Varşavada Anım Günü qeyd edilib

Varşavada Anım Günü qeyd edilib
  28 Sentyabr 2021    Oxunub:669
Azərbaycan Respublikasında Anım Gününün qeyd edilməsi münasibətilə Polşanın paytaxtı Varşavanın ən nüfuzlu kinoteatrı olan “Kino İluzjon”da Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən ərsəyə gələn “Biz” tarixi-sənədli filminin premyerası keçirilib.
Azvision.az xəbər verir ki, “Biz” filmində Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. Filmdə müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib.

Filmin nümayişində Milli Məclisin üzvü, Azərbaycan-Polşa parlamentlərarası dostluq qrupunun üzvü Kamran Bayramov, Polşanın dövlət qurumları və digər təşkilatların nümayəndələri, işgüzar dairələr və yerli mətbuat nümayəndələri, həmçinin Polşada yaşayan həmvətənlərimiz, türk icmasının üzvləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri iştirak ediblər.



Kinoteatrın girişində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə anım kitabı açılıb, filmin nümayişində iştirak edən qonaqlar həmin kitaba xatirə sözlərini qeyd ediblər.

Filmin nümayişindən əvvəl Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova açılış nitqi ilə çıxış edib. Səfir bildirib ki, bu gün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş və yaralanmış həmvətənlərimizin şücaəti anılır, verdikləri qurbanların xatirəsi yad edilir.

Səfir müstəqilliyinin əldə edilməsindən bəri Azərbaycanın ona qarşı başlanmış müharibənin çətinlikləri ilə üzləşməli olduğunu, ölkəmizin suveren ərazilərinin 20 faizinin 30 il ərzində işğal altında saxlandığını, nəticədə 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini və 4 min nəfərin itkin düşdüyünü qeyd edib.

N.Qurbanova 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozularaq Azərbaycana qarşı növbəti təcavüz aktı törədildiyini, Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdamın ballistik raketlərlə hədəfə alınmasını, nəticədə 93 nəfər dinc sakinin, o cümlədən 12 uşağın öldürüldüyünü, 400-dən çox sakinin yaralandığını, 84 min insanın isə yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldığını və yüzlərlə mülki obyektin tam və ya qismən dağıdıldığını qeyd edib. Səfir bu təcavüzə cavab olaraq Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımızı müvəffəqiyyətlə azad etdiyini bildirib, hərbi əməliyyatların mülki əhalini qorumaq və işğal edilmiş əraziləri azad etmək məqsədilə müstəsna olaraq Azərbaycanın suveren ərazilərində aparıldığını xüsusilə vurğulayıb. Səfir bizim torpaqlarda azad və dinc yaşama hüququnun müdafiəsində durmuş və öz həyatlarını qurban vermiş qəhrəmanlarımıza borclu olduğumuzu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə istinad edib: “Təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”.

N.Qurbanova Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında imzalanmış 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli birgə bəyanatları ilə Ermənistan ilə Azərbaycan arasında münaqişənin bitdiyini və 30 il ərzində davam etmiş işğala son qoyulduğunu bildirib, bununla regionda sülh quruculuğu, barışıq, birgə dinc yaşayış və inkişafın əsasının qoyulduğunu qeyd edib.

Daha sonra Milli Məclisinin üzvü Kamran Bayramov çıxış edib. Deputat Ermənistanın təcavüzü nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal edildiyini, etnik təmizləmə aparıldığını və bir milyon azərbaycanlının doğma torpaqlarından didərgin salındığını bildirib. Kamran Bayramov BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin icra edilmədiyini bildirib, ATƏT-in Minsk qrupunun vasitəçilik cəhdlərinin nəticə vermədiyini vurğulayıb.

K.Bayramov 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatından sonra Azərbaycanın BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatları başladığını və ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Sonra “Biz” filmi izləyicilərə təqdim edilib.

Səfirliyin önündə Anım Gününə həsr edilmiş xatirə guşəsi yaradılıb, 44 günlük müharibədə şəhid olmuş qəhrəmanlarımız əks olunmuş xarıbülbül ekspozisiyasında təsvir səfirliyin önündəki məlumat lövhəsinə yerləşdirilib.

Azvision.az



Teqlər: Anım-günü  





Xəbər lenti