Cənnət diyarda cəhənnəm yaşayanlar - Kəlbəcər müsibəti

  16 Sentyabr 2021    Oxunub :2407
   Cənnət diyarda cəhənnəm yaşayanlar -    Kəlbəcər müsibəti
1993-cü ildə ermənilər Kəlbəcər rayonunu işğal edərkən 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 sakini evini vaxtında tərk edə bilməmişdi. Aprelin 2-də kənd camaatının bir qrupu mühasirədən çıxmağa çalışsa da, buna nail ola bilməyib. Bu zaman sakinlərdən 9 nəfəri yolda qətlə yetirilib, 5 nəfəri girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Onlardan 48-i Başlıbel, 1 nəfəri Taxtabaşı kəndi, 4 nəfəri Laçın rayonu sakini olub, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçu imiş.
Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin yerini aşkarlayıblar. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalara sığınmış insanların üzərinə amansız hücum zamanı 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra - iyulun 17-də qaldıqları kahanı tərk edərək, yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Mühasirədən sağ qurtulan 30 nəfərdən biri də Mahir Cəfərovdur. O, 1970-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Kəlbəcərin Ağdaban kəndində 1992-ci ildən 1993-cü ilin mart ayının 27-nə kimi gedən döyüşlərdə iştirak edib. Ermənilərin postları ələ keçirdikdən və könüllü batalyon dağıldıqdan sonra doğma kəndi Başlıbelə qayıdıb.


Mahir Cəfərov 28 ildən sonra 1993-cü ilin aprelin 18-də atışmanın baş verdiyi kahada

- Piyada kəndə gedib, ailəmə kənddən çıxmalı olduğumuzu dedim. Ancaq aprelin 1-nə kimi heç kim çıxmadı. Ayın 1-də ermənilər yolları bağladı, tunel tutuldu. Camaatla bərabər dağ yoluyla qalxdıq. Ağdabandan kəndə piyada gəldiyim üçün ayaqlarım yara idi, yeriyə bilmirdim. Dedim, mən qayıdıb, Laçından gələn orduya qoşulacağam. Hara getsələr, onlarla birlikdə hərəkət edəcəyəm. Ancaq gəlib gördüm ki, sürücü Əlinin maşını artıq kənddən çıxıb. Başlıbelin mərkəzində yerləşən məscidin arxasında oturdum və “mənimki bura qədərdir” dedim. Çünki artıq yeriməyə taqətim yox idi, ayaqlarım getmirdi. Bir xeyli oturandan sonra əmiuşaqları olan kəndçilərimiz İsmət və Elşad Əzizovları gördüm. Onlarla bərabər kəndi hərlənib, hələ də evlərini tərk edə bilməyən ailələr olduğunu öyrəndik. Başlıbeldə təxminən 60-65 nəfər adam qalmışdı. Aprelin biri gecəsi ATS-in binasından rayon icra hakimiyyətinə zəng etdik və kənddə adamlar qaldığını dedik. Bizi aparmaq üçün helikopter göndərəcəklərini bildirdilər. Ümidlə gözlədik, amma kömək gəlmədi. Ayın 2-si axşamı yenə zəng etdik, bu dəfə ümumiyyətlə, telefonlara cavab verən olmadı. Radioda axşam saat 9:00 xəbərlərində ordumuzun Murovun ətəklərinə çəkildiyini və Kəlbəcərin işğal olunduğunu öyrəndik. Həmin gün gecəni yatmadıq, insanları topladıq və səhər tezdən kəndin yuxarı hissəsindəki kahaya apardıq. Bilirdik ki, ermənilər kəndə girəcək. Elə də oldu, ayın 3-ü günü ermənilər gəldilər və kəndin aşağısından Başlıbeli atəşə tutdular. Daha sonra kənddəki evləri gəzib mal-qaranı, qiymətli əşyaları, xüsusən də xalçaları maşınlara doldurub getdilər. Mənə elə gəlir ki, qarətçilər İran maşınlarında gəlmişdilər, - Mahir bəy həmin günləri ürək yanğısı ilə yada salır.


Bura atışmanın baş verdiyi kahanın giriş hissəsidir

Beləliklə, aprelin 3-ü kəndin sonuncu sakinləri Şırlan və Qayabaşı kahalarına çəkilirlər. Aprelin 18-nə kimi orada qalırlar. Bu müddət ərzində kişilər gecələr aşağı düşüb kənddən mağaraya un, qənd, çay daşıyırlar. Qadınlar isə gecələr kahanın işıq düşməyən yerlərində çörək bişirirlər. Ancaq çox keçmir ki, ermənilər həmyerlilərimizin izinə düşür, onların gizləndiyi mağaranı aşkar edirlər.

