"Faranheyt, 457": Vətən Müharibəsinin bilinməyən detalları

 "Faranheyt, 457":  Vətən Müharibəsinin  bilinməyən detalları
  29 Sentyabr 2021    Oxunub:6060
Azərbaycanda, yəqin ki, Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən xəbəri olmayan insan yoxdur. O bütün dünyaya sübut etdi ki, torpaqlarımızın erməni işğalından azad olunması üçün sonu bilinməyən danışıqlar prosesinin alternativi və yetərincə tutarlı həlli var. “Döyüş meydanında tək əldən səs çıxmaz” stereotipini dağıdan və milyonlarla həmvətənini yenidən öz gücünə inandıran Mübariz bizi Vətənimizin azadlığı və müstəqilliyi uğrunda müqəddəs mübarizəyə ruhlandırdı.
Azərbaycanın ərazi bütövlüyünün artıq bərpa olunduğu bu günlərdə təkcə Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun deyil, xalqımızın işğal illərində tökülən qanına və axıtdığı hər damla göz yaşına görə qisas almağa can atan minlərlə qəhrəman övladının keçdiyi şərəfli yola bir daha nəzər salmağın zamanıdır.


457 saylı adsız yüksəklik sadəcə yaddaş simvolu və xəritədəki keçmiş təmas nöqtəsi deyil. Bu yüksəklik düşmənin keçilməz maneəyə və “Ohanyan xətti” adlandırdığı müdafiə zolağının vacib halqasına çevirdiyi “alınmaz qala” idi…

Ermənistanın işğalçı kontingentinin komandanlığı çox gözəl bilirdi ki, ən vacib dayaq məntəqələrindən biri olan bu yüksəklik ona təmas xəttinin şimal hissəsində bütün cəbhəyə vizual nəzarət imkanı verir. Düşmən buradan işğal etdiyi kilometrlərlə ərazinin bütün istiqamətlərini perimeter boyunca görə bilirdi. Buradan praktiki olaraq Tərtər rayonunun qərb tərəfindəki bütün kəndlər və Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Tap Qaraqoyunlu kəndi, bir vaxtlar işğal altında olan Talış kəndinə və Suqovuşan qəsəbəsinə gedən yol, ən əsası da Ağdərə istiqamətindəki müxtəlif yüksəklik dərəcəsinə malik müdafiə xətləri adi gözlə görünürdü. 457 saylı yüksəklikdə yayın ən qızmar günlərində belə daim külək əsir, soyuq qış günləri isə, demək olar ki, dumansız keçir.


457 saylı adsız yüksəkliyin strateji əhəmiyyətini Mübariz İbrahimov da çox gözəl anlayırdı. İşğalçılar məhz onun misilsiz hünərindən sonra öz müşahidə postlarını gücləndirdilər, minimum 6-8 ay avtonom rejimdə davam gətirə biləcək istehkama çevirməyə çalışdılar.
Bunu həmin ərazi azad olunduqdan sonra orada tapılan ərzaq, silah və döyüş sursatı, çoxsaylı günəş batareyaları və su çənlərindən də görmək mümkündür.


Möhkəmləndirilmiş istehkam-qalanın strukturu yenidən dəyişdirilərək, müxtəlif səviyyələrdə elə qurulmuşdu ki, birinci müdafiə xəttini qoyub geri çəkilməyə və ikincidən atəş açmağa, düşmənin 120 millimetrlik minaatanlar və propan mərmilər atan kustar mortiralar qoyduğu yerlərdə həm yüksəklikdən, həm də cinahlardakı mövqelərdən 60-82 millimetlik minaatanlarla müdafiə olunmağa imkan verirdi.

Strateji yüksəklik ətrafındakı bütün əraziyə piyadalar və tanklar əleyhinə minalar basdırılmış, tikanlı məftillərdən çəpər çəkilmişdi. Daha sonra tunellərin apardığı gizli yeraltı mövqelərdən atəşə tutulan xüsusilə mürəkkəb relyefli sahələr başlayırdı.


