Əsgərlərini qorumaq üçün özünü şəhid etdi - FOTO

 Əsgərlərini qorumaq üçün özünü şəhid etdi -  FOTO
  02 Aprel 2021    Oxunub:2863
“Oğlanlarımı əmiləri Lələtəpəyə apardı ki, atalarının uğrunda canından keçdiyi yeri görsünlər”.

Bunu Azvision.az -a Aprel şəhidi, mayor Elnur Əliyevin həyat yoldaşı Nuranə Məmmədova deyib. Şəhid xanımı Aprel döyüşlərini Zəfərin qığılcımı adlandırıb.
“Aprel döyüşləri illər sonra çalınan zəfərimizin birinci addımı idi. Yoldaşım Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olan ilk zabitdir. O, hərbçi yoldaşlarını, əsgərlərini düşmənin qumbarasından qorumaq üçün özünü onun üzərinə atmışdı. Elnur tək torpaqlarımızı azad etməyib, həm də əsgərlərinin həyatını xilas edib.

İki oğul övladım var. Uşaqlarımı əmiləri Lələtpəyə aparıb, atalarının canından keçdiyi yerlə tanış ediblər. İstəyirdik onlar fəxr, qürur hissi duysunlar ki, bu yer onların atalarının sayəsində işğaldan azad olunub. Oradan fəxr hissi ilə qayıtdılar. Dedilər, atam alan yeri biz gördük. Övladlarım üçün çətin və ağırdır. Ancaq ürəklərində ataları ilə fəxr edirlər.

Bu gün Aprel şəhidlərinin il dönümünü qeyd edirik. Elnuru Füzuli rayonunda Mahmudlu qəbiristanlığında dəfn etmişik.

Qəlbimizin yanğısı indi sərinləşir. Ən azından əminik ki, Elnurgilin ruhu şad oldu. Bizim də onların yanında başımız ucadır. Bütün dövlətlərin qarşısında qalib bir ölkənin vətəndaşı kimi özümüzü təqdim edə bilərik. Elnurun məcburi köçkün düşdüyü Dədəli kəndi azaddır. Bu, onun ən böyük arzusu idi”, - deyə şəhid xanımı söyləyib.

Qeyd edək ki, Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. O, 2016-cı ilin Aprel döyüşlərində əsgərlərini qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid olub.

Şəhid mayor göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib. İki oğul övladı yadigar qalıb.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: ElnurƏliyev   şəhid  





Xəbər lenti