Müharibənin 30-cu günü: Zəfər marşının yeni səhifəsi

   Müharibənin 30-cu günü:  Zəfər marşının yeni səhifəsi
  26 Oktyabr 2021    Oxunub :471
2020-ci il oktyabrın Vətən müharibəsinin 30-cu gününə Azərbaycan Silahlı Qüvvələri döyüş meydanlarında qazandığı uğurlarla gəlmişdi.
Müharibənin 30-cu günü xalqa müraciət edən Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev həmin ərəfədə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş 17 kəndinin adlarını açıqladı.
Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;
Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;
Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

Dövlət başçısı Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edərək, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı, onun təbriklərini şəxsi heyətə çatdırmağı tapşırdı.

Xalqa müraciətində Azərbaycan Prezidenti müharibənin 30-cu gününədək düşmənin məhv edilən texnikalarının sayını da açıqladı:

“Düşmənin 252 tankı məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tank. Piyadaların döyüş maşını (PDM) 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79.

251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106.

53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.

Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.

6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” və 1 “Toçka-U” raketi məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.

Ac-yalavac Ermənistanın itirdiyi bu qədər texnikanı hansı vəsait hesabına aldığını sual edən Azərbaycan Prezidenti rəsmi İrəvanın havadarlarına və Trükiyəyə məxsus F-16-lar barədə ona təxribt xarakterli suallar verən qərəzli jurnalistlərə sərt mesaj ünvanladı.

-Bu pul haradandır? Biz öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıb? Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi?, -Prezident İlham Əliyev soruşdu.

Azərbaycan Prezidenti bütün bu haqsızlıqlara rəğmən, artıq bir aydır ki, döyüş meydanında bizim tarixi ədaləti bərpa etdiyimizi və indi hər kəsin yeni reallıqla hesablaşması zərurətini vurğuladı. Hərbi əməliyyatların dayandırılmasına və yenidən sülh danışıqları masası arxasına əyləşməyə çağıranlara isə konkret cavab verdi: “Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun”.

Amma hərbçiləri aclıqdan və sursat çatışmazlığından əziyyət çəkən Ermənistan da, onun havadarları da hələ də “bəlkə də qaytardılar” ümidi ilə təslim olmaq istəmir, üstəlik Şuşaya Azərbaycan Ordusunun hərbi forması geyindirilmiş PKK terrorçuları gətirirdilər. Kəşfiyyat mənbələrinə istinadən məlumat verən Türkiyənin “Anadolu” agentliyi bildirdi ki, bununla ermənilər öldürülən terrorçuları guya Azərbaycanın Suriyadan gətirdiyi muzdlu döyüşçülər kimi təqdim etməyə çalışırlar.

Bundan bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən əsir götürülən erməni hərbçi Mikaelyan Albert Yervandi də Dağlıq Qarabağa kürd əsilli muzdlulardan ibarət 1500 nəfərin gətirildiyini və onlara hər ay 600 dollar “məvacib” verildiyini söyləmişdi.

Amma Ermənistanın da, havadarlarının da, gətirdiyi muzdlularının da başına enən Dəmir Yumruq son nəticədə hər şeyi öz yoluna qoydu.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Müharibə   Zəfər  







Xəbər lenti