Müharibənin 28-ci günü: İrəvan müharibəyə uşaqları göndərir

  Müharibənin 28-ci günü:  İrəvan müharibəyə uşaqları göndərir
  24 Oktyabr 2021    Oxunub:1271
Humanitar atəşkəs barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan hərbi bölmələri döyüş meydanlarında uğradıqları acı məğlubiyyətə görə revanş götürməyə çalışır, cəbhənin müxtəlif istiqamətlərində hücuma keçməyə cəhd edirdilər. Azərbaycan Ordusunun əks-həmlələri nəticəsində düşmən nəinki geri oturdulur, həm də azad olunmuş ərazilərimizin arealı genişləndirilirdi.
Oktyabrın 24-də cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində Ermənistanın hərbi bölmələrinə ciddi ziyan vuruldu. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarıldı. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkildi. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürüldü, düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı və vacib yüksəkliklər azad edildi. Günorta saatlarında qarşı tərəfin Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etmək cəhdi ona baha başa oturdu. Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edildi, erməni hərbçilərindən bəziləri isə əsir götürüldü.

Ermənistan həmin gün daha 36 hərbçisinin öldürüldüyünü açıqlayaraq beləliklə, onların sayının 963-ə çatdığını bildirdi. Halbuki, rəsmi İrəvan itkilərin əsl miqyasını hər vəchlə gizlədirdi.

Hələ bu azmış kimi, cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi qoca və qadınlarla yanaşı, azyaşlı uşaqları və yeniyetmələri məcburi şəkildə uşaqları da döyüşlərə cəlb etməyə başladı. Amma beynəlxalq və regional təşkilatlar Ermənistan rəhbərliyinin bununla beynəlxalq qanunları, BMT-nin, UNİCEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı tələblərini təhqiramiz şəkildə pozmasına biganə qaldılar.



Necə ki, Ermənistan ərazisindən Azərbaycanın Laçın, Qubadlı, Goranboy və Tərtər rayonlarının atəşə tutulması nəticəsində iki azərbaycanlı şagirdin qətlə yetirilməsinə etiraz səslərini ucaltmadılar. Həlak olnalardan biri Tərtər sakini 16 yaşlı Orxan İsmayılzadə, digəri isə oktyabrın 17-də raket atəşinə tutulan Gəncə şəhərində xəsarət alan 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Mayakov idi. Bu itkilər düşmən təcavüzü nəticəsində həlak olan məktəblilərin sayını 8-ə qaldırdı. 16 məktəbli isə yaralandı, 40-a yaxın məktəbə ciddi ziyan dəydi.

Ümumilikdə, oktyabrın 24-dək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak oldu, 297 nəfər yaralandı.
Bundan başqa, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşdü.

Günahsız qurbanlarımızın qisasını döyüş meydanlarında alan Azərbaycan Ordusu müharibənin 28-ci günü Ermənistanın döyüş təyyarəsini və iki PUA-sını məhv etdi.
Bununla yanaşı, Azərbaycan ciddi diplomatik qələbələrə də imza atdı. Həmin gün həmsədr dövlətlərin BMT TŞ-da təklif etdikləri qərəzli qətnamə erməni təcavüzü kimi torpağa gömüldü. Bu uğurda TŞ-da təmsil olunan Qoşulmama Hərəkatı ölkələrinin ədalətli mövqe sərgiləməsi Azərbaycanın haqq işinə beynəlxalq miqyasda verilən dəstəyin təzahürü idi.

Digər siyasi-diplomatik uğurumuz ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra CNN-ə müsahibə verən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın müxtəlif bəhanələrlə ölkəsinin təcavüzünə bəraət qazandırmaq cəhdlərinin dəqiq faktları peşəkar aparıcı tərəfindən ifşa edilməsi oldu.

Sözsüz ki, müharibənin 28-ci günü Azərbaycan Prezidenti İlahm Əliyevin ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən Fransanın məşhur “Le Fiqaro” qəzetinə müsahibəsi Ermənistana və onun havadarlarına informasiya müharibəsində endirilən ən sərrast və ən ciddi zərbələrdən biri kimi tarixə düşdü.



Gəncəyə edilən hücumlara haqq qazandırmağın yolverilməzliyini, işğal olunmuş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyimizi, atəşkəsi pozmasaydılar, bu gün toqquşmaların artıq dayana biləcəyini vurğulayan Prezident İlham Əliyev Ermənistanın hərbi hücumunun siyasi məqsədlərini ifşa etdi.
- Sentyabrın 27-də Ermənistanın siyasi məqsədləri status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Onlara yalnız adekvat cavabımız nəticəsində biz
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik
, -Azərbaycan Prezidenti vurğuladı.

Beləliklə, Azərbaycan öz ərazilərinin işğaldan olunması yönündə apardığlı Vətən müharibəsini uğurla davam etdirirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Müharibə   Zəfər  





Xəbər lenti