Dövlət Agentliyi hava ilə bağlı xəbərdarlıq etdi

   Dövlət Agentliyi hava ilə bağlı xəbərdarlıq etdi
  03 May 2021    Oxunub:2424
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən mayın 5-i səhər saatlarından Orta Xəzərdə şimal-qərb küləyi 18-23 m/s, arabir 25-28 m/s, gündüz açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Dənizdə dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.

Havanın dəyişməsi ilə bağlı gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılacaq. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürüləcək və müvafiq təlimatlar veriləcək. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin ediləcək.

Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə ediləcək. Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görüləcək.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti