İranla sərhəddə əməliyyat: 55 kq narkotik ələ keçirildi

   İranla sərhəddə əməliyyat:    55 kq narkotik ələ keçirildi
  08 Aprel 2021    Oxunub:1909
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Azvision.az -a bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 54 kiloqram 662 qram narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

“Sərhəd pozucularına qarşı odlu silah son zərurət vasitəsidir” - VİDEO
Məlumata görə, aprel ayının 7-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu qara rəngli "Hyundai İX-35" markalı 10-VS-789 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Əkin sahəsinə yaxınlaşaraq oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb. Neftçala rayon sakini, 1989-cu il təvəllüdlü Dadaşov İxtiyar Loğman oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə (4 774 qram tiryək, 1 018 qram heroin və 1 020 qram marixuana) bənzər maddələr aşkar olunaraq götürülüb.

Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mahmudov Həsən Fərasət oğlu və Sabirabad rayon sakini, 1982-ci il təvəllüdlü Abbasova Sevda Eyvaz qızı olmaları müəyyən edilib, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxmini çəkisi 47 kiloqram 850 qram narkotik vasitəyə (37 600 qram heroin, 5 000 qram metamfetamin, 4 500 qram marixuana, 750 qram tiryək) bənzər maddələr və 2 726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DSX   Narkotik  





Xəbər lenti