CİA-nın keçmiş rəhbəri: “Kennedinin qətlini Xruşov təşkil edib”
Müəlliflərdən biri 1993-95-ci illərdə CİA-ya rəhbərlik etmiş səfir Ceyms Vulsi (R. James Woolsey), digəri Rumıniya kəşfiyyatının keçmiş rəhbəri, general-leytenant İon Mixay Pasepadır. Qeyd edək ki, Pasepa kitab çapdan çıxmazdan bir az əvvəl COVİD-dən dünyasını dəyişib.
AzVision.az “New-York Post”a istinadla xəbər verir ki, müəlliflər gəldiklərə nəticə üçün lazım olan bütün faktların qətl hadisəsini araşdıran Uorren Komissiyasının 26 cildlik hesabatında olduğunu yazırlar, sadəcə, onların sözlərinə görə, hesabat o qədər “şifrələnib” ki, oxuyanlar başa düşməsinlər.
CİA-nın keçmiş şefi iddia edir ki, dəniz piyadası Li Harvi Osvald 1957-ci ildə Yaponiyada xidmət edərkən KQB onu əməkdaşlığa cəlb edib. Özü SSRİ-də qalmaq istəsə də, Xruşov şəxsən Osvaldı ABŞ-a qayıdaraq, Kennedini öldürməyə razı sala bilib. O, SSRİ-də evləndirilərək, ABŞ-a yola salınıb.
Li Harvi Osvald arvadı və qızı ilə birlikdə Minskdə
Lakin sonra KQB-nin rəhbərləri anlayıblar ki, Kennediyə şəxsi nifrəti olan Xruşovun qaynar başla verdiyi bu ağılsız qərar münasibətləri nüvə müharibəsinə qədər gərginləşdirə bilər. Ona görə də, Osvaldı dayandırmağa çalışıblar. Onun 1963-cü ilin noyabrın 9-da (Kennedinin qətlindən iki həftə öncə) Mexiko-sitidə KQB agenti, özünün kuratoru olduğu hesab edilən “yoldaş Kostin” ilə görüşünün baş tutduğu sənədlərdə əksini tapıb. “Yoldaş Kostin” KQB-nin 9-cu idarəsinin əməkdaşı idi.
Xruşov və Kennedi
Bundan başqa, 1963-cü ilin 1 iyulunda Osvaldın SSRİ-nin ABŞ-dakı səfirliyinə yazdığı məktubdan bəlli olur ki, o, özü, arvadı və qızları üçün ayrı-ayrılıqda vizalar xahiş edib. Müəlliflərin qənaətinə görə, o, missiyanı tamamlayandan sonra yenidən SSRİ-də ailəsinə qovuşmağa ümid edirmiş.
Li Harvi Osvald
Qeyd edək ki, müəlliflər birbaşa sübutlar təqdim etməyərək, əsasın arxiv sənədlərinə və faktlara əsaslanırlar. Hərçənd, kitabda təqdim olunan versiya kifayət qədər inandırıcı şəkildə əsaslandırılır. Amma bu kitabın məhz indi – Qərbin Rusiyaya qarşı yeni “soyuq müharibə”yə başladığı dövrdə çapdan çıxmasının özü də maraqlı və nəticə çıxarılmalı faktdır.
Tənqidçilər isə Li Harvi Osvaldın prezidentin gerçək qatili olmadığını iddia edən versiyaları yada salırlar. Həmin versiyanın tərəfdarları göstərirlər ki, Osvaldın atəş açdığı nöqtə Kennedinin kortejinin axa tərəfində yerləşib, halbuki, həvəskar videçəkilişdə onun başının güllə dəyərkən geriyə əyildiyi görünür.
İkincisi, Kennediyə 5 saniyə ərzində 3 güllə atılıb, fəqət, Osvaldın tüfəngi avtomatik deyildi və belə tezliklə atəş aça bilməzdi. Kennedinin başına dəyən güllənin özü sirli şəkildə “yoxa çıxdığından”, Osvaldın tüfəngi ilə tutuşdurmaq olmayıb.
Li Harvi Osvald
Daha sonra isə bu qətllə əlaqəli qətllər silsiləsi başlayıb. Osvaldı 2 gün sonra Cek Rubi öldürüb. Cek Rubinin özü də tezlikə sirli şəkildə həyatını itirib. Ümumilikdə Kennedinin qətlilə bu və ya digər şəkildə əlaqəli olan 50 nəfər qısa vaxtda ölüb və ya öldürülüb. Ona görə, XX əsrin ən sirli qətlilə bağlı bugünə qədər də qəti bir fikir yoxdur.
Tariyel Həsənov
Azvision.az
Teqlər: Kennedi