Müharibənin 15-ci günü: Erməni faşizminin növbəti təzahürü

  11 Oktyabr 2021    Oxunub :520
  Müharibənin 15-ci günü:  Erməni faşizminin növbəti təzahürü
Hadrutun azad olunması və məruz qaldığı itkilərin ağırlığı altında Ermənistan hakimiyyəti yenidən ora-bura üz tutmağa başladı. Daha doğrusu, Azərbaycan Prezidentinin dediyi kimi, bəzi dövlətləri rəsmi Bakıya minnətçi salmaq naminə onlara yalvarmağa başladı. Moskva araçılıq missiyasını üzərinə götürməyə razılaşdı. Beləliklə, Ruasiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada baş tutan görüşündə 2020-ci il oktyabrın 10-u, saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması barədə razılığa gəlindi.
Daim hümanist mövqeyi ilə seçilən və dinc əhaliyə qarşı müharibə aparmayan Azərbaycan bu razılaşmanı hər iki tərəfdən verilən itkilərin qarşısının alınması üçün yaranan tarixi şans kimi qiymətləndirirdisə, Ermənistan buna dinc azərbaycanlılara raket zərbələri endirməklə, onlarda təlaş yaratmaq fürsəti kimi baxırdı. İrəvanın insanlığa qarşı cinayəti razılaşmanın mürəkkəbi qurumamış, oktyabrın 11-də gecə saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutulmasında özünü göstərdi. Müharibə başlayandan Ermənistanın ikinci dəfə gecə saatlarında Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində 4-ü qadın olmaqla, 10 soydaşımız qətlə yetirildi, 34 nəfər yaralandı. Yaralananlardan 16-sı qadın, 6 nəfəri isə azyaşlı uşaq idi. 3 yaşayış binası dağıdıldı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəydi.

Azərbaycan Prezidenti İlham Əliyev öz “Twitter” səhifəsində bu cinayətin erməni faşizminin növbəti təzahürü olduğunu və Gəncəyə raket hücumunun Ermənistanın Vardenis (Basarkeçər) rayonundan edildiyini yazdı. Dövlət başçısı Ermənistanın bu cinayətinin Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik olduğunu xüsusi vurğuladı.


Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova da Ermənistanın dinc əhaliyə hücumunu münaqişənin həlli üçün hər cür səy göstərən Rusiyaya qarşı açıq-aşkar hörmətsizlik kimi qiymətləndirdi.

Bu cinayətlə bağlı rəsmi “İnstaqram” səhifəsində paylaşım edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya birliyini hadisələrə laqeyd qalmamağa çağırdı. Çağırışda humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycanın bir sıra rayonlarına 548 mərminin atıldığı vurğulandı.

- Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!,- Birinci vitse-prezident xalqımıza xitabən bildirdi.

Azərbaycan QHT-ləri isə Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etdilər.


İtaliya Senatında “İrəli İtaliya” Partiyası siyasi qrupunun sədr müavini, parlamentdə İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti Ermənistanın bu cinayətini kəskin şəkildə pisləyən bəyanatla çıxış edərək, xalqımızn haqq işini dəstəklədi.
Bosniya və Herseqovina Nazirlər Şurasının keçmiş sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Lagumdzija analoji ruhlu açıqlama verdi.
Ermənistanın Gəncənin dinc sakinlərinə qarşı törətdiyi terroru barədə həqiqətlər Britaniyanın “The London Post” portalında və Fransanın məşhur “Le Monde” qəzetində öz əksini tapdı.


Ermənistanın bu cinayətinə münasibət bildirən məşhur rusiyalı ictimai-siyasi xadim, jurnalist Maksim Şevçenko müharibə aparan tərəflərin taktikalarına diqqət çəkdi.
- Stepanakert (Xankəndi – red.) hərbi əməliyyatlar zonasındadır. Oranı bilərəkdən vurmurlar. Cəbhə xəttindən Stepanakertə məsafə haubits və ya “Uraqan” və “Qrad”ın atəş distansiyası qədərdir. Stepanakertin çevrəsində xeyli hərbi bölmə var. Oradan atəş açırlar və cavab atəşi də alırlar. Gəncəyə isə, dinc əhaliyə qarşı məqsədyönlü şəkildə zərbə endirilib. Başa düşürsünüz fərqi? Stepanakert hərbi əməliyyatlar bölgəsindədir. Özü də Azərbaycan rəhbərliyi oradakı dinc əhaliyə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırmışdı. Ermənistan rəhbərliyi isə konkret olaraq Gəncə və Mingəçeviri hədəfə alıb,- Şevçenko bildirdi.
Maksim Şevçenko hətta Ermənistanın bu cinayətləri fonunda belə ona havadarlıq etməyə çalışan Fransa prezidenti Emmanuel Makronun guya Azərbaycan tərəfində suriyalı muzdluların vuruşması haqda əssasız bəyanatlarına da sərrast qiymət verdi: “İlham Əliyev Makrondan faktlar tələb edəndə, o, boş-boş danışmağa başlayıb. Çünki belə faktlar ola bilməz”.

Rusiyanın RBK telekanalına müsahibəsində Prezident İlham Əliyev məhz bu kontekstdə ölkəmizə qarşı aparılan hibrid müharibənin mahiyyətini, öz ölkəsini uçuruma aparan Ermənistan hakimiyyətinin döyüş meydanlarında düçar olduğu məğlubiyyəti cəmiyyətdən gizlətməsini, beynəlxalq hüquqa zidd olan 30 illik status-kvonu Azərbaycanın dəyişdiyini və rəsmi Bakının məhz hansı şərtlərlə hərbi əməliyyatları dayandırmağa razılaşacağını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Həmin müsahibədə Azərbaycan prezidentinin həm təcavüzkar Ermənistana və onun havadarlarına, həm də beynəlxalq aləmə aşağıdakı mesajları ünvünaladı

- Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır.
- Düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə bizə məxsus olanı almağımızı təmin edəcək.
- Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi.
- Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır.
- Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik.
- Münaqişəni siyasi yolla həll etməyə üstünlük verdiyimiz üçün dünən və bu gecə Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik. Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib.
- İndiki eskalasiyaya qədər atəşkəs uzun müddət, onilliklər boyu davam etdi. Təmas xəttində müəyyən toqquşmalar olub, bu il iyul ayında dövlət sərhədində erməni tərəfinin təxribatları olub. Lakin son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı əməliyyatlar olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi?
- Əminəm ki, bundan sonra Paşinyandan “Qarabağ Ermənistandır” sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bəyanatlarını eşitməyəcəyik ki, Azərbaycan danışıqları qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “rəhbərliyi” ilə aparmalıdır. Bu dəfə həmin bəyanatlar nəyə gətirib çıxardı? Zənnimcə, bunu hamı aşkar görür, lakin düşünmürəm ki, o, ikinci dəfə həmin səhvi təkrarlayar.
- Biz yəqin etməliyik ki, onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər.

Amma ənənəvi qaydada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün istənilən cinayətə getməyə hazır olan Ermənistan hakimiyyəti Gəncəyə raket zərbələri endirməklə Azərbaycanı “qozbeli qəbir, təzavüzkarı isə DƏMİR YUMRUQ düzəldər” kəlamı çərçivəsində addımlar atmaq məcburiyyəti qarşısında qoydu.

Sahil İsgəndərov

Azvision.az

Teqlər: Müharibə   Gəncə  







Xəbər lenti