Taksi sürücüləri və sərnişinlər narazı, şirkətlər "kefdədir"- Ekspert

 Taksi sürücüləri və sərnişinlər narazı, şirkətlər "kefdədir"-  Ekspert
  15 Sentyabr 2021    Oxunub:3559
Taksi sürücülərinin qiymət azlığı ilə bağlı şikayətləri hər ötən gün çoxalır. Hətta bu yaxınlarda sosial şəbəkələrdə “Bolt” şirkəti sürücülərinin qiymətə etiraz edərək, tətil etməsi xəbəri də yayıldı. Taksi qiymətlərindən şikayəti yalnız sürücülər etmir. Sərnişinlər də sürücülərin kobud olmasından, onlayn ödənişləri qəbul etməmələrindən, həftəsonları qiymətlərin yüksək olmasından gileylənirlər.
Bakı Nəqliyyat Agentliyi (BNA) ötən il taksi xidməti sahəsində tariflərin qeyri-müəyyənliyi, taksi sürücülərinin gəlirinin aşağı olması, süni rəqabət və digər problemləri əsas gətirərək, vahid tariflər, vahid dispetçer və kvota yaradılmasını təklif etmişdi. O zaman yeni konsepsiyada təklif olunan vahid qiymət məsələsi etirazla qarşılandığı üçün bu iş dayandırıldı. Azvision.az məsələnin aktuallığını nəzər alaraq, tərəflərin və eksperlərin münasibətini öyrənməyə çalışıb.

Bakı Nəqliyyat Agentliyi sürücü və sərnişinlərin qiymətə etirazı ilə bağlı məsələyə yenidən qayıtmaq, bununla bağlı hansısa açıqlama vermək istəmir.


“Bolt”dan isə Azvision.az-a bildirdilər ki, şirkətin əsas məqsədi sürücüləri daha yaxşı və rahat qazancla təmin etməkdir. Onlar gediş haqlarının ortalama bazar qiymətlərinə əsasən tənzimləndiyini deyirlər: “Hər ölkədə və şəhərdə tariflər mövcud bazara əsasən müəyyən edilir. “Bolt”da qiymətlər dinamikdir və tariflər bazardakı tələb-təklifə uyğun olaraq təyin edilib. Bundan əlavə, gedişhaqqı kilometr, dəqiqə və yollardakı vəziyyətdən asılı olaraq dəyişir".

Şirkətdən həmçinin dedilər ki, sosial şəbəkələrdə “Bolt” sürüclərinin qiymətlərə etiraz etməsi ilə bağlı yayılan video həqiqəti əks etdirmir, onu həvəskar bir şəxs çəkib. Axtarış zamanı fərqli internet resurslarında bu faktı inkar edən başqa videolara rast gəlmək olar.


Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Azərbaycanda taksi fəaliyyəti ilə bağlı pərakəndilik hökm sürdüyünü deyir. O bu sahədə qayda-qanun yaradılmasının vaxtı gəldiyini vurğulayır: “Çünki get-gedə tərəflərin narazılığı geniş vüsət alır. Sürücülər taksi şirkətlərinin onları istismar etməsindən və qiymətlərin aşağı olmasından narazıdırlar. Sərnişinlər də deyirlər ki, qiymətlər həftəsonları baha olur, sui-istifadə edilir. Taksi sürücüsünə nağd və ya kartla ödənişdə də fikir ayrılıqları mövcuddur. Müştəri onlayn ödənişin tərəfdarı olsa da, sürücü pulu nağd almaq istəyir. Bunun da öz səbəbləri var. Məsələn, “Bolt” şirkəti onlayn ödənişlərdə sürücüləri incidir. Bu araşdırılıb və məlum olub ki, şirkət onlayn ödənişlərdən yığılan məbləği ən tezi bir ay ərzində sürücüyə verir. Bir ayda da kifayət qədər böyük məbləğ ortaya çıxır. Bu zaman şirkət sürücülərdən yığılan pulları başqa sahəyə yönəldir. Vətəndaşın pulu ilə özünə iş qurur, xaricdən başqa maşınlar gətirir, etiketini də üstünə yapışdırıb, biznesini böyüdür. Ortada uduzan sürücülər olur ”.


Ekspert taksi fəaliyyəti ilə bağlı hüquqi tənzinləmənin olmasının artıq zərurətə çevrildiyini deyib: “BNA-nın təxminən il yarım bundan əvvəl irəli sürdüyü təşəbbüs tam dəstəklənməli idi. Çünki günümüzün aktual mövzusu idi və taksi sürücüləri ilə bağlı problemləri həll edəcəkdi. Qurumun hazırladığı konsepsiyaya əsasən vahid qiymət müəyyənləşdiriləcəkdi və ondan aşağı və yuxarı heç bir məbləğ təklif edilə bilməzdi. Aşağı və yuxarı qiyməti kimin müəyyənləşdirməsinə gəlincə, bu, vətəndaşların seçiminə buraxılacaqdı. Vətəndaşın komfortlu və ya orta səviyyəli avtomobil seçməsinə uyğun qiymət təklif ediləcəkdi. Ödənişlər də vətəndaşların cibinə uyğun hesablanmışdı. Təəssüf ki, BNA-nın irəli sürdüyü təşəbbüsü bəziləri başa düşmədi və hay-küy salmaqla onu rədd etdilər. Bu gün onun əziyyətini sürücülər, sərnişinlər çəkir. Sürücü və sərnişinlər bir-birindən narazılıq edir, amma şirkət öz "kefindədir", işini görür, çünki ona belə rahatdır. Ortada olan problemlər analiz olunmur. Sistem elə qurulmalıdır ki, sürücünün gəlirinin müəyyən hissəsi ona keçsin. Lakin şirkət sürücüdən depozit alır, gəlirinin müəyyən faizini götürür və onlayn ödənişlərin verilməsini gecikdirir. Pulu da öz əlində dövriyyəyə buraxıb, ordan gəlir götürür. Onlayn ödənişlərin artmasını istəyən dövlət qurumları problemi araşdırmır. Maxinazsiya onda ortaya çıxacaq. Məlum olacaq ki, şirkət o kartı elə formada açır ki, pul sürücünün kartına yox, şirkətin hesabına oturur. Şirkət razılıq vermədən sürücü pulu əldə edə bilmir. Bu məsələ araşdırılmalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Taksi  





Xəbər lenti