"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" -  Rusiyalı ekspert
  17 Oktyabr 2021    Oxunub :724
"Qarabağ ətrafında münaqişənin həllinə dəvət olunmadıqlarından inciyən amerikalılar Azərbaycan və Ermənistan liderlərinin Moskvada razılaşdıra bildikləri sistemi dəyişməyə, daha doğrusu, məhv etməyə çalışırlar". Bu sözləri AzVision.az-a «Arxont» elmi jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin deyib.
Bredixinin fikrincə, amerikalılar ərazi problemlərinin həlli məsələsində ən effektsiz menecer kimi tanınırlar. "60 ildən çoxdur ki, İsraillə Fələstin arasındakı münaqişənin həlli üçün müxtəlif rütbəli və səviyyəli amerikalı məmurların öz təkliflərini verdiklərini müşahidə edirik. Amerikanın hər yeni prezidenti bu yöndə yeni proqramını təklif edir. Hələ aşağı səviyyəli məmurları demirəm. Prinsip etibarilə, amerikalılar Dağlıq Qarabağ üçün status yaratmağa, yəni onu Azərbaycanın və Ermənistanın əraziləri və ümumiyyətlə, bu dövlətlərin qarşılıqlı əlaqələri çərçivəsindən kənara çıxarmağa çalışırlar. Çox güman ki, bu, amerikalıların Qarabağda indikindən fərqli sərhədlərə malik müstəqil respublika yaratmaq istəyindən xəbər verir»,- Anton Bredixin deyib.

Rusiyalı politoloqa görə, amerikalılar artıq mövcud olan nümunədən istifadə etmək istəyirlər: Onlar Balkanlarda Kosovonun timsalında həyata keçirilmiş modeli Qafqaza da şamil edə bilərlər. Yeri gəlmişkən, Avropa ərazisində Amerikanın böyük hərbi bazası rolunu oynayan Kosovo ABŞ-ın qanadı altında həm də Avropada narkotrafikin paylanışı və insan orqanlarının satışı regionuna çevrilib. İstisna deyil ki, Qarabağa da belə tale hazırlamaq istəyirlər.

Anton Bredixin ABŞ-ın Ermənistandakı səfirinin həmin ölkədə bir sıra ictimai təşkilatların bələdçisi keyfiyyətində çıxış etdiyini vurğulayır. Onun fikrincə, bu baxımdan, İkinci Qarabağ müharibəsində və ondan sonra Ermənistandakı qərbyönümlü QHT-lərin fəallaşması və ABŞ-ın onları maksimum dərcədə səfərbər etmək cəhdi təsadüfi deyil. Bu qüvvələr həm də Dağlıq Qarabağa statusun verilməsi tələbi ilə çıxış edəcəklər.

- Deyəsən, bütün anqlo-sakson dünyası da bu istiqamətdə fəallaşacaq. Bu dünyanın subyektləri olan ABŞ və Avstraliyanın bəzi ştatları Dağlıq Qarabağın müstəqilliyini artıq tanıyıblar. Buna görə də gələcəkdə həmin ştatların bəzi qubernatorlarının Dağlıq Qarabağa statusun verilməsi, onun Bakı ilə İrəvan münasibətləri çərçivəsindən kənara çıxarılması və Dağlıq Qarabağın yeni statusda ABŞ-ın regionda etibarlı forpostu keyfiyyətində çıxış edəcəyi barədə bəyanatlarını eşitsəm, təəccüblənmərəm. Sözsüz ki, Linn Treysi Rusiya, Türkiyə və Azərbaycan qoşunları əvəzinə gələcəkdə Dağlıq Qarabağ ərazisində ABŞ və NATO qoşunlarının yerləşdirilməsini istəyərdi»,- Anton Bredixin fikrini tamamlayıb.

Sahil İsgəndərov
Seymur Məmmədov

Azvision.az

Teqlər: Qarabağ   ABŞ  







Xəbər lenti