“Peyvəndin bu qədər təsirli olacağını düşünməmişdim” - Uğur Şahin

  27 Fevral 2021    Oxunub : 1949
 “Peyvəndin bu qədər təsirli olacağını düşünməmişdim” -  Uğur Şahin
COVID-19 əleyhinə "BioNTech"-"Pfizer" peyvəndinin yaradıcısı Uğur Şahin vaksinasiya ilə əlaqədar mayın sonu, iyunun əvvəllərində koronavirusa yeni yoluxma hallarının sayında azalmaların müşahidə ediləcəyini deyib.
Azvision.az -ın məlumatına görə, türk əsilli alim Almaniya mətbuatına müsahibəsində bildirib ki, həmin vaxta qədər insanların peyvənd olunması vacibdir, xüsusilə yaşlıların vaksinasiyası sürətləndirilməlidir.

“Bu, koronavirusun nəzarət altına alınması, virusun artıq yox olması, tamamilə bitəcəyi mənasına gəlməməlidir. Sadəcə normal həyata dönəcəyimiz anlamına gəlir. Virusun mutasiyaları xəstələnənlərin və ölənlərin sayında artıma səbəb olur. Buna görə çox narahatam. Lakin İsraildə əldə edilən nəticələr peyvəndlərin mutasiyalara qarşı təsirli olduğunu sübut edir. Tunelin sonunda işığı görürük. Vaksinasiya nəticəsində virusun yoluxduruculuğu ləngiyir. Mən peyvəndin bu qədər təsirli olacağını düşünməmişdim”.

U.Şahin koronavirusun yeni mutasiyaları səbəbindən iki doz peyvənd olunan şəxslərin gələn il üçüncü peyvəndə ehtiyac duya biləcəklərini qeyd edib.

“Cəmiyyətdə davamlı immunitetin yaranması üçün virusla mübarizə aparmaq vacibdir. Böyük ehtimalla qarşımıza çıxa biləcək yeni mutasiyalar səbəbilə iki ildə bir dəfə peyvənd oluna bilərik. Qrip virusundakı vəziyyət COVID-19 üçün də keçərli olacaq. Bu, artıq bizim üçün normal rejim olacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Peyvənd