Füzulidə İşğal Muzeyi və Zəfər parkı salınacaq, Bayraq meydanı yaradılacaq
"Cənab Prezident, videoda da göründüyü kimi, Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvolu olacağına inanırıq. Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək. Muzey 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq.
Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da olacaq. Həmçinin Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və təbii ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq. Muzey böyük bir parkda yerləşəcək. Parkda, həmçinin Zəfər abidəsi qurulacaq. İcazənizlə, abidənin müəllifi Rəşad Mehdiyevi təqdim edim", - komitə sədri vurğulayıb.
AzVision.az
Teqlər: Füzuli İlham-Əliyev