Övladlığa uşaq götürülməsi proseduru asanlaşdırıldı

   Övladlığa uşaq götürülməsi proseduru asanlaşdırıldı
  09 Aprel 2021    Oxunub:2067
Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Azvision.az


Teqlər: Uşaq   Övladlığa-götürmə  





Xəbər lenti