"Onlar məni pula görə sevmirlər" - Xalq artistinin özəl günü

 "Onlar məni pula görə sevmirlər" -  Xalq artistinin özəl günü
  15 Oktyabr 2021    Oxunub :493
Bu gün xalq artisti Ağasəlim Abdullayevin doğum günüdür. Mahir tar ifaçımız 71 yaşını qeyd edir. Özəl günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşən sənətkar ömrün yeni çağında özü ilə hesabat apardığını deyib.
- Yaşdı da gəlib gedir. Insan yaşlaşır. Nə əldə edibsə, 70-dən sonra onun hesabatını verir.

- Bəs siz necə, 71 ilin hesabatını apardınızmı?
- Nə edib etmədiyimi deyə bilmərəm. Edə bilmədiyim işlər, ürəyimdə qalan arzular çoxdur. Onların eləsi var ki, həyata keçirə bilməmişəm, eləsi də var ki, düzgün etməmişəm. Səhvlərim olub. İndi ürəkdə çox şey qalıb. Şükür edirəm ki, bu yaşa kimi gəlib çatmışam. Allah bir az da ömür versin, yaşayım və həyata keçirim.

- Ömürdən vəfa istəyirsiniz. Sizi buna sövq edən hansı arzulardır?
- Yaşlı və ya cavan fərq etmir, insan arzularla yaşayır da. Mənim arzularım ailəm, balalarımla bağlıdır. Ölkəmizə, dövlətimizə aitdir. Bu münaqişələr bitsin, torpaqlarımız tam azad olunsun. Bütün bunları görüm, sonra o biri dünyaya köçüm.

- İşğaldan azad olunmuş hansısa bir rayonumuzda olmsunuzmu?
- Olmuşam, bəli. Şuşada Xarıbülbül festivalında qonaq qismində iştirak etmişəm. Orada sökülmüş-dağılmış evlər var idi. Indi hamısını yavaş-yavaş düzəldirlər. Arzumun biri də Şuşanı tam bərpa edilmiş halda görməkdir. Təəssüf ki, Şuşaya gedəndə tarı özümlə aparmamışdım.

-Tarın müşayiəti ilə Şuşanı hansı mahnı ilə vəsf edərdiniz?
-Xalqımızın qəlbindən, ürəyindən gələn, qanından axan muğamlarımızdan birini ifa edərdim. Yəqin bu mənə qismət olar.



- Müsahiblərimdən hansı yaş dövrünə qayıtmaq istədiklərini soruşduqda daha çox gənclik illərinin xiffətini çəkdiklərini deyirlər. Sizin də bu haqda fikrinizi bilmək maraqlı olardı…

- Cavanlığımı çox yaxşı yaşamışam, yaxşı ömür sürmüşəm. İndinin özündə nəyəsə və ya kiməsə ehtiyacım yoxdur. Özüm özümü idarə edirəm. Hərdən olur ki, yaşlaşırsan, canın salamat olmur. Adam onda bir az narahat olur. Cavanlıqda xəstəliyin nə olduğunu bilmirsən. Amma yaşlı vaxtımdan da narazı deyiləm. Ömrümün bu çağından cavanlığa heç nə verə bilmərəm.

- Gəncliyinizdə Bakı toylarında çox olmusunuz. Həmin toylardan hansı xatirələriniz qalıb?
-50 ildən yuxarıdır ki, mən Bakının bütün kəndlərində toy məclislərində iştirak etmişəm. Hər günün özündə bir xatirə var. Heyifslənirəm ki, Hacıbaba Hüseynov, Yaqub Məmmədov kimi sənətkarlar indi yoxdur. Onlarla birgə məclislərdə iştirak edirdim.



- Nəvələrinizə bağlı olduğunuzu bilirəm. Onlar babanı bu gün necə təbrik etdilər?
- Dünyada nəvədən şirin nə var ki? Övladdan da şirindir. Mən onları onlar da məni çox istəyir. İndi konservatoriyadayam, evə qayıdanda üstümə atlanacaqlar.

- Hər ayın sonu təqaüd və ya maaş alanda onların da payını ayırırsınızmı?
-Nəvələr məni təqaüdə, maaşa və ya pula görə sevmirlər. Elə baba var ki, hansısa sözü ilə nəvəni incidir. Belə şeylər mənə yaddır.

- Bu gün sizə ən gözəl hədiyyə nə ola bilər?
- Mənim yaşımda adam üçün ən birinci hədiyyə can sağlığıdır. Daha sonra ölkəmizin, camaatımızın rifahıdır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tarzən   AğasəlimAbdullayev  







Xəbər lenti