- Atəş açıb bir neçə kəndçimizi yaraladılar. Çox keçmədi ki, ermənilərə BMP və “ZİL” maşınla kömək gəldi. Taxtalar deyilən yerdə görüşdülər və hava qaralanda kahanı mühasirəyə aldılar. Mən yanımdakı digər 5 nəfərlə birlikdə gecə qayalıqların arası ilə kahadan uzaqlaşa bildim. Yanımdakı yaralı yoldaşıma kömək edə-edə Qaraqaya deyilən yerə getdik. Ancaq hava hədsiz soyuq idi, açıq havada dayanmaq mümkün deyildi, donub ölə bilərdik. Başlıbel ilə Qaraçanlı kəndi arasında bir dağ var. Həmin dağ yolu ilə gedib bir vaqon köşkünə girdik. O köşkü əvvəllər mağaza kimi işlədirdilər. Gecəni orada keçirdik. Səhər saat 8-də köşkə Laçından olan Lalə adlı qız gəldi. Onun atası Əhliman kişini ermənilər kahada öldürmüşdülər. Lalə bizi qarın üstündəki ayaq izi ilə tapmışdı. O, ermənilərlə atışma olan zaman qaça bilmişdi. Beləliklə, digər sağ qalanlar da həmin köşkə topalaşdılar. Sayımız 18-ə çatdı.



Qaraçanlıda da kəndi tərk edə bilməyən azərbaycanlılar var idi. Həmin kəndi yaxşı tanıdığıma görə, Cəllət müəllimlə birgə ora getdik. Bizimkilər kəndin girişində post qurmuşdular. Qayalıqdan “dayan” əmri verdilər. Azərbaycanlı olduğuma inanmadılar. Silahımı yerə qoyub onlara tərəf getdim.Tanışlıqdan sonra həmin kəndlilərin gizləndiyi evə yollandıq. Orada köşkə toplaşdığımızı və aramızda yaralıların olduğunu bildirdik. Ondan sonra köşkdəkiləri də ora gətirdik və yaralarını sarıdıq. Gecə tövlədə sac qoyub, çörək bişirdik.

Mahir müəllim və digər 3 həmkəndlisi aprelin 20-si atışmanın baş verdiyi Qayabaşı kahasına qayıdırlar. Onlar mağaradakılardan kimlərin öldürüldüyünü, kimlərin isə girov götürüldüyünü bilmək istəyirdilər. Eyni zamanda kahadan qaçarkən yaddan çıxıb qalmış radionu da tapmalı idilər. Həmin radio vasitəsi ilə vəziyyətin nə yerdə olduğunu öyərənəcəkdilər.

- Meyitlərə baxa-baxa gəldik. Rəhmətlik Gülgəz nənənin, Surxayın, onun bacısı Günayın meyiti çöldə idi. İçəridə isə Məhəmməd dayı ilə oğlu Çingizin meyitini gördük. Sonra o biri kahaya getdik. Orada da Əhliman kişinin və hərbçi Vüqarın meyitinə rast gəldik. Onun bədənində salamat yer qoymamışdılar. Çiçək xala ilə Yaqub əmi isə yamaclıqda ölmüşdülər. Yuxarıdakı kahaya çıxdıq. Orada Büsat Əhmədovanın və onun sinəsinə başını qoymuş qızı 12 yaşlı Zövqiyyənin meyiti var idi. Qəfildən meyitlərin arasında kiminsə tərpəndiyini gördüm. Erməni olar deyə qorxub geri çəkildim. Ancaq tərpənən adamın Gülarə arvad olduğunu görüb tez ona yaxınlaşdım. O, kəndimizin yaşlı sakinlərindən idi. Qadın məni görüb vahiməli səs çıxardı. Dedim, qorxma, Mahirəm.