2016-cı ilin aprelinin acı təcrübəsindən dərs alan erməni işğalçılar çox gözəl anlayırdılar ki, xilaskar Azərbaycan döyüşçüsü üçün keçilməz istehkamlar, yerinə yetirilə bilməyən tapşırıqlar yoxdur. Bu səbəbdən düşmən cəhənnəmə möhkəm hazırlaşmışdı. Adsız yüksəklikdə çoxsaylı səngərlərin apardığı və cinahları atəşə tutmağa imkan verən onlarla gücləndirilmiş məntəqə yaradılmışdı.

Ancaq 2005-ci ilin payızında Azərbaycan postundan 457 saylı yüksəkliyə sonradan "İstiqlal" (AR MSN) adlanan 14,5 mm kalibrli milli tüfəngdən açılan ilk uğurlu atəşin işğalçı kontingenti QAZ-3308 yük maşınından məhrum etdiyini çox az adam bilir.


İşğalçılar bu faktı nəzərə alaraq, adsız strateji yüksəkliyə gizli avtomobil yolu çəkdilər və geniş torpaq yolu qalın çınqıl təbəqəsi ilə örtdülər. Artıq düşmən maşınları lazım olan təchizatı maneəsiz gətirə və təpənin arxasındakı geniş sığınacaqda dayana bilərdilər. Lakin nə müasir video-müşahidə, nə sezilmədən hərəkət edərək cinahlara çıxmağa imkan verən yeraltı tunellər, nə də bir-birini təkrarlamayan atəş nöqtələri erməni işğalçılarını labüd cəzadan xilas edə bilmədi.

Talış kəndinin, Suqovuşan qəsəbəsinin və bütün ətraf ərazinin azad olunması kompleks şəkildə həyata keçirildiyindən 457 saylı yüksəkliyi hücumla almağa qərar verilmədi. Onu Azərbaycan Silahlı Qüvvələrinin arxa cinahlardan hücuma keçən bölmələrinə saxladılar. Arxa cəbhə ilə əlaqəsi kəsilən yüksəkliyə durmadan artilleriya atəşləri açıldı. Mühasirəyə alınan düşmənə gözünü açmağa imkan verilmədi. O yalnız xüsusi çıxışları olan platformalardan istifadə edərək, qarşı tərəfdə yerləşən Azərbaycan avanpostuna iki-üç gün pulemyot və minaatanlardan xaincəsinə atəşlər aça bilərdi. Ancaq bunun mənası yox idi...


Adsız yüksəklikdə tələyə düşən və şəxsi heyətinin 80 faizini itirən Ermənistan silahlı qüvvələrinin işğalçı kontingentinin dəstələri məhkum olunduqlarını qəfil anladılar və qaçmağa başladılar. Ancaq hücuma keçən Azərbaycan silahlı qüvvələrinin tutduğu yollarla deyil, açıq sahələrlə, özlərinin basdırdığı minalara düşərək, yüksəkliyə birincilər sırasında qədəm qoyan snayperlərimizin güllələrinə asanlıqla tuş gələrək...

457 saylı yüksəkliyin iki istiqamətdən - keçmiş təmas xəttindəki Mübariz İbrahimov adına avanpostundan və cinahdan dolama yolla gedərək “Qisas” postundan alınması diqqətəlayiq və simvolikdir. Təşviş və qorxu içində tunellərə və blindajlara doluşmuş işğalçılar qumbaralarla məhv edildi. Elə oradaca iki snayperçi gəbərdildi, onlardan birinin “qulyabanı” geyimi hələ də yeraltı yollardan birinin girişindədir...


Qisas əməliyyatı 10 ildən sonra elə hər şeyin başladığı yerdəcə başa çatdırıldı.

2010-cu ildə Milli Qəhrəmanımız Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun son mənzilə yola salınma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qürurla demişdi: “Ordumuzda minlərlə, on minlərlə Mübariz və Fərid kimi qəhrəmanlar var...”
Çingiz Qurbanov, 2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci il Vətən müharibəsinin qəhrəmanları Ali Baş Komandanın sözlərinin doğruluğunu əməldə sübut etdilər. Azərbaycan xalqı öz böyük qələbəsini məhz onların səyləri, misilsiz qəhrəmanlığı və fədakarlığı sayəsində qazandı və onlara borcludur...

Hans Kloss
Nadir Qocabəyli

Azvision.az


Teqlər: Vətən-müharibəsi   457-saylı-yüksəklik  





Xəbər lenti