"44 gün dünyanı və regionumuzu dəyişdirdi" - Zahid Oruc

 "44 gün dünyanı və regionumuzu dəyişdirdi" -  Zahid Oruc
  28 Sentyabr 2021    Oxunub:991
“Vətən müharibəsinin bir ili qarşısında memorial.az-yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir. 2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladlarıdır. Adları, təvəllüdləri, ulduzları fərqlidir, lakin hamısı bir bayrağın ulduzuna çevrilib Vətən üçün eyni mərtəbəyə yüksəliblər".
Azvision.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib. O bildirib ki, dünən Bakının baş meydanında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başı üzərində qaldırdığı şəhidlərin göyün üstündə olduqlarını sübut etdilər:

“Azərbaycan xalqı çox minillik tarixində yeni dövlət və millət təqviminin birinci ilini qeyd edir. Milad və hicri təqvimi kimi 44 gün bir millətin yenidən yaradılışı, Dirilişidir! Qara haşiyəyə alınmış tarix və məğlubiyyət səhifələri artıq qapanıb, 27 sentyabr Anım Günü ilə Zəfərin mövludu başlayıb.

27 sentyabr 2020-ci il tarixi milli səfərbərliyin ən yüksək zirvəsi, xalqımızın çoxəsrlik arzularının gerçəkliyə çevrildiyi dönüş anıdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Azadlığa nail olmaq üçün milli ruhun canlanması lazımdır”. 1993-cü ilin xilaskarlıq missiyası 27 ildən sonra ölkəmizə yeni qələbələr gətirdi.Prezident İlham Əliyevin 17 ildə Ermənistanın başı üzərində tutduğu siyasi, iqtisadi, mədəni, diplomatik Dəmir Əl 27 sentyabrda Silahlı Yumruğa çevrilərək düşməni məğlub etdi və təkcə torpaqlarımızı deyil, yaşadığımız regionu da millətçi faşizmdən və separatizmdən qurtardı. Azərbaycanın və azərbaycanlıların dünyada formalaşan yeni nümunəsi-ədalətsizliklə barışmayan və sonda qalib gələn xalq və dövlət obrazı xarici işğallar altında qalan islam ölkələri, o cümlədən, separatizmdən əziyyət çəkən dövlətlər üçün bir simvola çevrildi. Heç şübhə etmirik ki, dünyanı və regionumuzu dəyişdirən 44 günün əks-sədası hələ uzun sürəcək. Lakin ən böyük nəticə Haqqın təntənəsidir. Azərbaycanın hərbi Zəfəri dünyada ədalət istəyən hər bir xalqın və dövlətin qələbəsidir. Ona görə də 27 sentyabr tarixində verilən döyüş əmri Ali Baş Komandanın qərarları sırasında hər zaman öncüllüyünü qoruyacaq! Eləcə də, Birinci şəxsin diplomatik, siyasi, informasiya səngərində savaşı, xüsusilə dünən olduğu kimi xalqa müraciətləri dünyada müharibə liderliyini öyrənənlər üçün qiymətli mənbə olacaq.

Gəlin bir daha vurğulayaq ki, son 30 ildə Şəhidlər Xiyabanı millətimizin təkcə azadlıq simvolu, əbədi ziyarət yeri deyil, həm də düşmənə qarşı mənəvi səfərbərlik və milli birlik ünvanı oldu.Ona görə Şəhidlər Xiyabanı həm də Zəfər Abidəsidir, çünki müqəddəs amalları və əməlləri qalib gəlib!

Biz döyüş meydanlarında canını verən oğulları anarkən, Gəncə və Bərdəyə, Tərtər və digər şəhərlərə vurulan zərbələrə sinə gərənləri də eyni ehtiramla anırıq. Min illərdir bir xalqa, mədəniyyətə, dilə və məsləkə malik olanların sırasından qurban gedənlərin hamısı dəyərlidir, unudulmazdır, ehtirama layiqdir. Qələbəmizin bir ili qarşısında hesabat verərkən, “Böyük Qayıdış”, “Böyük Quruculuq” və “Böyük Azərbaycan” idealını fərəhlə qeyd edirik .Əgər Qayıdış başlanırsa, bir daha o torpaqlardan millətimizi heç bir qüvvə çıxara bilməyəcək!

İndi qətiyyən şübhə yoxdur ki, düşmən hansısa partiyanı, hakimiyyəti, siyasi şəxsi deyil, məhz dövlətimizin məhvini, millətimizi özünə tabe etməyi hədəf seçmişdi.Lakin Azərbaycan xalqı döyüş meydanlarında bir qüvvəni-erməni faşizmini məğlub etdi", - o vurğulayıb.

Azvision.az



Teqlər: Memorial.az  





Xəbər lenti