"ASAN xidmət"in fəaliyyəti barədə ATƏT-in tədbirində məlumat verilib
Tədbirin sessiyaları rəqəmsal iqtisadiyyatın inkişafında qabaqcıl idarəçilik və əlaqələr, iqtisadi sahədə yeni texnologiyaların tətbiqi, enerji sahəsində əməkdaşlıq və dayanıqlı iqtisadi artıma rəqəmsal iqtisadiyyatın təsiri, korrupsiya ilə mübarizədə rəqəmsal texnologiyaların istifadəsi mövzularına həsr olunub.
Dövlət Agentliyinin nümayəndəsi “Şəffaflığın təşviqi, korrupsiya ilə mübarizə və onun aradan qaldırılması, yaxşı cəmiyyət və korporativ idarəçiliyə töhvə verəcək təcrübə mübadiləsinin təşviqi” sessiyasında geniş təqdimatla çıxış edib. Təqdimat zamanı “ASAN xidmət” modeli barədə, e-hökumət və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işlərdən bəhs edilib. Həmçinin “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, beynəlxalq əməkdaşlıqda əldə olunmuş uğurlardan, “MyGov”, “ASAN Viza”, “Rəqəmsal icra hakimiyyəti portalı” kimi layihələrdən və müvafiq sahələr üzrə gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlardan söz açılıb.
Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.
AzVision.az
Teqlər: ASAN