Zəfər Yolunun ilk addımları: Bir il əvvəl bu gün...

  27 Sentyabr 2021    Oxunub :489
  Zəfər Yolunun ilk addımları:  Bir il əvvəl bu gün...
Ərazi bütövlüyünün təmin olunması, torpaqların işğaldan azad edilməsi hər bir dövlətin, xalqın müqəddəs amalıdır. Azərbaycan xalqı bu amalı ötən ilin payızı, sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində nail oldu. 30 ilə yaxın Vətən həsrəti çəkən xalqımız o gün ilk müjdəli xəbəri aldı. Cəbhə xəttində atəşkəsi pozan Ermənistan Silahlı Qüvvələrinə ağır zərbələr endirilir, torpaqlarımız işğaldan azad edilirdi.
27 sentyabr Azərbaycan əsgərinin erməni faşistini diz çökdürdüyü Qələbə tarixinin başlanğıcıdır. Ötən ilin bu günü hər kəs müharibənin başlamasına sevinir, ön cəbhədə düşmənlə vuruşmaq, Vətənin hər qarışının düşmən işğalından azad edilməsində iştirak etmək, erməni əsgərini məhv etmək üçün can atırdı. Elə indi də o tarixi nəzərə salanda üzümüzdə gülüş, sevinc və göz yaşları peyda olur.

Zəfər tariximizin ilk günü Müdafiə Nazirliyinin yaydığı məlumatla başlayır.

27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli və Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.



Beləliklə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilir. Müdafiə Nazirliyinin yaydığı məlumatda düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edildiyi bildirilib.



Eyni gündə Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd "OSA" zenit-raket kompleksi aşkar edilərək məhv edilib. Bundan əlavə, Azərbaycan Hərbi Hava Qüvvələri cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri isə sağ qalıb.



Həmin gün ilk müjdəli xəbəri isə Müdafiə Nazirliyinin keçirdiyi mətbuat konfransında deyilir: Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülüb. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilib.

Lakin düşmən öz məkrli siyasətindən yenə əl çəkmir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edib.

27 sentyabr günü Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla açılmış atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.



Düşmənə layiqli cavablar verilməkdə davam edir. Həmin gün Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv edib. Bununla da, Dağlıq Qarabağ səmasının artıq Azərbaycanın hərbi aviasiyası üçün açıq olması xəbəri yayılır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında isə Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilməsi və bölgədə güclü partlayışın olduğu haqqında informasiya verilir.

Bu hələ başlanğıc idi. Bir gündə Ordumuz düşməni məhv edərək 7 kəndi və bir sıra yüksəklikləri işğaldan azad etdi. Tarixə “ildirimsürətli müharibə” adı ilə düşəcək Zəfər günləri isə hələ qabaqdadır. Ordumuzun qələbə çalaraq irəliləməsi xəbərlərini, Ali Baş Komandanın çıxışlarını, tvitlərini, canlı yayımları barədə bildirişləri hələ çox eşidəcəyik. Hər qələbə xəbəri üçün göz yaşları töküb, bayrağa bürünəcəyik. Çünki biz bu Zəfəri, Qələbəni 30 il gözləmişik. Sülh yolu ilə edilməsi gərəkən haqqı ədaləti artıq özümüz bərpa edirik.

Aytən Zəhra
Azvision.az

Teqlər: 27Sentyabr   Anım-günü  







Xəbər lenti