Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
  25 Aprel 2021    Oxunub:3530
Bu gün Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür.
AzVision.az xəbər verir ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.

Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Birinci Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.



Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. Onun şücaətindən qorxuya düşən ermənilər başına pul mükafatı qoymuşdular.



A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

2019-cu ildə Milli Qəhrəman Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda heykəli ucaldılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: AlbertAqarunov  





Xəbər lenti