Klinika direktoruna cinayət işi açıldı

   Klinika direktoruna cinayət işi açıldı
  30 Aprel 2021    Oxunub:2697
Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 150 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin müraciəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, qeyd edilən ünvanda yerləşən “Hüseyn Dent” stomotoloji klinikasının direktoru Hüseyn Abdullayev tərəfindən klinikanın həyətində olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 3 min manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Yasamal rayon polis idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Klinika   Direktor   Cinayət-işi  





Xəbər lenti