Bildirdi ki, onu da girov götürüblərmiş, boynunun arxasından tüfəngin qundağı ilə vurublar və Gülara çaya yıxılıb. Sonra öldüyünü düşünüb, əl çəkiblər. Sonra qadın sürünə-sürünə yuxarı qalxıb və meyitlərin arasında gizlənib. Ona içməyə su verdim, ancaq uda bilmədi. Ayağa durub yeriyəcək halda deyildi. Onu özümüzlə aparmaq üçün köməyə ehtiyacımız var idi. Beləliklə, Çiçək xalanı qayalığın altında dəfn etdik, daha sonra radionu götürüb kömək dalınca getdik. Ancaq çox təəssüf ki, biz geri qayıdanda Gülara da ölmüşdü, - Mahir bəy dərindən ah çəkərək, mağaralarda keçən anlardan danışmağın çətinliyini dilə gətirir.


İllər sonra yenidən Başlıbellilərin vaxtı ilə sığındığı mağarada

Aprelin 22-si Kəlbəcərə güclü qar yağır. Belə qarda gizləndikləri evdən çıxmaq başlıbellilər üçün böyük təhlükə yarada bilərdi. Buna görə də onlar bir gün gözləməli olurlar. Ancaq aclıq kənd sakinlərini əldən salmışdı. Sığındıqları yerdən çıxıb ərzaq tapmalı idilər. Buna görə də bir neçə nəfər un və kartof dalınca gedir. Bu isə qar üzərində izlərin yaranmasına və onların qaldığı evin ermənilərə bəlli olmasına səbəb olur.

- Aprelin 24-də ermənilər bizi görüb qaçdılar. Başa düşdük ki, kömək dalınca getdilər. Ona görə də qaldığımız yerdən çıxdıq. İzi azdırmq üçün bir saatlıq yolu bütün günü o dərəyə-bu dərəyə fırlanaraq getdik və gəlib yenə vaqon köşkünə girdik. Oradan ermənilərin bizim Qaraçanlıda gizləndiyimiz evi yandırdığını gördük.

O biri kənddən olan dəstələr də var idi. Biz bölündük. Onlar Soyuqbulaq tərəfə getdilər. Biz isə Başlıbel istiqamətinə qayıtdıq. Çünki yaralılarımız var idi. Onları qoyub gedə bilməzdik. Gəlib Qarqayada gizləndik. Gecə isə gedib, bizim kənddən 7-8 km aralıdakı mal tövlələrinə girdik. İki heyvan kəsdik, onların ətini qaynadıb torbalara yığdıq. Səhərin alaqaranlığında iz düşməsin deyə suyun qırağı ilə gedib, yenə dərənin dibində gizləndik.



Kəndçimiz Sərmayə arvad məndən əri Sönməz Ələkbəri və qızını axtarıb tapmağımı xahiş etdi. Dedi, get Nəbi kahasına bax, qayıt. Kaha ucqar bir yerdədir, çətin relyefdə yerləşir. Müzahim və Ələkbərin oğlu Habillə gedib kahaya baş çəkdik. Oradan ardıc ağacının yandırılmış iyisi gəlirdi. Dedim, onlar kahanın içindədirlər, çünki ardıc yandırıblar. Doğurdan da, Əlkbəri və bir neçə nəfəri orada tapdıq. Ondan sonra Ələkbər gedib dərədə toplaşanları da kahaya gətirdi. Ancaq hava çox soyuq idi. Orada qalsaydıq, dona bilərdik. Kəndə isə girə bilmirdik, hər yerdən atırdılar. Əlacımız kəsildi, atışma olan mağaraya, yəni meyitlər olan yerə getdik. Orada qana bulaşmış yorğanların üzlərini çıxardıb, içlərini Nəbi kahasına aparıb büründük və bir-birimizə qısılıb gizlənə bildik. Bir müddət orada yaşadıq. Hər gün ərzaq dalınca gedirdik. Ermənilər özlərinə lazım olanları aparmışdılar. Aparmadıqlarını gizlədib hissə-hissə yuxarı qaldırırdıq. Hamımıza bit düşmüşdü. Çimmək imkanı yox idi. Kənddən gətirdiyimiz paltarları çirkli bədənə geyinirdik. Qızlar mağarada bir-iki dəfə samovar qaynadıb, başlarını yudular.

Hava isindikcə meyitlər iylənirdi. Buna görə də, mayın 10-dan sonra ölənləri dəfn etməyə başladıq. Ancaq kəndçimiz Pəri nənə ilə Qənaət müəllimin meyitlərini dəfn edə bilmədik. Qənaət müəllimi öldürüb kəndin ortasına uzatmışdılar, mina qorxusuna görə ona yaxınlaşa bimədik. Pəri nənəni isə, mən biləni, evində yandırmışdılar. Onun evinə üfunətə görə girə bilmədik.


28 il keçməsinə baxmayaraq, kahada faciə qurbanlarının izləri qalır

Başlıbel camaatı bu minvalla bir müddət mağarda yaşayır. Günlərin bir günü Mahir Cəfərov və yanındakı bir neçə nəfər ərzaq dalınca kəndə gedərkən dərəyə aşırdılmış avtobusun arxasında 3 nəfər tanımadıqları adam görürlər. Onların erməni olduğunu zənn edib gizlənirlər. Səhəri günü diqqətlə baxanda avtobusun arxasına kağız yapışdırıldığını görürlər.

- Yolun üzərini ağacla çızaraq “İsmayıl” yazmışdılar. Avtobusun arxasına isə kağız yapışdırmışdılar. Kağızda yazılmışdı: ”Ələkbər, Qədim, Hümbət, sizdə döyüş olduğunu və itki verdiyinizi bilirik. Biz meşədəyik. Şahkərəm çayı boyu üzü yuxarı 400 metr ölçərək gəlin”.

Səhəri günü tezdən dağ yolu ilə Şahkərəm kəndinə tərəf yollandıq. O kəndi ermənilər dağıtmışdı, amma orada erməni qalmamışdı, çıxıb getmişdilər. Meşə ilə gedib, çayın kənarına çıxdıq və ölçə-ölçə 400 metr addımladıq. Deyilən yerə çatanda onları çağırdıq. Bizi 6 nəfər qarşıladı. Onlardan 3-ü əsgər, 3-ü isə sivil idi. Həmin günün axamı yenə qayıdıb olduğumuz kahaya gəldik. Əsgərlərdən biri Dəmirçidam istiqamətindən yol olduğunu dedi. Təxminən iyulun 6-da həmin şəxsləri o istiqamətdə yola saldıq. Gedəndə onlara “İsmətdən, Elşaddan, Hümbətdən xahiş olunur ki, təcili Xanlar rayonuna qərargaha gəlsinlər” yazılmış kağız da verdik. Onların burada qaldığı bilinməməli idi.

İyulun 15-i axşam xəbərlərində kağızda yadıqlarımızı bir neçə dəfə dedilər. Sevindik ki, yola saldıqlarımız çatıblar və biz də həmin yolu gedə bilərik. İyulun 17-si mağardan çıxdıq. Üç gün ərzində gecələr hərəkət etməklə erməni postlarını keçdik. Gündüzlər kəşfiyyat aparırdıq, yolları yoxlayırdıq. Ondan sonra İsmət qayıdıb camaatı gətirirdi, mən isə digər yoldaşımla birgə daha da qabağa gedib yolun təmiz olub-olmaması ilə bağlı xəbər verirdik.
Beləliklə, 3 günə Daşkəsənin Alaxançallı kəndinə çatdıq. Yalnız bir nəfər, Ələsgər kişi Barıddı kahasında qaldı. Atışma zamanı yıxıldığı üçün qabırğaları sınmışdı. Onun sonrakı taleyindən xəbərimiz olmadı.



Qeyd edək ki, Baş Prokurorluğun təlimatı və şahidlərin verdiyi məlumatlar əsasında Başlıbel kəndində qətlə yetirilən 12 faciə qurbanının cəsədləri tapılıb. Yaxınlarının iştirakı ilə götürülən nümunələr əsasında kimlikləri müəyyənləşdirilən 12 sivil yenidən Kəlbəcərdə dəfn edilib.

Qətlə yetirilənlərin ad və soyadları :

63 yaşlı Səmədov Yaqub İsa oğlu
54 yaşlı Əhmədova Büsat Əliş qızı
12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı
60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu
29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu
21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu
16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı
67 yaşlı Həsənova Çiçək Mikayıl qızı
68 yaşlı Cəfərova Gülara Cəfər qızı
95 yaşlı Cəfərova Gülgəz Qədim qızı
22 yaşlı Abdullayev Vüqar İsa oğlu
52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu

Ermənilər Kəlbəcərdə 500-dən çox mülki vətəndaşı qətlə yetirib, 54 mindən çox sakin bölgəni tərk etməyə məcbur olub. 300-dən çox kəlbəcərli əsir düşüb.









Şahanə Rəhimli
Azvision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.5 Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər

Teqlər: Başlıbelfaciəsi   Kəlbəcər  







Xəbər lenti