“Vətən Müharibəsi Qəhrəmanı”nın sonuncu arzusu...- Şəhidin xanımı danışır

 “Vətən Müharibəsi Qəhrəmanı”nın sonuncu arzusu...-  Şəhidin xanımı danışır
  19 Oktyabr 2021    Oxunub:1859
“7 il evli olduq, 5 övladımız dünyaya gəldi. Biz elə mehriban ailə olmuşuq ki, onu sözlə ifadə edə bilmirəm. İndi Elyarsız övladlarımın gözünün içinə baxmaq mənə çox ağırdır”.
AzVision.az xəbər verir ki, bunu ötən ilin bu günü Vətən müharibəsində canını fəda edərək xalqımıza Qələbə yaşadan cəsarətli oğullarımızdan biri, Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyevin həyat yoldaşı Türkanə Vəliyeva deyib.

Şəhid xanımı həyat yoldaşının şəhadətə qovuşmasından sonra yaşadıqlarını və keçirdiyi hissləri dilə gətirib.

- Dörd oğlum, bir qızım var. Onlar bu müddət ərzində mənim başımı qatdılar, ayaqda saxladılar. Övladlarımın birində Elyarın yerişini, digərində gülüşünü görürəm. Böyük oğlum Hüseyn hər cəhətdən, həm görünüşü, həm də xarakteri ilə atasına bənzəyir.
O mənə tez- tez suallar verir. Deyir, ”ana, atamın uzaq səfərə çıxdığını, gec qayıdacağını demişdin, ancaq mən daha hər şeyi bilirəm. Atam şəhid olub. O, həmişə mənə deyərdi ki, kişi ağlamaz. Buna görə də ağlayanda başımı aşağı salıram, gözlərimi qaçırdıram ki, ağladığım hiss olunmasın”.



Bu sözdən sonra dərk etdim ki, Hüseyn atasının balasıdır. Onlar arasında xarakter bənzərliyi çoxdur. Qızım Aidənin 5 yaşı var. Hələ Elyarın yoxluğunu tam dərk edə bilmir. Deyir,”atam şəhiddir, gələcək”, gözü hələ də yoldadır. Bəzən “atamın əli üçün darıxmışam” deyir. Qızı atasının sığalının həsrətini çəkir. İndi Elyarın balalarını onun qəhrəmanlıqlarından, döyüşdə göstərdiyi igidliklərdən danışmaqla ovundururam.



Övladlarının suallarına cavab vermək ana üçün asan deyil. Azyaşlı uşaqlara atalarının fədakarlıqlarından danışır, onlara necə bir igidin davamçıları olduqlarını başa salır.

- Ötən gün Hüseyni psixoloqa aparırdım. Yolda bir hərbçi ilə qarşılaşdıq. Hüseyn başını qaldırdı və dedi, “ana, bax, atamın formasından geyinib”. Dedim, Hüseyn nə demək istəyirsən? Cavab verdi ki,”ana, atamdan ötrü darıxıram”. Dedim, hərənin bir qisməti var, oğlum, sənin də atanın taleyinə qəhrəmanlıq yazılıb.

Elyarın ən böyük arzusu qızımız Aidə ilə bağlı idi. Deyirdi ki, Aidəni mütləq oxudacaq. Qızımız Aprel döyüşləri zamanı, həmin ayın 2-də dünyaya gəlib. Onda Elyar da həmin döyüşlərdə iştirak edirdi. Ürəyimdə arzu tutdum, dedim, balamın ayağı düşərli olsa, atası da geri qayıdacaq.

Aprel döyüşlərinə yola salanda geri qayıdacağına söz vermişdi. Həmişə deyirdi ki, Allah Aidəyə baxıb, məni döyüşdən sağ geri qaytardı.

Vətən müharibəsinə getməmişdən öncə yuxular görürdü. Onu yuxularda şəhid iş yoldaşları özü ilə aparırdılar. Mən də Elyara deyirdim ki, axı sən yuxulara inanmırsan.

Tovuz döyüşlərindən sonra bildirirdi ki, elə bil harasa tələsir. Tikan üstə idi. Onu nevropatoloqa apardım, iki aylıq müalicə aldı. Sentyabr döyüşlərində müalicənin effektli olub olmamasını soruşdum. Dedi, “həqiqətən mənə yaxşı təsir etdi. Sağolsun bir nəfər, uşaqlarımın anası".



Döyüşlərin qızğın çağında Türkanə xanım uzun müddət Elyarla əlaqə saxlaya bilməyib. Gümanı çatdığı hər yerdən həyat yoldaşını soruşub.

- Bir həftədən sonra tanımadığım nömrədən zəng etdi, danışdıq. Dedi," bundan sonra hansı nömrələrdən zəng gəlsə, telefonu aç, mən olacağam". Oktyabrın 17-si yoldaşımın doğum günü idi. Ancaq mən onu ilk dəfə idi ki, təbrik edə bilmədim. Bu mənim hələ də ürəyimdə qalıb.



Oktyabrın 18-i danışanda dedi, “çantamı, əşyalarımı və telefonumu qardaşın Təyyara vermişəm. Birdən qayıtmaram, qoy səndə qalsın. Daha sonra əlavə etdi ki: ”məni iki variantda -birinci qazi, ikinci isə şəhid kimi gözlə”. Dedim, Elyar, könlündən nə keçir? Bildirdi ki, axrıncı dəfə görüntülü danışmaq istəyir. Həyəcanlandım, dedim, sən nə danışırsan? Qayıdacaqsan. Susdu, cavab vermədi.

Bildirdi ki, odun, alovun içində olmasına baxmayaraq, balaları və mən bir dəqiqə də olsun yadından çıxmırıq. Hamı üçün narahat idi, amma oğlumuz Rəyyan üçün lap nigaran qalmışdı. Rəyyanın danışmasında və yeriməsində problem var idi deyə döyüşdə belə onu fikirləşirdi.

Elə hey deyirdi, “birdən qayıtmasam, Rəyyan necə olacaq? Bir gözümdə sən və uşaqlar, digərində isə qardaşım Elçin var”. Onda qardaşı Elçin də döyüşlərdə iştirak edirdi.
Şəhid olandan bir müddət sonra Elyar yuxuma gəldi. Çox sevindim, dedim, ay Elyar, nə yaxşı qayıtdın? ”Mən qayıtmağıma söz verməmişdim, amma necə qayıtdığımı da bilmirəm. Allah məni Türkanəni tək qoymamaq üçün qaytardı” deyə cavabladı. Yuxuda nə qədər birləşmək istəsəm də, birləşə bilmirəm. Həmişə məndən uzaq düşür. Deyir, “mən sağam, gələcəyəm”.



Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyev Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb. Xidmət yoldaşları arasında “Allahsız canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalına layiq görülüb.

















Şahanə Rəhimli
AzVision.az


Teqlər: ElyarVəliyev   Şəhid   Qəhrəman  





Xəbər lenti