Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edildi

   Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edildi
  23 Aprel 2021    Oxunub:4428
Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi sözü sosial sığorta nömrəsi ilə əvəz edilir.

Qanuna dəyişiklikdə qeyd olunur ki, Azərbaycan Respublikasında sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Bu sahədə islahatların davamı olaraq fərdi uçot sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi və sadələşdirilməsi, eləcə də müasir dövrdə öz aktuallığını itirmiş müddəaların qanunvericilikdən çıxarılması zərurəti yaranmışdır. Belə ki, qanunvericilikdə mövcud olan bəzi istisnaların mövcudluğu, fərdi uçot sistemindəki proseslərin bütövlükdə elektronlaşmasına mane olur.

Bu baxımdan, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun bəzi maddələrinə dəyişiklik edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrində də dəyişikliklərin edilməsi zərurətini yaradır. Qeyd olunanlara əsasən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişiklik fərdi uçot sistemindəki müvafiq məlumatların çevik əldə edilməsini və əlavə xərclərin azaldılmasını nəzərdə tutur.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Sosial   Sığorta   Şəhadətnamə  





Xəbər lenti