Müharibənin 29-cu günü: Qubadlı şəhəri azadlığa qovuşdu

   Müharibənin 29-cu günü:  Qubadlı şəhəri azadlığa qovuşdu
  25 Oktyabr 2021    Oxunub:1076
Humanitar atəşkəsi pozmaqda davam edən Erməni silahlı qüvvələri 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun növbəti zərbələri qarşılığında bir sıra istiqamətlərdə geri çəkilməyə məcbur oldu. Azərbaycan xalqı isə ərazilərimizin boşaldılması barədə öz liderindən yeni müjdələr aldı.
Müharibənin 29-cu günü axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində

-Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! -sözlərini yazdı.


Həmin gün qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində vuraraq müxtəlif istiqamətlərdə yeni mövqelərə irəlilədi. Düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananları oldu. Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkildi.

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi məhv edildi. Onların arasında 1978-ci il təvəllüdlü polkovnik-leytenant Aşot Çobanyan da var idi.

Eyni zamanda cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Azərbaycan Prezidenti İlham Əliyev isə həmin gün ABŞ-ın “Fox News” telekanalına verdiyi müsahibədə ermənilərin 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv edildiyini və bu işdə təkcə dronlarımızın payına 230-dan çox tankının düşdüyünü bildirdi. Həmin müsahibədə dövlət başçımız aparıcıya Ermənistanın Gəncə şəhərində dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətini də xatırlatdı.


Müsahibənin digər maraqlı bir məqamı aparıcının Azərbaycan tərəfində guya muzdluların vuruşması barədə sualına İlham Əliyevin cavabı idi

- Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir, - Azərbaycan Prezidenti dedi.

Elə həmin gün Qarabağda məhv edilən muzdlu döyüşçülərin məhz Ermənistanlın diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını döyüşlərə cəlb etdiyini üzə çıxartdı. Azərbaycan Ordusu tərəfindən döyüşlərdə öldürülən Yunanıstan vətəndaşı Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Artur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdluların üstündən onların vətəndaşlığını sübut edən pasportlar tapıldı.

ABŞ-ın “Fox News” telekanalına müsahibəsində Azərbaycanın başqa ölkələrin münaqişəyə müdaxiləsini istəmədiyini, sülh razılaşmasının beynəlxalq hüquqa əsaslanmalı olduğunu bildirən Azərbaycan Prezidenti, Ermənistanın bir çox havdarlarının Qarabağın statusu və orada yaşayan ermənilərin taleyi barədə spekulyativ bəyanatlarını da ifşa etdi.

- Sülh planında muxtariyyət məsələsi olmayıb. Çünki vasitəçilər tərəfindən Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması deyilir...Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar, -İlham Əliyev vurğuladı.

Amma bu danılmaz reallığı hələ də heç cür qəbul etmək istəməyən Ermənistan və onun xarici havadarları təslimçilik rəmzi olan ağ bayrağı qaldırmağa tələsmir, yüzlərlə insanın həlakına bais olmaqdan çəkinmirdilər.

Məhz bu reallığa istinadən həmin gün Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev Ermənistanın ərazilərimizdən öz xoşu ilə çıxmaq fikrində olmadığını dedi.
İndi həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə getiyini bildirən Azərbaycan Prezidenti düşməni sona qədər qovacağımızı və bu döyüşlərin bizim üçün böyük təcrübə olduğunu vurğuladı.

Bəli, Azərbaycan Ordusu həqiqətən də düşməni sona qədər qovdu. Onun apardığı döyüşlər isə yalnız bizim üçün yox, dünyanın bir çox orduları üçün nümunə oldu. Məhz buna görə də indi həmin təcrübənin detalları bir sıra ölkələrin Silahlı Qüvvələri tərəfindən öyrənilir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Müharibə   Qubadlı  





Xəbər lenti