sədrliyi dövründə türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığa verilən önəm öz təsdiqini Azərbaycanla Türkiyə arasında media platformasının yaradılmasında tapdı. Bu mənada cari ilin aprelində Bakıda keçirilmiş Türk Şurasının mediadan məsul nazir və rəsmilərin iclası xüsusi əhəmiyyətə malikdir. Həmin tədbirdə qəbul olunmuş qərarlar çərçivəsində bu il oktyabrın 22-24-də İstanbulda “Dərin kökə sahib keçmiş, güclü gələcək” mövzusunda Türk Şurası Media Forumu təşkil edildi.



Türk Şurası üçün ən önəmli məqamlardan biri də təşkilatın coğrafiyasının genişlənməsidir. Belə ki, Bakıda keçirilmiş 7-ci Zirvə Görüşündə Özbəkistan Türk Şurasına üzv oldu, bu gün İstanbulda işinə başlayan 8-ci Zirvə Görüşündə isə Türkmənistan təşkilat yanında müşahidəçi statusu əldə edəcək.

Azərbaycanın sədrliyi dövründə Türk Şurasının institusional inkişafı üzrə aparılan müzakirələrin məntiqi davamı kimi, İstanbul Zirvə Görüşündə Türk Şurasının “Türk Dövlətləri Təşkilatı” adlandırılması barədə qərar qəbul olunacaq. Bu isə qurumun beynəlxalq nüfuzunun artırılması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi işinə xidmət göstərəcək.

Bu gün 160 milyona yaxın insanın yaşadığı Türk Şurasına üzv ölkələrin ərazisi həm də özlüyündə çox böyük coğrafiyaya malik olan bir bazardır. Bölgədə reallaşdırılan beynəlxalq və regional layihələr bu ölkələr arasında əməkdaşlığa ciddi töhfələr verir. Zəngəzur dəhlizinin istismara verilməsi isə Türk Şurası ölkələri arasındakı bağlılığı daha da artırmaqla yanaşı, çoxtərəfli əməkdaşlığı yeni keyfiyyət müstəvisinə qaldıracaq, yük və sərnişin daşımalarının həcminə öz müsbət təsirini göstərəcək. İnteqrasiya proseslərinin dərinləşməsi cəmiyyətlər arasında təmasları intensivləşdirəcək ki, bu da türkdilli dövlətlərin uğurlu inteqrasiya modelinin yaradıldığının nüvbəti əyani sübutu olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: TürkŞurası   inteqrasiya  







Xəbər lenti